Həmsöhbətimiz braziliyalıdır. İxtisasca diş həkimidir. 38 yaşı var.
Felipe Rossi dünyanın dörd bir tərəfini gəzərək yoxsul insanların dişlərini düzəldir, həm də təmənnasız. İnsanlara daha çox yardım edə bilmək üçün 2016-cı ildə "Por1Sorriso" adlı qeyri-hökumət təşkilatını yaradıb ona rəhbərlik edən Felipe Rossinin niyyəti topluma, sevdiklərinə, ölkəsinə və dünyaya yaxşılıq etməkdir.
Onun yaxşılıq etmək arzusu sadəcə Braziliyada yox, Mozambik, Keniya və başqa ölkələrdə müsbət nəticələr verib.
- İmkansız insanların dişlərini düzəltmək ideyası hardan ağlınıza gəldi?
- İlk dəfə 2015-ci ildə könüllü olaraq Mozambikə getdim. Orda diş həkimi olaraq insanların həyatına müsbəti olan daha çox işlər görməli olduğumu hiss etdim. Braziliyaya qayıtdıqdan sonra 2016-cı ildə "Por1Sorriso" adlı qeyri-hökumət təşkilatını yaratdım.
- Neçə müddətdir bu işlə məşğulsunuz və bu müddət ərzində hansı ölkələrdə olmusunuz?
- İndiyə qədər Braziliyanın 10 əyalətində və 2 Afrika ölkəsində (Keniya və Mozambikdə) işləmişik. Ancaq məqsədimiz yalnız bu yerlərlə kifayətlənməyib digər ölkələrdə də insanlara yardım etməkdir.
- Bunun üçün maliyyəni hardan əldə edirsiniz?
- Biz xeyriyyəçiliyə yox, sosial ədalətə inanırıq. Bu işin ərsəyə gəlməsi üçün maliyyə sadə insanlar və yardım edən az sayda şirkət tərəfindən toplanır.
- Onlara dişlərini əməliyyatını pulsuz müalicə edəcəyinizi deyəndə necə reaksiya verirlər? Dişləri düzəldikdən sonra təəssüratları nə olur?
- Çox qəribədir, insanlar nəticəni görəndə gülümsəmək əvəzinə, xoşbəxtlikdən ağlayırlar. İnsanların sevincinə şahid olanda necə gözəl bir iş gördüyümüzün bir daha fərqinə varıram.
- Bu işi nə vaxta qədər davam etdirməyi düşünürsünüz?
- Bütün ömrüm boyu, nə qədər ki, ətrafımda insanlara sevinc, çöhrələrinə təbəssüm bəxş etmək istəyən adamlar var, bu işi davam etdirəcəyəm.
- Uzaqdan baxdıqda onların sadəcə dişlərini düzəltdiyinizi görürük. Ancaq həm də insanlarla söhbət edir, həyat tərzlərinə şahid olursunuz. Mənəvi cəhətdən bu, sizə necə təsir edir?
- Təbəssüm çox güclü sosial təsirə və reinteqrasiya gücünə sahibdir. Biz də insanların dişlərini düzəldərək onların güvənlərini geri qaytarmaq və yaxşı həyat qurmaları üçün kömək etməyə çalışırıq.
- Mən sizə Azərbaycandan yazıram. Azərbaycan haqqında məlumatınız varmı?
- Azərbaycan haqqında qeyri-hökumət təşkilatları vasitəsilə müəyyən məlumatım var. Mən Azərbaycana da gəlmək, oradakı insanlarla da görüşmək istərdim. Amma bunun üçün dəstəyə ehtiyacımız ola bilər. Hər kəsin gülər üzə layiq olduğuna inanır, dini, irqi və ölkələr arasında ayrıseçkilik etmirik. Hər kəs gülümsəməlidir.
- İnsanlara yardım etdiyiniz müddət ərzində sizə ən çox təsir edən xatirələrinizdən birini bizimlə bölüşə bilərsiniz?
- Dişləri düzəldikdən sonra işə düzələnlərdən tutmuş, xəyalını qurduqları sevgilərini tapanlara qədər indiyəcən 10 mindən çox insanın üzündə təbəssüm yaratmışıq. Həm də bunu təmənnasız etmişik. Oxşar xatirələr çoxdur. O insanlarla birlikdə çox ağlamışam. Odur ki, xatirələrimi danışmağa başlasam, bir kitab yazmaq olar.
- Həmkarlarınızdan sizin bu missiyanıza dəstək verən olurmu?
- Mən insanlara yardım etmək üçün qeyri-hökumət təşkilatı qurdum. Biz saysız-hesabsız könüllülərdən ibarət qrupuq. Ancaq bu, hər kəsin görməli olduğu işdir.
- Getdiyiniz ölkələrin hakimiyyət orqanları tərəfindən sizə etiraz və ya hər hansı təhdid xarakerli mesaj verilibmi?
- Bu işi Braziliya sərhədlərindən kənarda gördüyüm üçün ünvanıma çoxlu tənqid eşitmişəm. İnsanlar düşünür ki, biz yalnız ölkəmizdəki əhalinin qayğısına qalmalıyıq, ancaq bununla razı deyiləm. İnsan hər yerdə insandır. İnsanların çöhrəsində təbəssüm yarada biləcəyimiz hər yerdə həmişə olacağıq.
Aytac ASLAN