Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan yazıçısı, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi Qılman İlkinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. İdarədən "525"ə verilən məlumata görə, "Qələmlə çarpışan mücahid ömrü" adlanan tədbir keçirildiyi Mərdəkan Mədəniyyət Sarayının foyesində Qılman İlkinin yaradıcılığını, ömür yolunu əks etdirən fotolardan, qəzet və kitablardan ibarət sərgi ilə başlayıb. Tədbirdə ədəbiyyatşünas alim, professor Eldar Abbaszadə Qılman İlkinin həyat və yaradıcılıq yolundan, qələmə aldığı əsərlərin ideya və bədii keyfiyyətlərindən danışıb.
Qeyd edilib ki, "Qalada üsyan", "Dəniz qapısı", "Madam Qədri" adlı romanları, "Həyat yollarında", "Ömrümün cavan çağları", "Üçtəpə uşaqları", "Dəniz həmişə göy olur" və digər povestləri, eləcə də neçə-neçə hekayə və pyesləri ilə Qılman İlkin ədəbiyyatımıza öz töhfəsini verib. Onun "Bakı və bakılılar" kitabı isə təkcə Bakının deyil, ətraf kəndlərin tarixinə dair zəngin materialların yer aldığı qiymətli mənbədir.
Kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə ədibin kino yaradıcılığından söz açıb: "Qılman İlkin "Yenilməz batalyon" və "Kölgələr sürünür" bədii filmlərindən başqa, bir neçə sənədli film və televiziya tamaşalarının ssenari müəllifidir. Digər çıxış edənlər də yazıçının yaradıcılığının müxtəlif məqamlarından, həmçinin bir naşir və redaktor kimi fəaliyyətindən söhbət açıblar. Bədii qiraət ustaları yazıçının əsərlərindən parçalar təqdim edib, filmlərindən fraqmentlər göstərilib. Sonda görkəmli yazıçının həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət slaydlar nümayiş olunub.
S.ABDULLAYEVA



