
BİNƏQƏDİ RAYON POLİS İDARƏSİNİN MÜSTƏNTİQİ HADİSƏDƏN 7 AY SONRA "TAPILAN" ŞAHİDLƏRİN İFADƏLƏRİNƏ ƏSASLANARAQ ƏSL GÜNAHKARI MƏSULİYYƏTDƏN NİYƏ KƏNARLAŞDIRIR?
Bu günlərdə redaksiyamıza Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 50/57, bina 4, mənzil 64 ünvanında yaşayan Muxtarov Elşad Əbülfət oğlunun şikayət məktubu daxil olub.
E.Muxtarov baş vermiş yol-nəqliyyat hadisəsindən sonra başına gətirilən oyunlardan, hüquq-muhafizə orqanlarının məsələnin mahiyyətini ört-basdır etməyə çalışmasından söz açır:
"28 dekabr 2012-ci il tarixində saat 18:30 radələrində Xochəsən yolunda idarə etdiyim "Hunday Sanata" markalı avtomobillə öz yolumla hərəkət edərkən qarşı tərəfdən əks istiqamətdə hərəkət edən "Porşe Kayen" markalı 10 ZU 014 dövlət qeydiyyat nişanlı avtomobil qoşa xətti keçərək mənim yoluma çıxmaqla idarə etdiyim avtomobillə toqquşdu. Bu zərbədən sonra avtomobilim geriyə hərəkətlənərək arxadan gələn avtomobillə toqquşaraq əks istiqamətdəki xəttə keçdi. Zərbədən dağılmış olan hər iki avtomobilin yəni, "Porşe Kayen" markalı avtomobilin və mənə məxsus olmuş "Hunday Sanata" markalı avtomobilin qırıntıları mənim hərəkət istiqamətimə töküldü. Bu faktı sonradan dayanmış vəziyyətdə olan avtomobilimlə toqquşmuş "Qazel" markalı avtomobilin sürücüsü də təsdiq etdi. "Porşe Kayen" markalı avtomobilin sürücüsü qanunla həmin avtomobili idarə etmək hüququna malik olmadığından (etibarnaməsi olmadığından) və avtomobildə tək olduğundan hadisə yerindən xəstəxanaya çatdırılmam üçün mənə heç bir köməklik göstərmədi.
Sonradan mənə məlum oldu ki, həmin avtomobili idarə etmək üçün etibarnaməsi olan bir şəxsin də bu maşında olması göstərilib. Hətta ondan mənim əleyhimə ifadə də alınıb. Qəza zamanı ağır xəsarət alsam da hadisənin təqsirkarı olan bu şəxs mənə heç bir yardım etmədi. Ərazidə olan kənar şəxslər mənə köməklik göstərdilər. Yaxın qohumlarıma zəng vurduqdan sonra onlar hadisə yerinə gəldilər. Maraqlıdır ki, sonradan "şahidlər" peyda olub. Hadisə yerində olmayan sonradan olay yerinə gələn həmin "şahidlərin" ifadələrinə görə, guya məni arxadan gələn avtomobil vuraraq "Porşe Kayen" markalı avtomobilin yoluna atıb. Hadisə yerinə xeyli sonra gələn bu "şahidlərin" qəza anını necə görmələri çox maraqlıdır. Qəzanın baş verdiyi vaxtda başlanan cinayət işi üzrə hadisənin baş vermə sxemi müəyyən edilərkən günahın "Porşe Kayen" markalı avtomobilin mənim yoluma çıxması ilə baş verdiyi göstərilsə də, sonradan hansısa maraqlar naminə və hadisə yerinə sonradan gələn şəxslər bu olayın bilavasitə şahidi kimi göstərilib. Həmin şəxslərin hadisənin bilavasitə "şahidi olduqları" və "Porşe Kayen" markalı avtomobilin sürücüsündə günahın "olmadığı" müəyyən edilib.
Maraqlısı ondan ibarətdir ki, ekspert rəyinə görə gəlinmiş nəticədə göstərilir ki, arxadan gələn ağır yük maşını avtomobilimi vuraraq "Porşe Kayen" markalı avtomobilin yoluna atıb və nəticədə toqquşma baş verib. Əvvəla hadisədən sonra mənim avtomobilim əks istiqamətdə hərəkət edən "Porşe Kayen" markalı avtomobilin yolunda qalıb. Əgər maşınımı arxadan gələn ağır yük avtomobili vuraraq qarşı tərəfə atsaydı, o zaman "Porşe Kayen" markalı maşınla toqquşmadan sonra mən əks istiqamətə atılmaqla yenidən öz hərəkət istiqamətimə düşməli idim. Lakin hadisədən sonra avtomobilim "Porşe Kayen" markalı avtomobilin hərəkət istiqamətində qalıb. Bundan əlavə hər iki avtomobilin qırıntıları mənim hərəkət istiqamətimə tökülüb. Bu isə bir daha təsdiq edir ki, istintaq məhz "Porşe Kayen" markalı avtomobilin sürücüsünü cinayət məsuliyyətindən kənar saxlamaq istiqamətində aparılır".
Şikayətçi hadisədən sonra xəstəxanaya yerləşdirildiyini 10 gün müddətində xəstəxanada stasionar müalicə olunduğunu, bir ay müddətində də ev şəraitində ambulator müalicə edildiyini qeyd edib. Bu müddət ərzində "Porşe Kayen" markalı avtomobilin sürücüsünün bir dəfə də olsun səhhəti ilə maraqlanmadığını dilə gətirən şikayətçi onun heç bir yardım etmədiyini də deyib.
E.Muxtarovun sözlərinə görə, hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanaraq istintaq aparılarkən isti izlərlə hadisənin baş verməsi xronologiyasının müəyyənləşdirilməsi üçün sübutları toplamaq əvəzinə məqsədli şəkildə həmin izlərin itməsinə zəmin yaradılır:
"Hadisədən 1 ilə yaxın keçməsinə baxmayaraq bu günə kimi istintaq yekunlaşmayıb. Keçirilmiş ilkin avtotexniki ekspertizanın nəticəsinə əsasən "Porşe Kayen" markalı avtomobili idarə edən şəxsin hadisənin qarşısının alınmasına texniki imkanının olması göstərilsə də, heç bir zərurət olmadan təyin edilən əlavə ekspertizada bu rəy tam fərqli şəkildə verilib. Ekspertiza rəyi mənə tanış olmaq üçün verilməsə də işin istintaqını aparan Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Möhsüm Cabbarov gələn əlavə ekspertiza rəyində hadisənin baş verməsində "Porşe Kayen" markalı avtomobili idarə edən şəxsin günahsız olduğunun göstərildiyini bildirib. Onun bildirdiyinə əsasən hadisə arxadan gələn naməlum avtomobil tərəfindən törədilib. "Porşe Kayen" markalı avtomobilin sahibinə köməklik etmək məqsədi ilə iş əlavə ekspertizaya göndərilərkən isə qoyulan suallarda artıq hadisənin məhz arxadan gələn naməlum maşın tərəfindən törədildiyi göstərilir və yalnız "Porşe Kayen"in sürücüsünün və mənim hadisənin qarşısını almağımıza texniki imkanımızın olub-olmaması barədə gülünc suallar qoyulur.
Hadisəni məhz arxadan gələn maşın tərəfindən törədilməsi ilə bağlı gəlinən nəticə isə "Porşe Kayen" markalı avtomobilin yaxınları olan və ümumiyyətlə hadisəni görməyən, yalnız son zamanlar, yəni işin istintaqı Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Möhsüm Cabbarova verildikdən sonra ortaya çıxarılan şahidlərin ifadələri əsasında formalaşıb. Hansı ki, hadisədən dərhal sonra qəza yerinə gələn qohumlarım və avtomobilimi hadisədən bir qədər sonra vuran "Qazel" markalı avtomobilin sürücüsü də yuxarıda qeyd olunan şahidlərin hadisədən xeyli sonra oraya gəldiklərini bildirsələr də, onlardan məqsədli şəkildə ifadə alınmır və şahid kimi dindirilmirlər. Müstəntiqin bildirdiyinə görə, rəyə əsasən arxdan gələn istintaqa məlum olmayan avtonəqliyyat vasitəsi maşınımı vuraraq "Porşe Kayen" markalı avtomobilin qarşısına atmış və bu səbəbdən də "Porşe Kayen" markalı avtomobillə toqquşmuşam. İkinci dəfə avtotexniki ekspertizanın tamamilə fərqli şəkildə verilməsi isə kifayət qədər qaranlıq məqamlardan xəbər verir.
Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Möhsüm Cabbarov tərəfindən hadisədə günahkar olan "Porşe Kayen" markalı avtomobilin sürücüsünün məsuliyyətdən kənarlaşdırılması məqsədi ilə hadisə yerində ümumiyyətlə olmayan öyrədilmiş şəxslərdən hadisədən 7 ay sonra şahid kimi ifadə alınaraq iş əlavə ekspertizaya göndərilib. Əlavə ekspertiza təyin edilərkən artıq ekspertizanın təyin edilməsi barədə qərarda heç bir mötəbər sübuta əsaslanmadan, hadisəni arxadan gələn naməlum maşın tərəfindən törədildiyi göstərilib. İşin istintaqı alınaraq Bakı şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinin müstəntiqi Nizami Əbilova verilsə də onun tərəfindən həyata keçirilən istintaq hərəkətləri də "Porşe Kayen" markalı avtomobilinin sürücüsünün məsuliyyətdən kənar edilməsi istiqamətində aparılıb və bu şəxsdə eyni mövqeyə sadiq qalaraq yalnız formal istintaq hərəkətlərinin həyata keçirir. Bunu isə onunla əsaslandırır ki, artıq hadisənin naməlum maşın tərəfindən törədilməsini müəyyən edən ekspert rəyi var və mən heç nə edə bilmərəm.
Ulu öndərimiz mərhum Heydər Əliyev hər zaman qeyd edirdi ki, dövlət iki şeydən sarsıla bilər: "Günahkar cəzasız qalsa, günahsız isə məsuliyyətə cəlb olunsa". Cinayət işinin başlanmasından 1 ilə yaxın vaxt keçsə də, bu günə kimi, istintaq yekunlaşmayıb. Bir neçə gün bundan əvvəl isə işin istintaqını aparan Bakı şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinin müstəntiqi Nizami Əbilovla telefon əlaqəsi saxlayarkən mənə bildirdi ki, iş Bakı şəhər Prokurorluğundan Binəqədi rayon Polis İdarəsinə göndərilib. Əgər hadisənin törədilməsində naməlum avtomobili belə günahkar bilmiş olsa belə, müstəntiq cinayət prosessual qanunvericiliyin tələbinə əsasən məni icraatın dayandırılması barədə qərarla tanış etməli idi".
E.Muxtarov hadisə nəticəsində bərbad hala düşən avtomobilini təmir edə bilmədiyini də sözlərinə əlavə edib: "Avtomobilimin bərbad hala düşməsi mənim üçün xeyli maddi ziyana səbəb olub. Heç onun dayanacaq pulunu da ödəyə bilmirəm. Hadisənin naməlum avtomobilin günahından törədilməsini əsas gətirən "Porşe Kayen" markalı avtomobilin sığortaçısı "Paşa" sığortanın əməkdaşları isə sığorta ödənişinin verilməyəcəyini bildirirlər. Bu hadisə nəticəsində aldığım fiziki xəsarətlə bağlı çəkmiş olduğum xərcdən əlavə avtomobilimə də xeyli ziyan vurulub. Məcburi köçkün həyatı yaşadığım bir dövrdə bu xərclər mənim üçün olduqca böyük məbləğdir. Konstitusion hüququmun pozulmasının qarşısını almaq və dövlət büdcəsindən əmək haqqı alan bir müstəntiqin istintaq hərəkətlərini düzgün aparmasının təmin olunması üçün nə etmək lazım olduğunu bilmirəm".
Qeyd edək ki, E.Muxtarov məsələ ilə bağlı Azərbaycan Respublikasının daxili işlər nazirinə, Baş prokurora və Ombudsmana müraciət edib.
Aqil LƏTİFOV



