Gəlin halallaşaq
Yazar yaşıdlarıma
Gəlin halallaşaq bir-birimizlə,
Dünyanın işini bilmək olmur ki.
Hesab var, kitab var hər birimizlə,
Quş da yuvasından uçur, qalmır ki.
Gəlmişik getməyə, niyəsi yoxdu,
O yaşda, bu yaşda, bunu kim bilir?
Gələn ki, gəlir ha, yiyəsi yoxdu,
O gözdə, bu qaşda, bunu kim bilir?
Ayağı daş qırır daşda gəzərin,
Vaqiflər, Zakirlər nəsilləriyik.
Bir millət adlanan böyük əsərin
Hərəmiz ayrıca fəsilləriyik.
Mən sizə gəlməyim, sən bizə gəlmə,
Bu, özü-özündən qayıb deyilmi?
Bir ömür uzadır bəzən bir kəlmə,
Xəbərsiz ölümlər ayıb deyilmi?
Dünyada söz qalır – mənim, sənindi,
Ürəkdə özgə hiss nə bəsləyək ki?
Nizami, Füzuli oxunmur indi,
Cibini güdəndən nə gözləyək ki?
Fikir yolçusuyuq, daşıyasıyıq,
Qanadlı sözlərdən söz alır ümid.
Onsuz da bir nəsil yaşayasıyıq,
Bir nəsil keçdimi – sozalır ümid.
Quş da yuvasından uçur, qalmır ki,
Sorğular olacaq hər birimizlə.
Dünyanın işini bilmək olmur ki,
Gəlin halallaşaq bir-birimizlə.
Uzaqdan boylandım dağlarımıza
Uzaqdan boylandım dağlarımıza,
Ürəyim uçundu, səsim titrədi.
Göz yaşım gözümdə döndü ulduza,
Özüm yalan oldum, hissim titrədi.
Hər biri kimsəsiz qocalar kimi...
Elə bil bir azca yapıxmışdılar.
Qayalar dumanda bacalar kimi...
Elə bil bir göz də qıpıxmışdılar.
Tamam dəyişmişdi görü-görkəmi,
Solmuşdu mən görən al yamacları.
Həsrətdən göynəyən dodağım kimi,
Duman yalayırdı yal-yamacları.
Çör-çöpə dönmüşdü döşdə gülləri,
Sarala qalanlar sozalırdılar.
Əsən küləkləri, ötən yelləri
Qayalar saxlayıb söz alırdılar.
Nisgildi, göynəkdi bu seyrə dalmaq,
Gör məni qoynuna çağırdı necə.
Əsir dağlarına boylanıb qalmaq
Dağların özütək ağırdı necə.
Şimşəyə dönmüşəm, yerdə çaxıram,
Halımı anlayan aşina gəlsin.
Mən ki dağlarıma belə baxıram –
Görüm düşmənimin başına gəlsin.
Elə oxşayıram...
Elə oxşayıram millətimə mən,
Elə bil burnundan düşüb gəlmişəm.
Heyranam səbrimə, taqətimə mən –
Yüz ildi, min ildi bişib gəlmişəm.
Dözümü dözümüm, sözü sözümdü,
Birdir diləyimiz, birdir qəlbimiz.
Tükü tükdən seçən gözü gözümdü,
Örtülü sandıqdı, sirdi qəlbimiz.
Minnət götürmürəm, söz götürmürəm,
Vaxt olur küsürəm, dalğınlaşıram.
Gül kimi zərifəm, göz götürmürəm,
Bir köntöy kəlmədən çılğınlaşıram.
Üzlərə deyirəm kəskin sözümü,
Yanana su verib içirməyim var.
Elə unuduram bəzən özümü,
Qonağı yuxarı keçirməyim var.
Ürəyim süfrədi – açıq və təmiz,
Bozaran sifətim tərs olmayır heç.
Başıma gələni unuduram tez,
Başıma gələnlər dərs olmayır heç.
Təpədən dırnağa təpərəm, heyəm,
Kim dözər çəkdiyim bir zillətimə?
Ürəyi ovcunda ana kimiyəm,
Elə oxşayıram öz millətimə...
Çətin gələrəm
Lahıclı dostum Valehə
Daha bu dağlara çətin gələrəm,
Bu həsrət içimdən üşüdər məni.
Axşamlar atımı yəhərləyərəm,
Səhərlər qocalıq düşürdər məni.
Uzaqlıq birləşər qocalığımla,
Nə oğul qımzanar, nə mən dinərəm.
Qəlbimdə min həsrət, gözümdə damla,
Dönərəm şimşəyə, çaxıb sönərəm.
Həvəsim obaşdan durquzar məni,
Həyətdə-bacada gəzərəm elə.
Yollarda qalmağım qorxuzar məni,
Hirsimdən otları əzərəm elə.
Mürgülü ayağım sözümə baxmaz,
Açılan səhərim gün olar gedər.
Soyuyan qəzəbim çaxmaz ki, çaxmaz,
Gün doğan üfüqüm qaralar gedər.
Bürüyər ahımtək çən bu dağları,
Dumanı ruhuma bəlgə bilmərəm.
Qoy yığım gözümə mən bu dağları,
Aparım özümlə, birdən... gəlmərəm.
Gətirin
Dağlara gəlmişəm, qonağam yenə,
Elə sınıxmışam – sınığam yenə.
Dərman çiçəklərə sığınnam yenə,
Dərmanım hansıdı, baxın gətirin.
Zirvələr buludla sarğılanırlar,
Şeh düşür, çiçəklər sırğalanırlar.
Yel vurur, nazlanıb yırğalanırlar,
O nazlı güllərdən yığın gətirin.
Çağırın aşığı çalsın-çağırsın,
Dağlara səs-səda salsın çağırsın.
Elə bu dağlarda qalsın çağırsın,
Damağa dünyanın çağın gətirin.
Yamacda otlayan o maraldımı?
Danışdım, səsimdən hənir aldımı?
Xalları qəlbimə düşən xaldımı?
Duz qoyun, gələndə sağın gətirin.
Gör necə sığınıb oymaq-oymağa,
Nə var ki, oymaqda dəyə saymağa.
Səhərlər yaz balı qatın qaymağa,
Qaymağı yuxaya yaxın gətirin.
Könlünü dağlara salıbdı Cavad,
Dağlardan şah vüqar alıbdı Cavad.
Desələr, dağlarsız qalıbdı Cavad,
Dönün ildırıma, çaxın gətirin.
Böyürtkən
Hər tikanı bir qarmaq,
Hər qarmağı bir cırmaq.
Nə böyüyü böyüktək,
Nə də uşağı sayır.
Sahibsiz arvad kimi
Yapışdı – buraxmayır.
Tanrı sınağı
Tanrı sınağıdı dövlət də, var da,
Tanrı sınağıdı qəm də, kədər də.
Çaşmalar, azmalar dövlətdə, varda,
Ən gizli mənalar bəzən hədərdə.
Ömür də sınaqdı, gün də sınaqdı,
Verilən imkan da, gündəliyin də.
Günahın hasili yalnız qınaqdı,
Deməli, “iki”n var gündəliyində.
Atalar sözüdü: iman, din yarı,
Yazılan yazılar varaq üstədi.
İnsanlıq insanın möhrü, əyarı,
Qanunlar, qaydalar maraq üstədi.
Quran da qanundu, yasa da qanun,
Yüz yasa cəmindən bir ayə çıxmır.
Yasalar həm onun, həm də ki bunun:
Vurursan, bölürsən bir qayə çıxmır.
Dəyərdi, qiymətdi hər bir hərəkət,
Hərəkət niyyətdən sonra başlanır.
Kiməsə nemətdi, kiməsə şöhrət,
Mərəkə qiymətdən sonra başlanır.
Kimsə günahını üzə danmasın,
Onsuz da hər şeyi bilən, görən var.
Bir kimsə dünyanı xali sanmasın,
Aşkara cəzanı gizli verən var.
Nələrdən qaçırıq, usanırıq biz,
Hər şeyi eləyən öz əlimizdi.
Günah da, savab da qazanırıq biz,
Günah da, savab da özəlimizdi.
Günahı olanın yanıltmağı var,
Günaha batanlar güman yandırır.
Günahın geriyə qayıtmağı var,
Qayıdan günahlar yaman yandırır.
Bəhrəsiz əməllər qınaqdı ancaq,
Aşkarda gizlini daşıyırıq biz.
Bu ömür Tanrıdan sınaqdı ancaq,
Tanrı sınağında yaşayırıq biz.
Quma yazmışam
Adını, sevgini quma yazmışam,
Adından, sevgindən qalmayıb heç nə.
Külək əllərimlə elə pozmuşam,
Elə bil əzəldən olmayıb heç nə.
Elə bil ömrümə gəlməmisən heç,
Elə bil günümdə yaşamamısan.
Mənimlə bir deyib-gülməmisən heç,
Qəlbində sevgimi daşımamısan.
Necə bilməmişəm kimliyini mən,
Necə aldanmışam, yazıqlar mənə.
İçimin, çölümün təmizliyindən
Hecə aldanmışam, yazıqlar mənə.
Zərrəcə əsər yox dəyanətindən,
Xatırla nəfsinə qul olduğunu.
Andına, eşqinə xəyanətindən
Ayaqlar altında çul olduğunu.
Çağlayan, köpürən selə dönərdim,
Elə soyuyubdu qəzəbim indi.
Haraylar qoparan yelə dönərdim,
Elə sakitləşib əsəbim indi.
İnanma bir kimsə sənə inansın,
Harayın, həşirin saxlasın məni.
Bacı istəyirəm halıma yansın,
Ana istəyirəm ağlasın məni.
Hiylələr qoynunda gələn məhəbbət
Beləcə qumlara yazılmalıydı.
Qumlara yazılan, ölən məhəbbət
Küləklər əlində pozulmalıydı.
Ağ dünya
Bu yol məni bir də geri gətirməz,
Aparandı, qaytarmağı yox ki, yox.
Səni mənə, məni sənə yetirməz,
Bəlaları, müşkülləri çox ki, çox.
Hər ağaran zirvələrdə qar olmur,
Hər açılan bəhər olmur, bar olmur.
Yar deyilən hər gözəldən yar olmur,
Dön sulara ha dalımca ax ki, ax.
Gedən kəslər geri dönməz–bilirsən,
Bulud gələr, Günəş sönməz–bilirsən.
Bir ruham, göydən enməz –bilirsən,
Bundan belə ulduzlara bax ki, bax.
Nəmlər çəkdim, nəmliyimi bilmədin,
Qəmlər çəkdim, qəmliyimi bilmədin.
Bir dam altda kimliyimi bilmədin,
Dön şimşəyə öz-özünə çax ki, çax.
Qəm yeriyər, çarəsizə dağ gələr,
Görməmişə adi kol da bağ gələr.
Haqq dananın gözlərinə ağ gələr,
Baxarsan ki, dünya elə ağ ki, ağ.