|
|
|
|

El üçün yanan el gözündə uca olar hər zaman. Bunun üçün nə dahi olmaq lazımdır, nə də alim. Sadəcə ulu Tanrının verdiyi ömür payını, keçdiyin həyat yolunu vicdanla, ləyaqətlə yaşamaq kifayətdir. Həyatda öz yolunu tapmaq, onun dolambaclarında azmamaq böyük xoşbəxtlikdir. Ancaq ağlın gücündən istifadə etməklə, xalqa arxalanmaqla ibrətli ömür yaşayıb, özündən sonra bir iz qoyub getmək olar. Bunu da iç dünyası, mənəvi aləmi saflıqla, xeyirxahlıqla, insanlığa sevgi ilə dolu olanlar bacararlar. Belə insanlardan biri haqqında söhbət açmaq istəyirəm.
Etibar Məsim oğlu Nuriyev. Bu sadə , zəhmətkeş insanı yaxından tanıyanlar onun nə qədər saf, təmiz, həyatının mənasını halal zəhmətdə, xalqına, millətinə xidmət etməkdə görən bir insan olduğunu bilirlər.
Etibar Nuriyev 1960-cı ildə qədim Şəkinin Gəncəli məhəlləsində anadan olub. Boya-başa çatdığı Şəki torpağının əsrarəngiz gözəlliyi onu kiçik yaşlarından ofsunlamış, onda torpağa, təbiətə sevgi hisslərini artırmışdır. O, orta məktəbi bitirib, əsgəri xidmətini başa vurduqdan sonra, Şəki Aqrar Sənaye İB-də mühasib kimi fəaliyyətə başlayıb. 1998-ci ildə Ali Menecmen Universitetinin qiyabi şöbəsini bitirməklə yanaşı bir sıra özəl müəssisələrdə baş mühasib, 1990-cı ildən "Şərq" şirniyyatı ASC-də sədr müavini vəzifəsində çalışıb.
İnsan yaranandan təbiətlə təmasdadır. Əslində insanın özü də təbiətin bir parçasıdır. Lakin təbiəti sevməklə yanaşı onun qayğısına qalmaq da vacibdir. Etibar Nuriyevi insanlara sevdirən də məhz onun torpağa, təbiətə böyük sevgisi olub. O, uşaqlıqdan qəlbində gəzdirdiyi bir arzusunu həqiqətə çevirmək üçün Şəkinin kənarında yerləşən, başqalarının əhəmiyyət vermədiyi 5 hektarlıq baxımsız bir sahədə bağ-bağat salıb şəxsi təsərrüfat yaratmaq qərarına gəlib. Bu asan olmayan işin öhdəsindən gəlmək üçün gecəli-gündüzlü çalışıb. Ətrafına bir neçə işçi qüvvəsi cəlb etməklə dövlətdən də dəstək alıb.
Halal zəhmət həmişə üz ağardar - deyiblər. Çox çəkmir ki, bir zamanlar yararsız suların bataqlığa çevirdiyi bu gərəksiz ərazi insanın ruhunu oxşayan gözəl məkana çevrilir.
İnsan əlləri nəyə qadir deyil ki? Təki istək olsun. Etibar müəllimin böyük həvəs və zövqlə yaratdığı bu məkan ilk növbədə səliqə - səhmanı və bir sıra özəllikləri ilə diqqəti cəlb edir. Burada Azərbaycanın təbiətinə uyğun bütün növlərdən olan meyvə ağacları, müxtəlif bitki növləri çox qəribə, nizami düzülüşü ilə adamı valeh edir. Ondan artıq üzüm, növbənöv çiyələk, moruq və böyürtkən növlərindən tutmuş, təbiətin gözəl neməti olan Seylon çayından zəfərana qədər becərilir. Hələ növbənöv güllərin, çiçəklərin gözəlliyindən, ətrindən danışmıram.
Etibar müəllimin təsərrüfatında quşçuluğa, balıqçılığa da böyük yer ayrılmışdır. Ev quşlarından toyuq, qaz, ördək, hinduşka, bildirçin, o cümlədən növbənöv çöl quşları, böyük sayda arı ailəsi, çoxlu balıq növləri yetişdirilir. Bir sözlə o, Azərbaycan faunasını tam şəkildə kiçik bir ərazidə yerləşdirməyə nail olub. Bu gün respublikamıza gələn, yolu Şəkidən düşən xarici qonaqlar, xüsusən də mütəxəssislər bu cənnətməkanı mütləq ziyarət edir və öz heyranlıqlarını gizlədə bilmirlər.
Etibar müəllim dövlətin sahibkarlıq üçün yaratdığı yüksək şəraitdən, diqqət və qayğıdan razılıq edir və bu onu daha böyük həvəslə çalışmağa sövq edir. O, Şəki Sahibkarlıq Assosiasiyasının və Şəki Bələdiyyəsinin üzvüdür. Respublika Sahibkarlar Konfederasiyasının üzvü kimi dünyanın bir çox yerində - o cümlədən Almaniyada, Hollandiyada, İtaliyada, İspaniyada, Fransada, Portuqaliyada, Türkiyədə, İranda, Pakistanda və digər ölkələrdə olub. O, getdiyi ölkələrdə gördüyü yenilikləri daha da təkmilləşdirilmiş şəkildə öz təsərrüfatında tətbiq edir. Hər bir litr suyun və hər bir kv. metr torpağın qədrini bilmək, ondan səmərəli istifadə etmək - bu Etibar müəllimin həyat devizidir.
Etibar Nuriyev həm də gözəl ailə başçısıdır. O, övladlarına ali təhsil verməklə bərabər, onlara təbiəti də sevdirə bilib. Müxtəlif peşə sahibləri olmalarına baxmayaraq imkan düşdükcə ata yurduna yığışıb, bir yerdə təbiətin seyrinə dalmaq ailənin ən böyük sevincidir.
Yeri gəlmişkən, yolu Şəkiyə düşənlərə mütləq Etibar müəllimin böyük həvəs, qayğı və məhəbbətlə yaratdığı bu cənnətməkana baş çəkməyi məsləhət görürəm.
S.BABAŞOVA,
Bakı Dövlət Universitetinin əməkdaşı



