|
|
|
|

Təhsil Nazirliyi orta məktəblərin fəaliyyətindəki nöqsanlarla bağlı daxil olmuş məlumatları operativ araşdırıb.
Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin QHT və KİV-lərlə İş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib ki, aparılan araşdırma Siyəzən rayon Təhsil Şöbəsinin müdirinin zəif nəzarəti nəticəsində tabeliyində çalışan işçilərin vəzifə funksiyalarının icrası zamanı qanunvericiliyin tələblərinə tam şəkildə riayət etmədiyini və fəaliyyətlərini müasir tələblər səviyyəsində qura bilmədiklərini aydınlaşdırıb. Bütün bunları nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən Siyəzən rayon Təhsil Şöbəsinin müdirinə, şöbənin böyük məsləhətçisi və metodistinə töhmət verilib.
Tərtər rayon Evoğlu kənd orta məktəbinin direktor müavinin şikayəti əsasında tədris ocağında araşdırma aparılıb. Aparılan araşdırma zamanı məlum olub ki, Tərtər rayon Evoğlu kənd orta məktəbinin direktoru ciddi nöqsana yol verib. Belə ki, IX və XI sinif şagirdlərinin davamiyyəti aşağı olsa da, bu barədə jurnalda qeydiyyat aparılmayıb. İşçilərə qeyri-qanuni əmək haqqı hesablandığına və digər bu kimi nöqsanlara yol verdiyinə görə məktəbin direktoru vəzifəsindən azad edilib.
Laçın rayon Ağgöl kənd orta məktəbində aparılan araşdırmaların nəticələrinə əsasən müəyyənləşdirilib ki, müəllimlərin dərs planları düzgün tərtib edilməyib, sinif jurnallarında və şəxsi işlərində ciddi səhvlərə yol verib, əmək intizamına düzgün riayət olunmayıb. İşinə səhlənkar yanaşdığına və təlim-tərbiyə işinin təşkilində yol verdiyi nöqsanlara görə məktəbin direktoru vəzifəsindən azad edilib.
C.Valehovun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən vətəndaşların müraciət və şikayətlərini bundan sonra da operativ araşdırılması və müvafiq tədbirlərin görülməsi təmin olunacaq.



