
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən "XX əsr Azərbaycan ədəbiyyatı məsələləri"nin 5-ci kitabı nəşr edilib. İnstitut Elmi Şurasının 11 mart 2021-ci il tarixli 2 saylı iclas protokolunun qərarı ilə çap olunan kitab Mir Cəlal və müasirlərinə həsr olunub.
İşin rəhbəri və elmi redaktoru filologiya elmləri doktoru, professor Şirindil Alışanlıdır. Rəyçiləri filologiya elmləri doktoru Rəhim Əliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoydur.
"Elm və təhsil" nəşriyyatında işıq üzü görmüş kitab 372 səhifədən ibarətdir. İki hissəli kitabda Mir Cəlalın bədii-elmi yaradıcılığı müasir elmi meyarlar və nəzəri-metodoloji prinsiplər mövqeyindən araşdırılır.
Nəşrdə Elçinin "Yazıçı, alim, pedaqoq", İsa Həbibbəylinin "Mir Cəlal ədəbi-elmi məktəbi: sadəlik, dərinlik və professionallıq", Şirindil Alışanlının "XX əsr Azərbaycan ədəbiyyatının Mir Cəlal fenomeni" və sair tədqiqatlar yer alıb. Məqalələrin müəllifləri Tehran Əlişanoğlu, Bədirxan Əhmədli, Vaqif Yusifli, Mahirə Quliyeva, Aygün Bağırlı, Təyyar Salamoğlu, Mərziyyə Nəcəfova, İlham Məmmədli, Yadigar Əsgərova, Səfurə Quliyeva, Aytən Rüstəmzadə, Nazif Qəhrəmanlı, Razim Məmmədov və Tahir Məsimovdur.



