|
|
|
|

Azərbaycanın təhsil sistemində ABŞ və Avropanın nüfuzlu universitetləri ilə ikitərəfli və beynəlxalq konsorsiumlar çərçivəsində çoxtərəfli əlaqələri sistemli şəkildə qurmaqda öncül olmuş Qərb Universiteti bu ənənəni davam etdirir. Universitet etibarlı və məsuliyyətli tərəfdaş kimi, birgə əməkdaşlığa, eləcə də, ikitərəfli və çoxtərəfli layihələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə xüsusi həssaslıqla yanaşır, vəzifələsini uğurla həyata keçirir. Bu səbəbdən də, hələ 20 il əvvəl qurulan münasibətlər indi də bəhrəsini verir.
1995-ci ildə Qərb Universiteti Böyük Britaniyanın Kolderdeyl kolleci ilə birlikdə bazar iqtisadiyyatına keçid dövründə ali təhsil sisteminin inkişaf etdirilməsinə həsr olunmuş TASİS layihəsində iştirak etmişdi. Həmin layihə Böyük Britaniya universitetləri ilə digər silsilə layihələr üçün əsas olmuşdur. Onlardan biri də Nou-hau Fondunun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri ilə Təhsil sahəsində Reqional əməkdaşlıq layihəsidir. Layihə Britaniya Şurası tərəfindən həyata keçirilirdi. Maliyyə xidmətləri üzrə tədris proqramlarının yaradılmasına yönəlmiş layihə üzrə partnyor-institut Notingem Trent Universiteti idi. Layihənin kordinatoru Notingem Trent Universitetinin və İndiana Universitetinin professoru, həmçinin Qərb Universitetinin fəxri professoru Rendel Beyker olub.
Rendel Beyker ABŞ-da sosial-siyasi elmlər üzrə görkəmli mütəxəssislərdən sayılır. Tədqiqat sferasına siyasi elmin və sosiologiyanın müxtəlif sahələri, dövlət idarəçiliyi, elmşünaslıq, ətraf mühit hüququna dair geniş spektri əhatə edən mövzular daxildir. Professor İspaniyanın Sevilya, Madrid şəhərlərində, Böyük Britaniya, Boliviya, Bolqarıstan və Azərbaycanda bir sıra universitetlərin qurulmasına böyük kömək göstərib.
Qərb Universiteti ilə əlaqələrinə xüsusi önəm verən professor Beyker mayın 1-dən 16-dək QU tələbələri üçün "Niyə Amerika Avropa deyil?", Ətraf mühit: elm, siyasət və dəyərlər", "Təbiət və dəyişikliklərin bizə təsiri və biz bunu necə idarə edə bilərik?" mövzularında 10 günlük kurs aparacaq.
Aprelin 28-dən isə Böyük Britaniyanın çox nüfuzlu ali məktəblərindən olan İmperial Kollec Biznes Məktəbinin professoru, marketinq, biznes strategiyası, beynəlxalq biznes sahələrində görkəmli mütəxəssis kimi İngiltərənin akademik dairələrində böyük nüfuza malik Kolin Lav "Təşkilat və davranış", "İnsan resurslarının idarə edilməsi" mövzularında kurs keçir. Məşğələlər mayın 2-dək davam edəcək.



