
"Pərdəsiz" adlı yeni nəşr tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin "On beş pyes"(2006), "Hasarın o üzü"(2010) kitablarından sonra üçüncü pyeslər kitabıdır.
"Zərdabi-Nəşr"in çap etdiyi bu kitaba dramaturq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Azər Paşa Nemətovun quruluşunda uğurla tamaşaya qoyulmuş "Şah Qacar" tarixi dramı ilə bərabər, "Ünvansız qatar", "İki aktrisa üçün baş rol", "Premyera", "Gözəllik imperiyası", "Nuri-didə Ceyhun", "Ah, bu uzun sevda yolu", "Sevgilim Sumqayıt", "Pərdəsiz" kimi orijinal pyesləri yer alıb.
Bunlarla yanaşı, kitaba Ə.Əmirlinin Lev Tolstoyun "Hacı Murad" povesti əsasında səhnələşdirdiyi eyniadlı tarixi dramı və Kalmık Milli Dram Teatrının sifarişi ilə Kalmık ədəbiyyatının klassiki Sanci Balıkovun əsərlərinin motivləri əsasında rus dilində yazdığı "Gözlə məni" ("Jdi menə") iki hissəli tale dramı da daxil edilib.



