
Görkəmli bəstəkar, Respublikanın Xalq artisti, Respublika dövlət mükafatı laureatı, professor Süleyman Əyyub oğlu Ələsgərov 22 fevral 1924-cü ildə Şuşa şəhərində anadan olub. 1940-cı ildə Şuşa orta ixtisas musiqi məktəbinin tar sinfini, 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin direktoru, daha sonra Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının bədii rəhbəri, uzun müddət Bakı Musiqi Akademiyasının professoru olub, Azərbaycan xalq musiqisi kafedrasına başçılıq edib.
Hər dəfə Hüsü Hacıyev küçəsi ilə Yazıçılar Poliklinikasına sarı gedəndə elə bilirəm bu saat Süleyman müəllim qarşıma çıxacaq. Həmişəki kimi hal-əhval tutduqdan sonra söhbəti Qarabağdan salacaq, Şuşadan, Ağdamdan... danışacaq. Bir anda sevincimiz qəmə dönəcək. Sonra Süleyman müəllim dünya görmüş bir ağsaqqal kimi mənə ürək-dirək verəcək:



