|
|
|
|

“Prezident İlham Əliyevin iyulun 7-də “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı tarixi Fərman Vətən müharibəsinin yekunu olaraq ərazi bütövlüyümüzün və suverenliyinimizin daha bir təzahürü, respublikada həyata keçirilən sosial-iqtisadi islahatların keyfiyyətcə yeni mərhələsidir. Azərbaycanın 44 günlük vətən müharibəsində əldə etdiyi zəfərdən sonra formalaşmış yeni şəraitə, yeni reallıqlara uyğun olaraq yeni tələblər ortaya çıxır ki, bu anda iqtisadi rayonlara həmin reallıqlar və potensiallara uyğun olaraq yanaşmanın həyata keçirilməsi, yeni təsnifatın yaradılması ən uğurlu və doğru addımdır. Cənab Prezidentin bu Fərmanı həm də 10 noyabr və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların mahiyyətinə tam uyğundur, eyni zamanda, həmin bəyanatların maddələrinin maneəsiz və rasional şəkildə reallaşdırılması deməkdir.
Bu fikirləri 525.az-a açıqlamasında millət vəkili Tamam Cəfərova bildirib. O bildirib ki, ölkə başçısının Fərmanı ilə iqtisadi rayonların sayının 10-dan 14-ə çatdırılması ölkədə daha çevik və səmərəli iqtisadi siyasətin həyata keçirilməsini şərtləndirəcək:
"Hazırda respublikamızın qarşısında duran ən ümdə məsələ qələbənin əbədiləşdirilməsi üçün doğma torpaqlarından köçkün düşən insanların öz yerlərinə qayıdışını təmin etmək, həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını təşkil etməkdən ibarətdir. Odur ki, əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılması günün tələbi idi. İqtisadi rayonların yeni təsnifatı Azərbaycan iqtisadiyyatının inkişafı baxımından, eləcə də rayonlarımızın iqtisadi potensialının genişləndirilməsi baxımından vacibdir. Eyni zamanda, işğaldan azad edilən ərazilərimizin istər sənaye, istər turizm, istərsə də aqrar sektorda böyük potensialı var. Bir sözlə, iqtisadi rayonların yeni bölgüsü Azərbaycanda iqtisadi inkişafın sistemliliyi baxımından ən doğru addımdır və bu da iqtisadi inkişafın daha qısa zamanda formalaşmasına stimul yaradacağı zərrə qədər şübhə doğurmur.
Prezident cənab İlham Əliyevin məlum Fərmanına əsasən yeni bölgü özündə tarixi reallığı və iqtisadi səmərəliliyi ehtiva edir: “hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir”.
İqtisadi rayonların yeni təsnifatına yeni adda, yəni Qarabağ və eləcə də Şərqi Zəngəzur iqtisadi rayonlarının adlarının daxil edilməsini xüsusi olaraq vurğulayan millət vəkili qeyd edib ki, bu həm strateji baxımdan, həm iqtisadi baxımdan, həm də təbii ki, tarixi baxımdan kifayət qədər vacib bir qərardır, əhəmiyyətli bir addımdır. Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması özü də tarixi ədalətin bərpasıdır. Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının Zəngəzur dağ silsiləsi ilə əhatə olunması, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində yerləşməsi, eyni coğrafi məkanda olması, 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində, yəni tarixən birlikdə olması həmin rayonların eyni iqtisadi zonada birləşməsini əsaslandırır ki, bu, məhz tarixi ədalətin bərpası olduğunu isbatlayır.
Millət vəkili həmçinin bildirib ki, Fərmanında Qarabağa vahid yanaşma var. Bu yanaşma da ondan ibarətdir ki, dağlıq və aran Qarabağ bir götürülür. Yeni Qarabağ İqtisadi Rayonunun yaradılması özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi baxımıdan da vacibdir:
"Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. Bu fərman böyük qayıdışımızın bariz nümunələrindəndir və özündə dövlətimizin bu istiqamətdə gələcək fəaliyyət istiqamətləri ilə bağlı nüansları da əks etdirir. Şübhə yoxdur ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsinin ardınca “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” sənədin imzalanması işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsinə, işlərin vahid proqram əsasında aparılmasına əhəmiyyətli töhfələr verəcək".
Sonda millət vəkili qeyd edib ki, Dövlət başçısı İlham Əliyev tərəfindən iqtisadi rayonların yeni bölgüsünün təsdiqlənməsi, Azərbaycan torpaqlarının tarixi adlarının bərpası bir sıra ciddi siyasi mesajların verilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir:
Bunlardan birincisi inzibati vahidlərin ayrılıqda məhz Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilməsidir və bu, artıq bütün dünyaya verilmiş və qələbəmizlə möhürü vurulmuş “Qarabağ Azərbaycandır!” şüarının növbəti rəsmi ifadəsi hesab edilə bilər. Fərman həm ermənilərin "status" məsələsini birdəfəlik dəfn etdi, həm də bu radikal müxalifətin 44 günlük Vətən müharibəsindən sonra Xankəndi, Xocalı və Xocavəndin taleyi ilə bağlı spekulyasiyalarının üstündən qalın xətt çəkdi. İkinci önəmli məqam isə təbii ki, Zəngəzurla bağlıdır. Yeni iqtisadi rayonun məhz “Şərqi Zəngəzur” adlandırılması, iqtisadi mahiyyət daşımaqla yanaşı, həm də çox mühüm siyasi və geosiyasi çəksisi olan, tarixi gerçəklərə, Şuşa Bəyannaməsilə daha da möhkəmlənən mövqeyimizə, Azərbaycanın bugünkü qüdrətinə dayanan və möhtəşəm gələcəyinə hesablanan bir addımdır. “Fikrimcə, bəzi dairələrə ünvanlanmış çox ciddi mesajdır, çünki bu mesaj dolayı da olsa, fikirlərdə həm də Qərbi Zəngəzurla da səsləşir”.
Sevinc Qarayeva



