
Tanıyaq və tanıdaq!
Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!
Esmira FUAD
Filologiya elmləri doktoru
İsmayıl ÜLKƏR
Qutsal torpağımız Qarabağın əsgərlərinə...
Vur, qurban olum, düşmənini vur, leşi düşsün,
Vur! Öylə ki, bir tirlə quşundan beşi düşsün,
Od yurduna layiq quşum, ay Türk-Səməndər,
Donquz "dığa"nın bayquşu var, vur, quşu düşsün!
Murdar olanın göz yaşı murdar, leşi murdar,
Bir anca macal vermə ki, gözdən yaşı düşsün!
Hər bir "yan"a bir baş seçərək parçala, hey, heyyy!
Qoy hər yana bir yan ilə cəmdək yanı düşsün!
Vur! Vur! Elə vur, baxmağa nankor gözü düşsün!
Boş gözlərinin üstünə qıldan qaşı düşsün!
Torpaq nə demək, daş nə demək, dağ nə deməkdir?
Söndür ocağın bir kərə, dişdən aşı düşsün!
Qaldır, gözəlim bayrağımız dalğaya gəlsin!
"Bayraqdarımız" kölgəsi üstdən quşa düşsün!
Yurd əsgəri! Birdir Qarabağ, toy günümüzdə,
Könlüncə sarıl, qoyma üzükdən qaşı düşsün!
Yan baxma nədir, "Ülkər"imin yurduna əsgər?
Oy, yurda dikilmiş gözü görkən şaşı düşsün!
2020
Bir qanadı yaralı qartalım
Otağım sıcaq, Qarnım tox, Əynim bərk!..
İpəksi yatağım: Yun, Yumuşaq!..
Başım... Ancaq başııım...Uçurtduğum
Biricik qartalımın yaralı qanadındadır...
Arazdan o taylar
Ayaz bir gecədə taparam "ÜLKƏR"imi...
Nədənsə birdən bir əsməcə
Bir üşütmə giziltisi saraaaar...
Tikan-tikan olmuş dərimi:
- Olmaya ŞUŞA QALASInda
Soyuq üşüdüb bir əsgərimi?..
Ayvazullah SAFARİ
Qarabağın Laçını,
Tökdü gözdən yaşını.
Düşməninən dayandı,
Çağırdı qardaşını.
Qarabağda Xankəndi -
Şirin ömrüm peyvəndi.
Yarım gələn yollara
Su səpdim, su tükəndi.
Qarabağın Şuşası,
Yarı yara qoşası.
Yol gözlədim, yar gələ
Yeri - göynüm goşası.
Qarabağın Ağdamı,
Güləş gəlir bayramı.
Carı çəkin yollara,
Gəlmiş yarım peyğamı.
Qarabağda Kəlbəcər,
Güləş dudaq bal əzər.
Gonça güllər açılar,
Bayram gələr, qış qaçar.
Sən sağ ol
Dağıdar ayrılığı sel təki göz yaşlarımız,
Genə məclis bəzədir yaz çağı yoldaşlarımız.
Biz ki qəm zəncirinə qollarımız bağlı qalıb,
Qoy uca başlı qala Bakıda qardaşlarımız.
Yaşa sən, ta yoluna canımı qurban eyləyəm,
Sən sağ ol, qoy ta bizim darda qala başlarımız.
Hər kəs bir gül yarada, yaz eyləyər ölkəmizi,
Sona kim, göldə çimər nazlı qələm qaşlarımız.
Olmuşuq Ənqa təki, bir adımız dildə qalıb,
Ta bilə dərdimizi Qafdakı sırdaşlarımız.
Əli DAŞQIN
Topraq həsrəti
Bir zamanlar həsrətindən öldüyüm
İndi sevincimə bax, mənim, mənim!
Çiynimdə bayrağım, əlimdə silah,
Sönmüş ocağımı yax, mənim, mənim!
Dağlarına yağmur yağacaq gözüm,
Bax, doğruya çıxdı verdiyim sözüm,
Qara gözlü yurdum qalmadı dözüm,
Şimşək ol, gönlümə şax mənim, mənim!
Əylən dəstnamaz al Xəzər suyundan,
Başın uca dursun tarix boyundan,
Hər kəs ibrət alsın türkün soyundan,
Arazdan Kürümə ax mənim, mənim!
Azadlıq günüdür, vüsal günüdür,
İnsanı dünyada şərəf böyüdür,
Göytürkün bayrağı azadlıq güdür,
Dağına, daşına tax, mənim, mənim!
Sən yürü!
Sən yürü öz qurşununun ardınca,
O keçəcək ürəyindən alçağın.
Sən usanma, qayğılanma, əzizim
Ordusu var, əsgəri var o bağın.
Sən atəş et, qarı düşmən qaçacaq,
Yalnız onu yollar da bağışlamaz.
Əllərində körpə qanı darıxır,
Onlar bu il o topraqda qışlamaz.
Sən ananın duasına arxalan,
Ana vətən sənə şərəf yüküdür.
O kimdir ki, sənin qarşında dursun,
Daxmalara düşən donuz tüküdür.
Mavi gözlü sancağını bir də öp,
Sənin qiblən Qarabağda Şuşadır.
Qoy zalimlər öz qanında boğulsun,
Alçaq-alçaq yalvarması boşadır.
Hadı yürü, gözlərinə dikilib,
Yollar səni qucaqlayır günbəgün.
Araz sənə alqış deyir, Kür dua,
Azad olsun vətən toprağı bütün!..
Xoş gördük, dağlarım...
Gəncədə Nizami diksindi səhər
Yurduna qan verdi qəhrəman Tərtər.
Vətənsiz yaşamaq ölümdən betər
Xoş gördük dağlarım, xoş gördük, daşım,
Arxanda durmuşam, doğma qardaşım!
Şuşanın qolları qırır zinciri,
İndi əsgər olmuş xalqın hər biri.
Ölsün qatı düşmən, qalmasın diri,
Xoş gördük dağlarım, xoş gördük, daşım,
Arxanda durmuşam, doğma qardaşım!
Əsgərin qurşunu göylərdə şaxır,
Ellərin boylanıb Arazdan baxır,
Azadlıq vədəsi doğruldu axır,
Xoş gördük dağlarım, xoş gördük, daşım,
Arxanda durmuşam, doğma qardaşım!
Düşmənin əlləri bulaşdı qana,
Xalqımın ordusu gəldi cövlana,
Arzumdur ocağın hər dayim yana,
Xoş gördük dağlarım, xoş gördük daşım,
Arxanda durmuşam doğma qardaşım!
Gönlümdə duyğular Daşqın dayanar,
Gözümdə minlərcə əsgər oyanar,
Bu yaz Xarıbülbül yaşıl boyanar,
Xoş gördük dağlarım, xoş gördük, daşım,
Arxanda durmuşam, doğma qardaşım!..
Arsalan MİRZAYİ
Bu bağ bizə bağlıdır,
Dörd bir yanı dağlıdır,
Özüm Qaşqay elindən,
Gönlüm Qarabağlıdır.
Ora burdan uzaqdır,
Bir mübarək torpaqdır.
Hər müsəlman millətin
Bir dağı Qarabağdır.
Ələm (BƏHMƏN ƏLƏMDARLI)
Biz bu dağa dağlıyak,
Bu torpağa bağlıyak,
Qabil bilsə Qarabağ,
Biz də Qara bağlıyak.
Yanma qardaş, sönər dağın,
Əngəbin olacak ağın,
Açıl gültək, dön kədərdən,
Azad olur Qarabağın...
Dağam, şaxta buran mənim,
Türk oğluyam, İran mənim.
Türksən burda, Turan oğlu,
Mən Turanın, Turan mənim.
Rəsul QƏDİRİ
Həyat davam edər durduğu yerdən
Ölülərin dirilməsinə inanmadım heç zaman
Ölən ölür, köçən köçür dünyadan.
Ancaq, ölənimiz kəndlər, şəhərlər olarsa,
fərqlidir durum
Hamımız tanığıq, tanıq olacağıq
Sırağa gün Füzulimiz
Dünən Cəbrayılımız, Zəngilanımız,
Xocavəndimiz, bu gün igid Şuşamız,
Sabah şəhid düşmüş Xocalımız
Və birisi gün, bütün QARABAĞımız dirilir...
Çox çəkməz, onların köçən ruhu qayıdar gövdəsinə
Və həyat davam edər durduğu yerdən
Bəs şəhid düşən əsgərlərimiz necə?
Onlar da dirilməzmi yəni?!
Onlar ölmür zatən
Torpağa düşən gündən başlayarlar yaşamağa
Şəhidlər ölməz, Vətən bölünməz...



