|
|
|
|

525.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra biz görürük ki, Ermənistan uzun illər işğal altında saxladığı torpaqlarımızda təbiətə də qarşı düşmən münasibət sərgiləyib. Ermənilərin törətdiyi terror nəticəsində regionun ekologiyası üçün ciddi təhlükələr yaranıb. Belə ki, həmin ərazilərdə bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilər yandırılıb, qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilib. Ümumilikdə, yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində bu bölgədə ekoloji tarazlıq pozulub və Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib.
Millət vəkilinin sözlərinə görə, ən təhlükəli məqamlardan biri də budur ki, su mənbələri də çirkləndirilib, radiaktiv tulantılar sulara axıdılıb. Bütün bunlar beynəlxalq cinayətlərdir. Biz bilirik ki, Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 %-i qonşu ölkələrdə formalaşıb, transsərhəd su axınları hesabınadır. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu barədə aparılan monitorinqlə bağlı ətraflı məlumat yaydı. Monitorinqin nəticələrindən də göründüyü kimi, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın ekoloji terroru ilə bağlı müvafiq beynəlxalq təşkilatlara müraciətlər ünvanlayır. Amma məsələ burasındadır ki, Ermənistan hələ də Transsərhəd Su hövzlərinə dair Helsinki Konvensiyasına qoşulmayıb. Bu beynəlxalq sənəd transsərhəd səth və yeraltı sularının ekoloji cəhətdən etibarlı idarə olunmasına və qorunmasına yönəlmiş milli tədbirlərin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bir mexanizm rolunu oynayır.
Ona görə də, mən hesab edirəm ki, millət vəkilləri olaraq bizlər də fərdi olaraq, yaxud Azərbaycan parlamentinin dostluq qrupları adından ermənilərin bu cinayəti ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət etməliyik. Bu prosesdə diaspor təşkilatlarımız da xarici ölkələrdə fəal olmalıdır. Xüsusilə Avropa ölkələri ermənilərin bu cinayətinə etiraz səsini ucaltmalıdır, çünki Avropa ekoloji tarazlığın qorunmasında hər zaman maraqlı tərəf olur, daha çox önəm verir. Dünya hamımızın dünyasıdır, bu baxımdan ekologiya sahəsində dünyada tanınmış Greenpeace, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, Ümumdünya Təbiət Fondu (WWF), Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN), Avropa Ətraf-mühit Agentliyi kimi beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti Ermənistanın təbiətə, ətraf mühitə və ekologiyaya qarşı törətdiyi vandalizmi, ekoloji terroru kəskin şəkildə pisləməli və buna qarşı beynəlxalq hüquq çərçivəsində addımlar atılmalıdır.”,-deyə Fatma Yıldırım qeyd edib.



