Xəbər verdiyimiz kimi, mayın 26-da ölkənin ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdi keçiriləcək. Artıq bir ildən uzun müddətdir koronaviru pandemiyasının mənfi təsirləri təhsil sisteminə də az-çox öz təsirini göstərir. Bəs magistratura pilləsi üzrə son illər yenilənən qaydalar və ümumiyyətlə hazırkı təhsil sistemimiz nə dərəcə qənaətbəxşdir? Məsələ ilə bağlı 525.az-ın müsahibi müstəqil təhsil eksperti Seyid Aynur sualları cavablandırıb.
- Sizcə, magistraturaya qəbul qaydalarının sadələşdirilməsi sənəd verən şəxslərin sayına təsir edirmi?
- Son illərin nəticələrinə nəzər salsaq görərik ki, əvvəlki illərlə müqayisədə ali təhsil müəssisələrinin magistratura pilləsinə sənəd verənlərin sayında nəinki artım, az qala iki dəfəyə qədər azalma var. Birinci səbəb kimi qəbul imtahanları üçün ödəniş məbləğindəki artımı göstərmək olar. Demək olar ki, hazırda bu qiymət "kəllə-çarxa" qalxıb. İkici səbəb isə, gənclərin karyera qurmaq, öz maddi vəziyətlərini düzəltmək üçün iş həyatına tez atılmaq istəmələri ilə əlaqədardır. Burada bir məsələni də qeyd etmək istəyirəm, belə ki, məntiq sualları hər istiqamətə uyğun, çətinlik səviyyəsi humanitar yönlü ixtisas qrupları üçün yüngülləşdirilmiş şəkildə hazırlanmalıdır. Təsəvvür edin, imtahan vaxtı orta məktəbdə riyazi biliklərə zəif yiyələnmiş, deyək ki, 3 qiymətini belə çətinliklə alan, ixtisası humanitar yönlü olan namizədə riyazi məntiq sualları verilir. Sizcə bu nə dərəcədə doğrudur? Həmçinin hesab edirəm ki, dünyagörüşü fənləri bloku hesab edilən məntiq, informatika və xarici dil fənlərinin bir az daha asanlaşdırılmasına ehtiyac var.
- Aynur xanım, ötən illərlə müqayisədə magistraturaya qəbul imtahanında nə kimi fərqlər var?
- Məlum olduğu kimi, 2006-cı ildən etibarən ali məktəblərin magistratura pilləsinə qəbul test yolu ilə həyata keçirilir. İlk vaxtlarda imtahan iki pilləli olsa da, indi bu proses necə deyərlər, dırnaqarası sadələşdirilib. Belə ki, aparılan sadələşdirilmələrdən sonra qəbul bir pilləlidir. Hazırda magistraturaya qəbul zamanı Dövlət İmtahan Mərkəzi (DİM) bakalavrların ümumi məntiqi təfəkkürünün, informatika və xarici dil biliklərinin qiymətləndirilməsi ilə kifayətlənir. Bir az haşiyəyə çıxıb qeyd etmək istəyirəm ki, son dövrlərdə bakalavrların ixtisas üzrə bilikləri yoxlanıldığı mərhələnin (imtahanın ikinci mərhələsinin) ləğv olunması ilə güclü kadrların yerini ixtisas biliklərinə kafi dərəcədə yiyələnən, yalnız məntiqi biliklərə malik, eyni zamanda reklamı yaxşı qurulmuş müxtəlif hazırlıq kurslarının dinləyiciləri tutmaqdadır. Bu da heç şübhəsiz ki, təhsilimizin yaralı yeridir. Nazirlər Kabinetinin 19 aprel 2021-ci il tarixli 98 nömrəli Qərarını xatırlatmaq istərdim. Qərarla “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə AMEA-da yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” dəyişikliklərə müvafiq, müsabiqənin nəticələrinə uyğun olaraq boş qalan yerlərə DİM Təhsil Nazirliyi ilə razılaşdırmaqla eyni ixtisas (ixtisaslaşma) üzrə tələbə qəbulu imtahanında ən yüksək bal toplamış ödənişli əsaslarla qəbul olmuş şəxs yerləşdiriləcək. Eyni ixtisas (ixtisaslaşma) üzrə təhsil alan olmadıqda isə eyni ixtisas qrupu üzrə imtahan nəticələrinə əsasən ən yüksək bal toplamış ödənişli əsaslarla qəbul olmuş şəxsi yerləşdiriləcək. İmtahan verən bütün namizədlərə uğurlar arzulayıram. Bildirmək istəyirəm ki, ölkəmizdə təhsilin əlçatanlığını təmin etmək istəyiriksə, ilk növbədə qaydaları sözün əsl mənasında, gənclərimizin xeyrinə olacaq şəkildə sadələşdirməliyik.
-İşğaldan azad olunan bölgələrdə Türkiyəli qardaşlarımızın da daxil olduğu təhsil ocaqları planları var. Necə düşünürsüz həmin yerlərdə Türk təhsil sistemindən praktik olaraq istifadə tədrisdə daha müsbət nəticələrə yol aça bilərmi?
- Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi: " Yeni dövr - bərpa, quruculuq dövrü başlayır". Yaxın zamanda düşmənin dağıtdığı, bütün ərazilərdə yeni orta məktəb və bağçalar, həmçinin ali təhsil, peşə təhsil müəssisələri, kolleclər yaradılacaq. Qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl 993 təhsil müəssisəsi fəaliyyət göstərirdi. Təbii ki, minalardan təmizləmə işləri başa çatdırıldıqdan sonra erməni vandalları tərəfindən dağıdılmış ərazilərdə infrastruktur, mədəni obyektlər, təhsil ocaqları bərpa ediləcək. Vətən müharibəsindən sonra türkiyəli qardaşlarımız azad edilmiş torpaqlarda məktəb inşa etmək barədə müraciət edib. Xüsusən, Şuşada möhtəşəm təhsil ocaqları qurub yaratmaq istəyirlər. Bu olduqca fərəhləndirici haldır. Son illərdə çox sürətlə inkişaf edən Türkiyə təhsil sisteminin müsbət cəhətlərinin milli təhsil sistemimizə tətbiq edilməsi maraqlı və faydalı ola bilər. Qeyd edim ki, Türkiyənin təhsil sistemi Avropa və Amerika təhsil sistemlərinin ən yaxşı nümunələri əsasında qurulub. Qardaş ölkənin təhsili milləti sevən, vətənpərvər insanları yetişdirməyi bizim üçün gözəl örnək ola bilər.
- Ümumi təhsilin inkişafı proseslərindən biri də inklüziv təhsildir. Əsasən də bu, xüsusi qayğıya ehtiyacı olan uşaqların da təhsil almasını təmin etdiyi üçün maraq doğurur. Bu təhsil sisteminin perspektivləri barədə nə deyə bilərsiniz?
- İnkluziv təhsil, bilikləri əldə etməyin hamı üçün əlçatan olması deməkdir. Respublikamızda "İnklüziv təhsil layihəsi"nin icrasına hələ 2004 -cü ildən başlanılıb. Belə ki, təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlarınların əksəriyyəti xüsusi məktəb və internat-məktəblərdə oxuyurlar. Bu isə onların cəmiyyətə adaptasiya olunmağını ləngidir. Məqsəd sağlam və əlil fərdlərin birgə təhsil alma hüquqlarını təmin edilməsi və cəmiyyətdə sosial bərabərliyin qorunmasıdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 dekabr 2017-ci il tarixli 3498 nömrəli Sərəncamı ilə “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Həmçinin “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Düşünürəm ki, inklüziv təhsil sahəsində isə hələ yolun başındayıq. Əbəttə ki, bu sahədə dünya təcrübəsinin öyrənilməsi olduqca zəruridir.
- Təhsilin qarşısında duran ən ciddi və ilkin vəzifələr nələr olmalıdır?
- Milli təhsilimizi qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırmaq yolu ilə tez bir zamanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaq mümkündür. Təhsilin inkişafının ölkə əhalisinin rifahının yaxşılaşması demək olduğunu nəzərə alsaq, o zaman vurğulamalıyıq ki, təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır. Ancaq qeyd etməliyəm ki, akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi məsələlərini də unutmaq olmaz. Təhsil müəssisələrində məktəbdaxili idarəetmə, ya da belə desək, menecmentin düzgün tətbiqi yaranmış hər hansı problemlərin uğurlu həlli ola bilər. Təhsildə idarəetmənin demokratikləşdirilməsi vacib faktordur. İnkşaf etmiş ölkələrin nümunəsində yeni mexanizmlərin öyrənilməsi qaçılmazdır. Uğurun açarı sözsüz ki, əmək bazarının tələblərini doğru proqnozlaşdıra bilməkdir.
Afaq Rza