|
|
|
|
525.az Cavad Zeynalın Xalq şairi Musa Yaqubun əziz xatirəsinə yazdığı "Necə gəlim" şeirini təqdim edir:
NECƏ GƏLİM
Musa Yaqubun əziz xatirəsinə
Bu nə xəbər, qara atda gəlibdi,
Qanadlanıb yel qanadda gəlibdi.
Qara geymiş qara adda gəlibdi,
O dağlara necə gəlim indi mən?
Niyal dağı qaya-qaya çıxardıq,
Baba dağı köksümüzə sıxardıq.
Gizi dağdan aranlara baxardıq,
O dağlara necə gəlim indi mən?
Duman gəlib şiş qayalar çənləşib,
Susan dağlar sənə dönüb, sənləşib.
Dolan bulud mənə dönüb, mənləşib,
O dağlara necə gəlim indi mən?
Yerlər höyük, göylər qara bağlayır,
Doluxsunub, bulud-bulud ağlayır.
Göz yaşlarım "Bul-bul" olub çağlayır,
O dağlara necə gəlim indi mən?
Göy çəmənlər çiçək-çiçək allanır,
Açan çiçək qara-qara xallanır.
Dünya qopub ürəyimdən sallanır,
O dağlara necə gəlim indi mən?
Mən gedəndə dağlar duman, çən idi,
Ağ zirvələr buludlara tən idi.
Gözlərimdə dağlar elə sən idi,
O dağlara necə gəlim indi mən?
Buludları dağlar yenə tas tutur,
Ağ yağışda ağ dəmirlər pas tutur,
Səni verib dağlar sənə yas tutur.
O dağlara necə gəlim indi mən?
O dağlara necə gəlim indi mən?
08.05.2021