|
|
|
|

Dövlət başçısının tapşırıqlarına əsasən, ölkə şəhərlərinin planlı və sistemli inkişafını təmin etmək məqsədilə baş planların hazırlanması işi davam etdirilir.
Bu xüsusda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Respublikamızın ikinci böyük şəhər olan Gəncənin baş planının hazırlanması prosesinə ötən 2020-ci ilin əvvəlində start verilib. Layihə beynəlxalq tender vasitəsilə bu işə cəlb olunmuş Fransanın "Vasconi Architects by Thomas Schinko" şirkətinin iştirakı ilə "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən həyata keçirilir. İmzalanmış müqaviləyə əsasən, Gəncənin baş planın hazırlanması və onun icra üçün təqdim olunması prosesinin 30 ay müddətində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub.
Gəncənin hazırlanmaqda olan baş planı Şəhər İcra Hakimiyyətində ictimaiyyət təmsilçilərinin iştirakı ilə müzakirə olunub. Müzakirədə şəhərin rəhbəri Niyazi Bayramov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun, həmçinin, Fransanın "Vasconi Architects by Thomas Schinko" şirkətinin nümayəndələri ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyəti yanında yaradılmış İctimai Şuranın üzvləri də iştirak ediblər.
"Vasconi Architects by Thomas Schinko" şirkətinin nümayəndəsi Gəncə şəhərinin 2040-cı il üçün nəzərdə tutulan baş planı barədə iştirakçılara məlumat verərkən layihənin əsas konsepsiyalarını açıqlayıb. Məlum olub ki, tarixi və mədəni baxımdan zəngin olan Gəncənin baş planı Nizami Gəncəvinin baxışlarından bəhrələnərək hazırlanıb; strateji nöqtədə yerləşən Gəncənin gələcəkdə Azərbaycanın iqtisadi mərkəzinə çevrilmə potensialı yüksəkdir və baş plan da buna cavab verməlidir; Gəncənin tarixi mirasının qorunub saxlanılması ilə yanaşı, ekoloji və “ağıllı şəhər”in formalaşdırılması, xaotik urbanizasiya təzahürlərinin nəzarətə götürülməsi də əsas məqsədlərdən biridir.
Həmçinin, yeni baş planda şəhərdə vaxtilə mövcud olan, hazırda vaxtını başa vurmuş köhnə sənaye məkanlarının yaşıl əraziyə çevirməklə, həmin məkanda "Nizami bağları"nın salınması, Gəncə çayının məcrasını abadlaşdıraraq, çayın üzərində əlavə körpülərin inşası, yeni avtomobil yollarının çəkilməsi, şəhərciklərin yaradılması və digər məsələlər öz əksini tapıb.
Baş planla tanış olan Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın üzvləri bir sıra təkliflərlə çıxış ediblər. Nizami Gəncəvi məqbərəsi ətrafında "Nizami şəhərciyi"nin salınması, şəhərdə azad iqtisadi zonanın yaradılması, Gəncə çayının üzərində tarixi "Xan körpüsü"nün və şəhərin mərkəzi hissəsində tarixi İç qalanın bir hissəsinin bərpa edilməsi təklif olunub və bu amillərin Gəncənin turizm və iqtisadi potensialının artırılmasına müsbət təsir göstərəcəyi bildirilib. İctimai nümayəndələr tərəfindən həmçinin, Gəncə üçün yeni küçələrin və dairəvi magistral yolun çəkilməsinin vacibliyi, iri şəhərlərə xas olan nəbatət bağının və açıq tipli zooparkın yaradılması, şəhər ərazisin hüdudlarındakı, amma inzibati cəhətdən qonşu rayonların tabeçiliyində olan kənd təsərrüfatı və digər təyinatlı torpaqların Gəncəyə qatılması məsələləri də səsləndirilib.
"Gəncənin şəhərsalınma tarixinin yaxın 20 ili əhatə edəcək proseslərdə ictimai rəyin nəzərə alınması təqdirəlayiq haldır. Müzakirə zamanı bizim təkliflərimizə həssaslıqla yanaşıldı. Şübhəsiz, bu cür vacib işdə əsas məsələlərdən biri İctimai iştirakçılığın təmin edilməsidir. Həmçinin, hesab edirik ki, şəhərimizin baş planını hazırlayan işci qrupun Gəncədə daimi fəaliyyət göstərməsi yaxşı olardı. Bu, mütəmadi görüşlərin, ictimai dinləmələrin və müzakirələrin keçirilməsi, eləcə də zəruri məsələlər ətrafında informasiya dolğunluğunun təmin olunması baxımından məqsədəuyğun olardı", - deyə şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Müzadil Həsənov bildirir.
Gəncənin baş planının hazırlanması ilə əlaqədar olaraq şəhər miqyasında sosial sorğuların keçirilməsi də nəzərdə tutulur.
Zakir MURADOV
Gəncə



