"Siyasi dialoq" rubrikasının növbəti qonağı Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımovadır.
- Əsli xanim, bir ildən artıqdır ki, ölkəmizdə iqtidarla siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Siz ümumilikdə bu prosesi necə qiymətləndirirsiniz?
- Ötən ilin əvvəlindən başlayaraq ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranması, həqiqətən də, siyasi partiyalar və təşkilatlar arasındakı münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Bu, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrildi. Ölkə başçısının nümayiş etdirdiyi siyasi iradə və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin siyasi partiyaların rəhbərləri ilə görüşləri istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni bir zəminin formalaşmasını şərtləndirdi. O cümlədən, bir sıra partiyaların qeydiyyata alınması, qərargahla təmin olunması ölkənin siyasi sisteminin inkişafına təkan verir. Sosial Rifah Partiyası olaraq biz də hər zaman milli maraqlarımızın qorunması, dövlətimizin və dövlətçiliyimizin inkişafı ilə bağlı məsələlərdə milli həmrəyliyin tərəfdarı kimi çıxış etmişik. Bu, həm də siyasi münasibətlərin sivil, dialoq vasitəsilə tənzimlənməsində əsaslı rol oynayır. Ölkədə siyasi münasibətlərin dialoq səviyyəsində tənzimlənməsi bütün aspektlərdən önəmlidir və siyasi sabitliyin qorunmasına da öz töhfəsini verir. Hörmətli Ədalət Vəliyevlə görüşlərimiz zamanı da fikir mübadilələri aparmaq, partiyamız tərəfindən bir sıra təkliflərlə çıxış etmək imkanından yararlanırıq. Bu tendensiya ölkəmizdə siyasi münasibətlərin gələcək inkişafına da mühüm təsir göstərəcək, yeni siyasi konfiqurasiyanın yaranması gələcək siyasi inkişaf mərhələsində mühüm əhəmiyyətə malik olacaq.
- Bəzi həmkarlarınız ötən müddət ərzində artıq müəyyən nəticələrə nail olunduğunu bildirir. Siz necə düşünürsünüz, dialoqun nə kimi nəticələri oldu?
- Ölkəmizdə yaranan yeni siyasi dialoq mühiti çox mühüm və böyük nəticələrə yol açıb. Yeni dialoq mühitinin formalaşması qarşılıqlı etimadın aktuallaşmasına səbəb oldu. Məsələn, müharibə dövründə siyasi partiyalar tərəfindən imzalanan birgə bəyanatlarda elə şəxslərin imzaları yanaşı idi ki, onlar on illərdir ki, fərqli siyasi düşüncəyə malikdirlər. Ümummilli məsələlərdə bu kimi siyasi fikir ayrılığının bir kənara qoyulması və milli maraqlar kontekstindən çıxış edilməsi məhz yeni siyasi konfiqurasiyanın, yeni siyasi dialoq mühitinin bəhrəsidir. İkinci tərəfdən, məhz bu siyasi həmrəylik müharibə dövründə siyasi sabitliyin ən yüksək formada qorunmasına şərait yaratdı. Bütün ölkə yalnız bir amal uğrunda səfərbər oldu. Bu, özü siyasi birliyin nə qədər vacib bir amil olduğunu sübut edir.
- Siyasi partiyalar dialoq çərçivəsində müxtəlif təkliflərlə çıxış edirlər. Sizin rəhbərlik etdiyiniz partiya hansı təklifləri verib və onlardan reallaşan olubmu?
- Təbii ki, biz partiya olaraq öz fikirlərimizi, təkliflərimizi geniş ictimaiyyətə hər zaman çatdırırıq. Bu təkliflər çərçivəsində siyasi partiyaların diaspor və lobbiçilik işlərində daha aktiv olmaları yönündə silsilə layihələrin həyata keçirilməsini də təklif etmişik. Azərbaycan həqiqətlərinin və ermənilərin törətdikləri cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilməlidir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərlərinin işğaldan azad olunduqdan sonra Ağdam rayonuna səfəri zamanı erməni vandalizminin bir daha canlı şahidi olduq. Bu mənada, ermənilərin 30 ilə yaxın müddətdə və ondan da öncə apardıqları təcavüzkar siyasəti ifşa etməliyik. Düşünürəm ki, bu işdə siyasi partiyalar daha aktiv olmalıdırlar. Sosial Rifah Partiyası bu istiqamətdə kifayət qədər aktiv fəaliyyət nümayiş etdirir. Bu fəaliyyətin daha da genişləndirilməsi üçün isə müəyyən addımlar atılmalıdır. Məsələn, partiyaların əlində olan maliyyə resursu bu fəaliyyətin daha yüksək səviyyədə həyata keçməsinə imkan vermir. Parlamentdə təmsil olunmayan partiyalar fəaliyyətsiz şəkildə növbəti seçki ilini gözləməməlidir. Ona görə də, parlamentdə təmsil olunmayan partiyaların da effektiv fəaliyyəti üçün onların maliyyələşməsi məsələsi öz həllini tapmalıdır.
- Vətən müharibəsində iqtidar-müxalifət birliyinə şahidlik etdik. Əldə edilmiş qələbədən sonra, sizcə, bu həmrəyliyin davam etməsi nə dərəcədə vacibdir?
- 44 günlük Vətən müharibəsinin qələbə ilə nəticələnməsi istər regionumuzda, istərsə də ölkəmizdə yeni siyasi reallıqlar yaratdı. Qarşıya qoyulan hədəflərə çatmağımızda da ölkədəki uzunmüddətli sabitlik, iqtidar-xalq həmrəyliyi fundamental amillərdən biri qismində çıxış edir. Sabitlik olmayan ölkələrdə inkişafla bağlı ciddi problemlər yaşanır. Azərbaycan ardıcıl və məqsədyönlü siyasət sayəsində bu kimi problemlərdən yan keçməyi bacaran ölkələr sırasında yer alır. Milli həmrəylik Azərbaycanda həyata keçirilən dövlət siyasətinin strateji prioritetini təşkil edir. Siyasi dialoq mühitinin inkişaf etdirilməsi həm də siyasi münasibətlərin inkişafında əsaslı yer tutur. 44 günlük Vətən müharibəsi dövründə nümayiş etdirilən milli birlik, siyasi həmrəylik cəbhədə düşmənlə üz-üzə dayanmış Azərbaycan əsgərinin daha mübariz olmasını şərtləndirdi. O cümlədən, bu birlik və həmrəylik Azərbaycana qarşı ikili standartlardan çıxış edən bəzi xarici qüvvələrə də layiqli cavab oldu. Dialoq mühitinin inkişafı, milli həmrəyliyin gücləndirilməsi bəzi xarici qüvvələrin cəmiyyət içində ayrı-seçkilik yaradabilmə imkanlarını puça çıxarır. Təbii ki, bu prosesdə iqtidarla yanaşı, digər siyasi partiyaların da üzərinə böyük məsuliyyət düşür. Hər bir siyasi partiya dərk etməlidir ki, hakimiyyət uğrunda yalnız sivil mübarizə ortaya qoyulmalıdır. Bu gün siyasi partiyalar ölkəmizə qarşı fərqli standartlardan çıxış edən ermənipərəst mərkəzlərə və dövlətlərə layiqli cavablar verir. Bunun özü əldə olunan milli həmrəylik zəfəridir. Ən önəmlisi isə, Azərbaycan cəmiyyəti tarixdən dərs götürməyi bacardı. Vaxtilə Birinci Qarabağ müharibəsindəki parçalanmaları yaşamadıq. Hər kəs Prezidentin ortaya qoyduğu "dəmir yumruğ"un ətrafında sıx birləşdi. Bir nüansa toxunum ki, müharibə dövründə erməni mətbuatı mütəmadi olaraq Azərbaycandakı milli birlikdən nümunələr gətirirdi. Bu möhtəşəm milli birliyin əldə olunmasında cənab Prezidentin siyasi iradəsini uğurla icra edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin rolu danılmazdır.
- Dialoq prosesinin gələcəyini necə görürsünüz? Ümumiyyətlə, bu proses hara qədər davam edəcək?
- Hesab edirəm ki, bu, davamlı bir proses olacaqdır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, siyasi dialoq daha da dərinləşdirilməlidir. Siyasi dialoq ölkəmizin gələcək inkişafı üçün əhəmiyyətlidir. Dialoq Qarabağ zəfərinin qazanılmasında böyük əhəmiyyət daşıdı. Ölkəmizdə nail olunacaq siyasi nailiyyətlərin hər biri Azərbaycanın beynəlxalq imicini daha da gücləndirəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan hazırda Cənubi Qafqazın yeni güc mərkəzi statusunda çıxış edir. Bu mənada, regional lider statusunda olan ölkəmizdə gedən siyasi islahatların davamlılığı müsbət perspektivlər vəd edir. Azərbaycan bu gün istər qlobal pandemiyaya qarşı birgə mübarizənin təşkilində, istərsə də, Qoşulmama hərəkatının sədri qismində dünyada baş verən kataklizmlərə qarşı fəal siyasi oyunçu mövqeyini ortaya qoyur. Bu baxımdan islahatların davamlı hal alması ümumi inkişaf tendensiyasını daha da sürətləndirəcək.
- Əvvəllər də ölkəmizdə dialoq adına müxtəlif təşəbbüslər olub. Və bu prosesdə bəzi xarici dairələr ATƏT, ABŞ səfirliyi vasitəçilik etməyə çalışıb. Sizin fikrinizcə, kənarmüdaxilə olmadan aparılan dialoqun hansı üstünlükləri var?
- Bu gün Azərbycan istər xarici siyasi müstəvisində, istərsə də daxili siyasi arenada müstəqil siyasi kurs yürüdür. Kimlərinsə ölkə daxilində "hakimlik" etmək istəyi qəbulolunmazdır. Nə üçün kimsə eyni xalqın nümayəndələri arasında "körpü" kimi çıxış etməlidir? Savadlı və intellektual cəmiyyətə malik Azərbaycanda bütün məsələlər müzakirə ilə öz həllini tapır. Kimlərinsə hansısa proseslərdə "barışdırıcı" və ya "araçı" qismində həmin xarici dairələrin öz şəxsi maraqlarının təminatına yönəlir. Məsələn, Azərbaycan Dağlıq Qarabağ məsələsində son sözü özü dedi. Ölkəmiz 30 ilə yaxın bir zamanda BMT TŞ-nın qəbul etdiyi qətnamələrin icrasını gözlədi. Nəticədə bu qətnamələr yerinə yetirilmədi. Avropa təsisatları əgər problem həll etmək iqtidarındadırlarsa, elə Ermənistana qarşı daha sərt mövqe ortaya qoyardılar. Ermənistanı BMT TŞ qətnamlərinə riayət etməyə məcbur etsəydilər, bu qədər insan öz həyatını itirməzdi. Bu baxımdan, 30 il yaxın müddətdə Qarabağ münaqişəsini həll edə bilməyən, qəbul etdiyi qətnamənin icrasını həyata keçirmək iqtidarında olmayanların Azərbaycanın siyasi partiyaları arasında birləşdirici funksiya rolunu üstənməsi real deyil. Biz özümüz müzakirələrlə bütün məsələlərdə həll variantını müəyyənləşdirə bilirik.
- Siyasi dialoqun daha da dərinləşməsi üçün qarşıda hansı addımların atılmasına ehtiyac var?
- Fikrimcə, siyasi partiyaların fəaliyyəti üçün müəyyən yeni meyarlar yaradılmalı, parlamentdə təmsil olunmayan siyasi partiyaların da maliyyələşməsi mexanizmləri müəyyənləşdirilməlidir. Bəzi hallarda bir sıra siyasi partiyaların hansısa xarici fondlar tərəfindən maliyyə adı altında şəxsi maraqlar üçün istifadəsinin belə şahidi olmuşuq. Bunun qarşısı alınmalıdır. Hesab edirəm, siyasi partiyaların maliyyələşdirilməsi mexanizmlərinin müəyyənləşdirilməsinin qanunla öz həllini tapması bütün siyasi təşkilatlar üçün yeni bir inkişaf mərhələsi yaratmış olar.
PƏRVANƏ