Bu yazıda sizə təqdim edəcəyim gəncin adı Çui Kenşuodur. Bizlərdə isə ona "Çingiz Əliyev" deyirlər.
Adətən, biz azərbaycanlı gənclərin xarici ölkələrdəki uğurlarını eşitmiş, oxumuş və fəxr etmişik. Onların xarici dilləri, mədəniyyətləri öyrənməsinin ölkəmizin dünyaya inteqrasiyasının ən gözəl yollarından biri kimi qəbul etmişik. Amma xarici ölkələrdə də Azərbaycanla maraqlanan, dilini, mədəniyyətini, adət-ənənələrini öyrənmək istəyənlər və bu istiqamətdə müəyyən addımlar atanlar var.
Bəzi xarici gənclər gəlib Azərbaycanda təhsil alsalar da, bəziləri də əgər ölkələrində bunu öyrənəcək şərait varsa, ondan yararlanırlar.
Əslində, bu müsahibə həm Azərbaycanı xarici ölkədə uğurla təmsil edən soydaşımız, həm də öz ölkəsində Azərbaycanla maraqlanan və onu öyrənən gəncləri birləşdirir.
Ölkəmizi uzaq Çində layiqincə təmsil edən, Çində "İlin ən yaxşı xarici müəllimi" seçilmiş azərbaycanlı alim Aqşin Əliyev illərdən bəri bu istiqamətdə uğurlu layihələr həyata keçirir. Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının yaradıcısı və müdiri, Filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev Azərbaycan dilini və ədəbiyyatını öyrətməklə qalmır, onu həm də heç vaxt Azərbaycanı görməyən çinli tələbələrə ürəkdən sevdirməyi də bacarır. Bunu hazırda Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisası üzrə üçüncü kursda təhsil alan Çui Kenşuo ilə söhbətimiz də bir daha təsdiqlədi.
Müsahibim hələ üçüncü kursda oxumasına baxmayaraq, Azərbaycan dilini yaxşı bilir və Azərbaycan ədəbiyyatı, mədəniyyəti, cəmiyyəti, iqtisadiyyatı, tarixi haqqında kifayət qədər bilgilərə sahibdir. Qəlbindəki Azərbaycan sevgisinin və söhbətimizdə dönə-dönə vurğuladığı müəllimi Aqşin Əliyevin aşıladıqları sayəsində təhsilini gələcəkdə də yüksək səviyyətə davam etdirmək fikrindədir. Onunla söhbətimiz də elə bu istiqamətdə başladı və maraqlı cavablarıyla davam etdi:
***
- Çui, universitetə qəbul olmadan öncə Azərbaycan haqqında eşitmişdiniz, məlumatınız var idimi?
- Bəli, məktəb zamanı coğrafiya dərsliyində Xəzər dənizinin sahilində yerləşən Bakının Azərbaycanın paytaxtı olaraq çox zəngin neft resursuna malik olduğu və "küləklər şəhəri" adlandırıldığı yazılır. Ona görə də mən həmişə Azərbaycanla maraqlanmışam.
- Niyə məhz Azərbaycan dili ixtisasını seçdiniz?
- Rus, fransız, ingilis və başqa dilləri də seçə bilərdim. Təbii ki, azərbaycanca da Çində ixtisas səviyyəsində tədris olunan dillərdən biridir. Amma bunu nəzərə almışam ki, son illərdə Azərbaycan ilə Çin arasında münasibətlər sürətlə irəliyə gedir, bu istiqamətdə ciddi inkişaf var. Çinə Azərbaycan dilini və mədəniyyətini yaxşı bilən mütəxəssislər lazımdır. Amma o zaman münasib kadrlar çox az idi və Çində Azərbaycan dili ixtisasını tədris edən heç bir universitet yox idi. Çində azərbaycanşünaslıq üzrə ilk kadrlardan olacağımı və var gücüm ilə Çin-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcəyimi düşündüm, beləliklə, Azərbaycan dili ixtisasını seçdim.
- Bu illərdə Azərbaycan haqqında nələr öyrəndiniz və seçdiyiniz ixtisasa görə peşman olmadınız ki?
- Bu barədə danışdıqda mən əziz Aqşin müəllimimə minnətdarlığımı bildirmək istəyirəm. Çində Azərbaycan haqqında məlumat çox azdır. O, mən və qrup yoldaşlarımın Azərbaycanı tanımasında əsas vasitəçi rolunu oynayır. Dildən əlavə, o, bizə Azərbaycan ədəbiyyatı, cəmiyyəti, mədəniyyəti və iqtisadiyyatı barədə hərtərəfli biliklər verir. Mən Azərbaycan dilini seçdiyimə görə heç vaxt peşman olmamışam.
- İndi bir çinli və ya başqa bir xarici dostunuz sizdən Azərbaycanı soruşsa, ona bu ölkəni və bu dili necə tanıdarsınız?
- Mən ona bunu deyərəm ki, Azərbaycan uzun və qədəm tarixə malik olan, sülhsevər və multikulturalizmi dəstəkləyən, tolerant bir ölkədir. Deyə bilərəm ki, təkcə Azərbaycanı anlamaqla Avropa və Asiya mədəniyyətlərinin mahiyyətini başa düşmək olar.
- Azərbaycan ədəbiyyatını oxuyursunuzmu? Təəssüratınız necədir?
- Bəli, mən Süleyman Sani Axundov, Mikayıl Müşfiq, Molla Pənah Vaqif və digər məşhur ədiblərin əsərlərini oxumuşam. Hesab edirəm ki, Azərbaycan ədəbiyyatı Şərq və Qərb ədəbiyyatının üstün xüsusiyyətlərini özündə birləşdirir. Onların arasında dahi şair Nizami Gəncəvinin "Yeddi gözəl" poeması məni ən çox təsirləndirən əsərlərdəndir. Şair ömründə heç vaxt Azərbaycanı tərk etməməsinə baxmayaraq, ensiklopedik bilik əldə etmiş və öz yaradıcılığı ilə dünya ədəbiyyatında yeni səhifə açıb. Onun bütün poemalarında, əsərlərində bu, özünü ən yaxşı şəkildə göstərir.
- Nizami Gəncəvidən söz düşmüşkən, bilirsiniz ki, bu il Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycanda "Nizami İli" elan olunub. Bu haqda düşüncələriniz necədir və Çində Azərbaycan dilini, mədəniyyətini öyrənən bir gənc kimi bu istiqamətdə hansı işləri görməyi planlayırsınız?
- Azərbaycanlı dahi şair Nizami Gəncəvi dünya ədəbiyyatının görkəmli nümayəndəsi və dünya ədəbi dünyasındakı parlaq ulduzdur. O, orta əsrlərdə bədii düşüncənin inkişafının yeni bir səhifəsini açıb. Heç vaxt doğma şəhəri Gəncəni tərk etməsə də, onun yaratdığı ədəbi dünya İrandan Yunanıstana və Ərəbistandan Rusiyaya qədər uzanıb. Məsələn, şair "Xəmsə" toplusuna daxil olan "Yeddi gözəl" poemasında bir Çinli gözəl obrazını yaradıb. Bu həm müəllifin geniş dünya görüşünü göstərir, həm də Çin və Azərbaycanın arasında uzunmüddətli əlaqəsini əks etdirir.
"Nizami Gəncəvi ili" elan olunması münasibəti ilə Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasında "Nizami irsi" layihəsi çərçivəsində çoxsaylı tədbirlər həyata keçiririk. Hazırda pandemiya şəraitinə görə təəssüf ki, onların hamısını tam reallaşdıra bilmirik. Amma Aqşin müəllimin tapşırığına əsasən biz mütəmadi olaraq Nizami Gəncəvi haqqında elmi məqalələr yazıb Çin ictimaiyyətinə təqdim edirik. Mənim may ayının əvvəlində yazdığım "Nizami və Gəncə" məqaləm çoxsaylı çinli izləyicilərin marağına səbəb oldu. Bundan başqa, həm də kafedramızın "Nizami irsi" layihəsinin çərçivəsində Nizami və onun yaradıcılığına həsr olunmuş sərgisinin təşkilini səbirsizliklə gözləyirəm. Çünki 2019-cu ildə “Nəsimi ili”ndə Pekin Xarici Dillər Universitetində təşkil etdiyimiz "Azərbaycan dili və ədəbiyyatı sərgisi" çox uğurlu alınmışdı və mən çox təcrübə toplamışdım. Ümid edirəm ki, biz PXDU-nun Azərbaycan dili kafedrasının "Nizami irsi" layihəsini davam etdirərək dahi şairin irsini Çin ictimaiyyətinə daha yaxından tanıdacağıq.
- Dilini öyrəndiyiniz bu ölkədə olmusunuz? Əgər olmamısınızsa, gəlməyi planlaşdırırsınız?
- Bəli, 2018-ci ildə Bakıya səyahət etmişəm. Orada bir çox azərbaycanlı dostlarla tanış olmuşam və Azərbaycan mədəniyyətini yerində öyrənməyə çalışmışam. Düşünürəm ki, bu səfər Azərbaycanı, onun insanını və mədəniyyətini daha yaxşı və dərindən öyrənmək üçün əlverişli imkan idi. Təbii ki, yenidən Azərbaycana gəlmək və bu gözəl ölkəni daha yaxından tanımaq istəyərəm.
- Azərbaycanda ən çox haranı və ya nəyi görmək istəyirsiniz?
- Mən, şəxsən, Şuşaya getmək istəyirəm. Müəllim həmişə mənə deyir ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Azərbaycanda ziyarət etmək istədiyim yerlər arasında Şuşa birincidir.
- Gələcəkdə ixtisasınızı necə davam etdirməyi düşünürsünüz?
- Bakalavr dövründə Azərbaycan dilinə yiyələnəndən sonra beynəlxalq münasibətlər, diplomatiya və digər ixtisası birləşdirərək magistratura və daha yüksək pillələrdə Azərbaycanı hərtərəfli öyrənmək istəyirəm, azərbaycanşünaslığa tam yiyələnmək fikrindəyəm. Mən Çin ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına həqiqi və konkret töhfə verməyi arzulayıram. Bunun üçün təhsil və iş baxımından əlimdən gələni əsirgəməyəcəm və gələcəkdə bu məqsədimə nail olacağıma inanıram.
- Sizcə, Azərbaycan-Çin münasibətlərinin inkişafında sizin kimi mütəxəssislərin necə rolu ola bilər?
- Öncə, biz mədəni ünsiyyət körpüsü rolu oynaya bilərik. Məsələn, hazırda mənim rəhbərlik etdiyim "Möhtəşəm Çin" sənədli filmi ilə “Çinin imicini Azərbaycana göstərək" layihəsi uğurla həyata keçirilir. Mən qrup yoldaşlarım ilə birlikdə Çinin imicini hər istiqamətdə əks etdirən sənədli filmi Azərbaycan dilinə tərcümə edib, yerli iki Konfutsi İnstitutunun sosial şəbəkə saytlarında yayımlamışıq. Bundan başqa, biz həm də azərbaycanlı dostlarımız arasında Çinin imici haqqında sorğu apararaq onların fikirlərini öyrənirik. Bu barədə elmi məqaləmiz yazılma ərəfəsindədir. Əminəm ki, bu cür praktik fəaliyyətlər iki xalq arasında qarşılıqlı anlaşmanın inkişafına təkan verəcək.
Sonra, məncə, biz həm də iqtisadi əməkdaşlıq körpüsü rolunu oynaya bilərik. Azərbaycan-Çin iqtisadi münasibətləri sıxlaşdıqca hər iki ölkənin bir çox şirkətləri qarşılıqlı investisiya planlarını həyata keçirir. Beləliklə, həm dili, həm də iqtisadi bilikləri dərindən bilən kadrlar öz töhfələrini bu sahəyə də verə bilərlər.
- Sizin bu sahədə görməyi planladığınız konkret işlər və ya təklifləriniz varmı?
- Birincisi, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafı həmişə olduğu kimi daima diqqət mərkəzində olmalıdır. Çünki bir ölkənin mədəniyyəti onu tanıdan ən yaxşı vasitədir. Mədəni əlaqələr də ölkələri bir-birinə yaxınlaşdırmaqda mühüm rol oynayan ilkin şərtlərdəndir.
İkincisi, iki ölkənin akademik dairələri çincə və azərbaycanca bilən kadrların yetişdirilməsinə kifayət qədər diqqət yetirməlidir.
Üçüncüsü, iki ölkə arasında elmi layihələrin həyata keçirilməsi və elmi müzakirələr gücləndirməlidir. İnanıram ki, biz bu istiqamətdə bir cığır yaradan ilklər olacağıq və mənə doğma olan Çin və Azərbaycan arasında hər cür əlaqələrin inkişafı daha da aratacaq. Biz gənclər isə bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik.
Şahanə MÜŞFİQ