
Fyodor Dostoyevski nəinki rus, hətta dünya ədəbiyyanın ən böyük yazıçılarından biridir. “Gizlindən qeydlər”, “Cinayət və Cəza”, “Qumarbaz”, “İdiot”, “Əbədi ər”, “Cinlər” kimi əsərlərin müəllifi olan yazarın yaradıcılığında 1861-ci ildə Peterburqdan qayıtdıqdan sonra qələmə aldığı “Alçaldılmış və təhqir edilmiş insanlar” romanı xüsusi yer tutur. Romanı yazıçının digər əsərlərindən fərqləndirən əsas cəhət isə əsərin olduqca axıcı və hadisələrin insanı yormayan süjet xətti ilə cərəyan etməyidir. Əsərin ana xəttində sosial təbəqələşmə, yuxarı təbəqənin insanlarının özündən aşağıda dayananlara xor baxmağı, insan iztirabı, alçaldılmış və təhqir edilmiş insanların faciəvi həyatı, cəmiyyətimizdəki iyrəncliklər, sevgi, nifrət, dostluq Dostoyevski qələmi ilə ustalıqla qeyd alınıb.
“Alçaldılmış və təhqir edilmiş insanlar” romanı mülkədar İxmenevin evində böyüyən və onun qızı Nataşaya aşiq olan İvan Petroviçin (Vanya) dilindən nəql olunur. İvan Petroviç əsərdə tənqidi yazıçı, dostluq, sevgi, qardaşlıq, humanistlik kimi yüksək keyfiyyətlərə sadiq qalan obraz kimi təsvir olunub. Vanya obrazının əksi isə özündə fırıldaqçılığı, ikiüzlülüyü, məqsədinə çatmaq üçün bütün pislikliləri etməyə qadir knyaz Volkovski xarakteridir. Knyaz romanın əvvəlində mülkədar İxmenevin zəhmətkeşliyini bəyənərək öz mülkünü və oğlu Alyoşanı mülkədara tapşırır. Oğlu Alyoşanın İxmenevin qızı Nataşaya aşiq olması isə romanın gedişatını tamamilə dəyişir. Alyoşa xaraktercə zəif, nə istədiyini bilməyən, qərar verməkdə çətinlik çəkən, hətta sevgisinə belə sadiq qalmayan iradəsiz obrazdır. Alyoşa ilə Nataşanın sevgisindən xəbər tutan knyaz Volkovski onlara qarşı çıxmağa və öz hiyləgər planlarını həyata keçirməyə başlayır. Hətta güvənərək mülkünü etibar etdiyi İxmenevi şərləməklə nə qədər axmaq, eqoist bir insan olduğunu bir daha sübut edir. Mülkədar İxmenev və Knyaz Volkovski obrazları sanki cəmiyyətimizdəki sosial təbəqələşmənin, kasıb və varlı arasındakı ziddiyyətləri əks etdirən xarakterlərdir. Elə romanı oxuyarkən də knyazın oğlunun kasıb qızla evlənməyə qarşı çıxdığını və onu varlı ailədən olan qızla evləndirməyə çalışdığını görürük. Amma Knyaz Volkovskinin bu izdivaca qarşı çıxdığını bilən Nataşa öz sevgisinin arxasınca getmək qərarına gəlir. Hətta bu halda atasının ondan imtina edəcəyini bilsə belə...
Onlar Alyoşanın kirayə tutduğu evdə yaşamağa başlayırlar. Amma knyazın hiyləgər və məkrli planları cütlüyü burada da rahat buraxmır. Atasının ondan üz döndərdiyini bilən Nataşaya isə ən böyük təsəllini onun uşaqlıq dostu olan Vanya verir. Alyoşanın Nataşanı həqiqətən sevib-sevmədiyi isə əsəri oxuyarkən sual yaradır. Elə romanı oxuyanda görürük ki, knyazın oğlu üçün tapdığı Katya adlı qızla dostlaşan Alyoşa sonradan elə ona aşiq olur. Katya Nataşanın Alyoşanı necə sevdiyini bilirdi. Hətta xarakterinə də yaxşı bələd idi və Katya onun Nataşaya olan sevgisinə sadiq qalmayacağını da əvvəlcədən hiss edir. Elə Nataşa da Alyoşanın xarakterinə bələddir. Bilir ki, xaraktercə çox zəif olan Alyoşa onu yarı yolda qoyacaq. Amma görünür, Alyoşaya olan sevgisi qıza düzgün qərar verməkdə çətinlik yaratmışdı. Oxucu əsərin sonuna çatanda Alyoşa obrazı haqqında təxminlərdə yanılmadığını görür. Alyoşa atası knyazın çirkin oyununa düşür. Bəlkə də zəif xarakteri onun Nataşaya olan sevgisinə sadiq qalmağına imkan vermir. Alyoşa sonda atasının onun üçün tapdığı və evləndirməyə çalışdığı Katya ilə getmək qərarına gəlir. Əsərin sonrakı gedişatı isə bir az fərqli cərəyan edəcək...
Bu yerdə sizə bir qədər əsərin əvvəli haqqında bir az danışmaq istəyirəm. Romanın əsas obrazı olan Vanyanın diqqətini qoca kişi və ona həmişə sadiq qalan iti çəkir. Onlar haqqında maraqlanmağa başlayan Vanya yaşlı kişinin arxasınca gedir, amma qocanın qəfil ölümü hadisələrinin sonrakı cərəyanını bir az dəyişir. Qocanın ölümündən sonra onun yaşadığı evi kirayə tutan Vanya qocanın nəvəsi Nelli ilə tanış olur. Nelli qoca kişinin nəvəsi olmaqla yanaşı, həmçinin, knyaz Volkovskinin qızıdır. Bəli, knyaz elə gəncliyində də olduqca hiyləgər və axmaq insan olub. O, qoca kişinin qızını aldadır. Əslində isə qoca kişi əvvələr olduqca varlı olub, amma qızının onu atıb getməyi və sonrakı hadisələr onun həyatını tamamilə dəyişib. Nellinin anası sonra nə qədər atası ilə barışmaq istəsə də, atası onu bağışlamayıb və sonda ağır xəstəlikdən və olduqca şəraitsiz bir evdə dünyasını dəyişib. Bunları yazmaqda əsas məqsədim isə əsərin sonrakı hadisələrində Nelli və onun anasının başına gələnlər mühüm rol oynayacaqdır.
İndi isə gələk Nataşaya, bəli, Alyoşa artıq Katya ilə gedib və Nataşa olduqca peşman və atasının onu bağışlamağını istəyir. Amma mülkədar İxmenev qızını bağışlamamaqda olduqca inadkardır. Əlbəttə ki, atasının qürurunu heçə sayaraq, onu knyazın qarşısında üzüqara edən bir övladı bağışlamaq olduqca çətindir. Amma Nataşanın da İxmenevin nə qədər əziyyət çəkdiyini və onlara barışmağa mane olan qürur hissinin olduğunu bilən Vanya onların yenidən barışmağı üçün planlar qurmağa başlayır. Vanya fikirləşir ki, Nelli və onun anasının atası tərəfindən bağışlanmadığını, çətin həyatını İxmeneve danışsa, o, qızını bağışlayacaqdır. Bəli, həqiqətən də ata İxmenev Nelli ilə tanış olduqdan sonra Nelli və onun anasının başına gələnləri bildikdən sonra qızı Nataşanı bağışlayır.
Əsərdə bir-birinə zidd obrazlar olduqca çoxdur. Biz isə, obrazlar arasındakı təzadları əsəri oxuduqca təhlil edib, yaxşı-pis, kasıb-varlı, dürüst-yalançı kimi bir-birinə ziddiyyətlik təşkil edən xarakterlərlə tanış olduq. Dostoyovski bu dəfə də ənənəsinə sadiq qala bildi. İnsan psixologiyasını, insan xarakterini, sevginin insana düzgün qərar verməkdə yaratdığı çətinlikləri Nataşa, bütün hallar da öz sevgisinə, dostluğuna sadiq qalmağı bacaran Vanyanı, zəif və iradəsiz Alyoşanı, ancaq öz məqsədləri üçün çalışan Knyaz Volkovskini, onu düşmənin yanında alçaldan, amma sonra qızını bağışlamağı bacaran mülkədar İxmenevi tanıdıq. Bəli, həqiqətən də “Alçaldılmış və təhqir edilmiş insanlar” romanı insanda dərin izlər buraxır. Yəqin ki, səbəbi Fyodor Dostoyevskinin obrazları xüsusi incəliklə, insan psixologiyasını tam dəqiq şəkildə təsviretmə bacarığıdır. Bu dəfə də rus ədəbiyyatının ən böyük tənqidi yazıçısı cəmiyyətdəki iyrənclikləri elə yaşadığımız, gün ərzində rastlaşdığımız insanların psixologiyasına gözəl bələd olaraq romanın obrazlarını yarada bilmişdi. Səbəb elə bu ola bilər ki, əsəri oxuduqdan sonra təsirindən çıxmaqda çətinlik çəkirik. Çünki obrazlar elə bizim tanıdığımız insanlara olduqca yaxındır.
Göyçək SÜLEYMANZADƏ



