|
|
|
|
Qərb bölgəsində aztəminatlı, əlil üzvlü, eləcə də psixoloji və daxili problemli ailələrin övladlarının cəmiyyətə qovuşması yönündə fəaliyyət göstərən, tərkibi əsasən təşəbbüskar gənclərdən ibarət "Mənəvi dayaq" Uşaq və Gənclər İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə xeyriyyəçi tədbir keçirib.
Belə ki, şəhərdəki restoranların birində ehtiyacı olan ailələrin övladları, həmçinin, fiziki qüsurlu uşaqlar üçün bayram şənliyi təşkil edilib. Şənlik həm də tədbirdən sonra necə deyərlər, "kişilər cərgəsinə qoşulacaq" 15 nəfər oğlan uşağının kiçik toyu anlamına da gəlib.
"Biz düşünürük ki, hər bir kəs gərək cəmiyyətimiz üçün öz qüvvəsi çərçivəsində xeyirxah işlər görsün. Son on ildə artıq 170 nəfərdən çox oğlan üçün belə "kiçik toy" təşkil etmişik. Yeri gəlmişkən deyim ki, "küçə uşaqları" kateqoriyasına daxil olan, əsasən problemli ailələrdən çıxmış uşaqların da cəmiyyətə qaytarılması yönündə işləyirik. Sevinirik ki, vaxtilə belə uşaqlardan iki nəfəri hərbçi, bir nəfəri isə polis kadrları hazırlayan tədris ocaqlarına göndərə bilmişik, onlar artıq zabitdirlər", - deyə təşkilatın rəhbəri Arzu Orucov bildirir.
Müsahib həmçinin, Vətən müharibəsindəki qələbəmizdən sonra cəmiyyətdə xeyirxah işlərə həssaslığın artdığının müşahidə edildiyini də vurğuladı.
Zakir Muradov
Gəncə