|
|
|
|
Xalqların genetik yaddaşı, tarix boyu keçdikləri yol, yaşadıqları coğrafiya təkcə onların adət-ənənələrində deyil, iqtisadi münasibətlərində də öz əksini tapır.
Bir dəfə müəllimimiz danışırdı ki, Sovet dönəmində bir yəhudi ilə qonşu imiş. Həmin yəhudi dostu bütün pulunu qızıla və övladının təhsilinə xərcləyirmiş. Bunu da onunla əsaslandırırmış ki, bir yerdən başqa yerə köçmək lazım gələndə insan evini apara bilmir, ancaq qızılını və savadlı övladını apara bilir. Müəlliməmin dediyinə görə, ilk düşən fürsətdə də həmin qadın qızıllarını və təhsilli övladını götürüb İsrailə köçüb. Yəqin həmin qadının bu yanaşması təqiblərə məruz qalan, yaşayış yerini tez-tez dəyişməyə məcbur olan bir millətin nümayəndəsi üçün gözləniləndir. İstənilən halda ağıllı insan ancaq bu cür düşünə, bu cür davrana bilərdi.
Zamanın da iqtisadi münasibətlərdə böyük əhəmiyyəti var. Məsələn, doxsanıncı illərdə pulu banklarda batan azərbaycanlılar içərisində bu gün də pulunu banka qoymaqdan ehtiyat edən, yastığının altında saxlayanlar var. Təbii ki, bu, sadəcə bir versiyadır, amma kifayət qədər əsaslı versiyadır.
Xalqların pula yanaşması ilə bağlı bir çox nümunələr var. Məsələn, almanların istirahətə, rusların içki məclislərinə, fransızların qidaya daha çox pul xərclədikləri deyilir. Fransanın keçmiş prezidenti De Qolun "300 pendir növü olan bir xalqı idarə etmək sizə o qədər də asan gəlməsin" fikrini qeyd etmək yerinə düşər.
Pula münasibətdə yaş faktorunun da böyük əhəmiyyəti var. Gənc yaşlarında pulu daha çox istirahətə, gəzməyə xərcləyən insanların zamanla istiqaməti dəyişdiyini, əsasən də otuz yaşdan sonra daha çox ev, maşın kimi şeylərə yatırım etdiyi müşahidə edilir. Təbii ki, bu davranışın da əsas səbəblərindən biri psixoloji məqamlardır. Müəyyən yaşı keçdikdən sonra insan dönüb arxaya baxmağa, nələri qazanıb nələri itirdiyini daha çox analiz etməyə meyilli olur. Bu zaman maddi imkan yaşadığı həyatın keyfiyyət meyarı kimi də qiymətləndirilir. 25 yaşında arxasında dar günü üçün pulunun olmamasından narahat olmayan bir adam 35 yaşından sonra buna görə narahatlıq keçirə bilər. Təbii ki, söhbət hamıdan yox, çox adamdan gedir.
Bu məsələdə xalqın mentaliteti də böyük rol oynayır. Məsələn, bizim kimi toplumlarda ailə büdcəsinin idarə olunmasında ailə başçısının üzərinə böyük yük düşür. Ailə başçısının öz himayəsində olan ailə üzvlərinin maddi tələbatını ödəməsi sanki yazılmamış qanun kimi qəbul edilir. Qərb toplumlarında isə 18 yaşından müstəqil həyata qədəm qoyan fərdlər maddi müstəqilliyini də təmin etməli olurlar.
Uzun sözün qısası, iqtisadi münasibətlər təkcə quru rəqəmlərdən ibarət deyil. İnsan, insanın hadisələrə münasibəti faktoru bir çox yerdə olduğu kimi burada da aktualdır. Hansı xalqdan, yaxud hansı yaşda olmağımızdan asılı olmayaraq xərclərimizə nəzarət etməkdə fayda var. Nəzarət təkcə qənaət deyil, həm də düzgün şəkildə büdcəni yönləndirməkdir.