|
|
|
|

Gəncənin ziyalılarının təşəbbüsü ilə şəhərin Bala Bağman məhəlləsində "Nizaminin evi" kimi tanınan tikilinin ətrafında geniş ictimai iməcilik keçirilməsi haqda ötən yazılarımızda məlumat vermişdik.
Bu qəbildən olan xoşniyyətli təşəbbüslərin davamı kimi şəhərdə "Gənc maarifçilər" kimi tanınan fəallar da yaxın ərazilərdəki əlamətdar yerlərin ətrafında səliqə-sahman yaratmaq işlərinə öz töhfələrini vermək qərarına gəliblər. Onlar həmçinin, öz yurdsevərlik niyyətlərini bu kimi xeyirxah işləri də nəzərdə tutan, milli dəyərlərimizin təbliği və təşviqini Gəncə Maarif Evinin xətti ilə həyata keçirməyə başladıqları layihənin adında da qeyd ediblər - "Vətən yaxşı!" Maarifçi gənclərin bu layihə çərçivəsindəki ilk iməciliyi tarixi və təbii təlatümlər səbəblərindən yerini nə az, nə çox, düz dörd dəfə dəyişmiş olan Gəncənin qədim ərazisində yerləşən "Comərd Qəssab türbəsi" ətrafında həyata keçiriblər.
Bilindiyi kimi, qədim Gəncə on yeddinci əsrin əvvələrinədək şəhərin indiki məkanından Gəncəçayın axarı boyu qərb istiqamətindəki bir neçə kilometrlik məsafəyə düşən ərazilərdə yerləşib. Bu yerlərdə əski Gəncə qalasının, digər müxtəlif tikililərin izlərinə rast gəlmək mümkündür. Qoca tarixin burdakı yadigarlarından biri də "Comərd Qəssab türbəsi"dir. Düzənlik yerdə öz tənhalığı ilə diqqəti çəkən bu türbə 7-ci əsrdə yaşamış, Comərd Qəssab adı ilə tanınan gerçək tarixi şəxsiyyətin məzarı üstündə tikilib.
Bəhs etdiyimiz yerlər hazırda Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisi olmasına baxmayaraq, xüsusən qədim "Bayır qala" qalıqlarının ətrafı neçə onilliklər ərzində istər şəhərdə hansısa inşaat işləri aparan qurumlar, istər də yaxınlıqda yaşayan adi vətəndaşlar tərəfindən tikinti və məişət tullantıları ilə zibillənib. Yalnız ötən il bu tarixi ərazilərin qorunması məsələsinə diqqət artırıldıqdan sonra bu işə son qoyulub. Lakin ərazinin böyük hissəsi heç də ürəkaçan durumda deyil. Elə iməciliyin də məqsədlərindən biri bu yerlərə ictimai diqqəti artırmaqdır.
"Bizim "Vətən yaxşı!" süarımızın qalibiyyətli Vətən müharibəsinin ən əziz, kövrək və qürurlu çağırışlarından birindən əxz edildiyi hamıya məlumdur. Fikrimizcə, cəbhədə döyüşən, canını və sağlamlığını əsirgəməyən Vətən övladlarının bu çağırışları hamını, bir nəfər kimi, yurdumuzun hər bir guşəsinin millətimizin şərəfli adına yaraşan bir şəkildə gözəl olması üçün əlindən gələni əsirgəməməyə səsləyir. Sevindiricidir ki, yeniyetmə və gənclərimiz bu yöndə öz təşəbbüslərini irəli sürür və gerçəkləşdirirlər", - deyə Gəncə Maarif Evinin nümayəndəsi İmamverdi Vəliyev qeyd edir.
Həqiqətən də bu gün bu ərazidə təmizlik işləri aparan, həmçinin, çinar ağacları əkən gənc oğlan və qızların özlərinin bu kiçik əməyi ilə böyük işlərin başlanğıcının təməlini qoyduqlarına inandıqlarının şahidi olmaq mümkün idi.
"İnanırıq ki, əkdiyimiz bu ağaclar böyüyüb gələcəkdə yaşıl və abad bir guşənin ilk çinarları kimi tanınacaq. Doğrudan da, hansısa bir işin başlanğıcında iştirak etmək insana şərəf verir", - deyə gənc fəal Nüşafərim Hacıyeva ümidlərini bölüşür.
Onu da deyək ki, vaxtilə qədim Gəncənin ərazisini, yəni "Şəhristan"ı dövrələyən tarixi "Böyük bayır qala"nın şərq divarları yaxınlığında qərar tutan "Comərd Qəssab türbəsi"nin qəribə tarixçəsi var . Comərd Qəssab dastan və rəvayətlərimizdə bir xalq qəhrəmanı rolu alıb. Əsl adının Əliyar olduğu bildirilən bu qəhrəmanın Gəncəni monqol istilaçılarından müdafiə edən xalq birliklərinə başçılıq etdiyi də söylənilir. Gəncəbasarda xalqın dilində dolaşan digər bir rəvayətə görə isə qəssab Əliyar o qədər düzgün adam imiş ki, satdığı əti çəkmək üçün tərəziyə ehtiyacı olmazmış.
Amma Comərd Qəssab haqda rəvayətlərin çoxu İslamın buralarda yayılması məsələsilə bağlıdır. Belə ki, onun Həzrət Əli, yəni 600-661-ci illərdə yaşamış 4-cü xəlifə Əli ibn Əbu Talib ilə görüşdüyü, ondan İslamı öyrənərək, qəbul etdiyi və bu ərazilərdə müsəlman olan və bu dini yayan ilk şəxs olduğu haqda söylənilənlər də çox maraqlı məqamlardandır.
Bu haqda mülahizələrini bizimlə bölüşən tarixçi, Gəncə Dövlət Universitetinin müəllimi Yəhya Süleymanov qeyd edir ki, Comərd Qəssabın türbəsini şəhərin qədim ərazisində 1940-cı ildə arxeoloji tədqiqatlar aparan məşhur alimimiz İsaq Cəfərzadə aşkarlayıb. Məzarın üstündə bişmiş kərpic və gəc ilə tikilən türbə 12-ci əsrə aid edilib.
"Qəribədir ki, 7-ci əsrdə yaşamış bu şəxsin ölümündən 300-500 il sonra, xüsusən Nizami Gəncəvinin dövründə buralarda geniş yayılan "Əxilik" - yəni "qardaşlıq" müsəlman sənətkar təşkilatlarının üzvləri Comərd Qəssabı özlərinə bir ustad hesab ediblər və onun qəbrinə böyük ehtiram göstəriblər. Elə onun məzarı üstündəki türbəni də 12-ci əsrdə əxilər ucaldıblar", - deyə Y.Süleymanov bildirir.
Qədim Comərd Qəssab türbəsi Sovet dövründə, 1960-cı illərin sonlarında burada aparılan sənaye kommunikasiya xətlərinin tikintisi səbəbilə tamamilə uçurulmuşdu. Onun köhnə fotolarda qalan görüntüləri əsasında, 1990-cı illərin axırlarında Gəncənin mərkəzi meydanında Comərd Qəssab türbəsinin oxşarı tikilmişdi.
Türbənin öz tarixi yerində bərpasının zəruri olduğu haqda alimlərimizin təklifləri nəzərə alınaraq, o, 2004-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə öz yerində bərpa edilib və dövlət tərəfindən qorunan abidələr sırasına salınıb.
Zakir MURADOV
Gəncə



