|
|
|
|

22 il bundan əvvəl ilk dəfə "525-ci qəzet"də şeirlərim çap olunanda 20 yaşım var idi. İndiki kimi o dövrlərdə də ciddi ədəbiyyata geniş yer verən bir qəzetdə çap olunduğum üçün gənc bir şair olaraq çox sevinirdim. Məni kimsə bu qəzetə təqdim etməmiş, kimsə şeirlərimi tərifləməmişdi. Özüm zərfə qoyub qəzetin ünvanına göndərmişdim. Şeirlərim özü məni təqdim və təbliğ etdi.
Gənclərə, xüsusilə istedadlı ədəbi qüvvələrə bu cür diqqətli və həssas yanaşmanı, öz timsalımda, "525"in sayəsində müşahidə etdim, öyrəndim. Həyat həm də məktəbdir. Bu məktəbdə öyrəndiklərimdən biri də istedadlı gənclərə dəstək olmaq, onları təbliğ etmək, tanıtmaqdır.
İndi dəyərli "525"ə və əziz oxuculara gənc bir ədəbi istedadı təqdim etmək istəyirəm. Kəramət Məmmədovun 22 yaşı təzəcə tamam olub. Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində dünyaya gəlib. Bu kənddə orta məktəbi bitirib. 2017-2021-ci illərdə Naxçıvan Dövlət Universitetində İqtisadiyyat ixtisası üzrə ali təhsil alıb. İndiyə kimi sadəcə bir şeiri universitetin "Yeni fikir" qəzetində dərc olunub. Olduqca özünə qapalı, insanlarla ünsiyyətdən qaçan, hədsiz təvazökar bir gəncdir. Bu yaxınlarda sosial şəbəkə hesabından fikrimi almaq üçün göndərdiyi şeirləri oxuyanda maraqlı ifadələrə, yeni fikirlərə rast gəldim. Ədəbi dərnəklərdən, məclislərdən uzaq olan, özünün davamlı mütaliə ilə yetişdirən Kəramət Məmmədovun şeirlərdə bitkin ifadəlilik, düzgün sənətkarlıq xüsusiyyətləri gördüm. Zamanla söhbətlərimiz mütəmadiləşdi və bir gün çay süfrəsində yeni şeirlərini oxudu. Düşüncələrimizi bölüşdük. Özünün də razılığı ilə bəzi şeirlərini aldım. Ümid edirəm ki, göndərdiyim şeirlər bəyəniləcək və qəzetin səhifələrində öz yerini tapacaq.
Elxan Yurdoğlu,
Naxçıvan
***
Kəramət MƏMMƏDOV
Günlər əl-ələ tutub
İlə çatdı - beş ilə.
Məni yoxluğun yedi,
Səni torpaq - nuş ilə.
Sənsizlik düyün atdı,
Düyünlədi eynimi.
Sənsiz deyən də yoxdu:
- Qalın geyin əynini.
Bu sənsiz ev-eşiyin
Burnunun ucu göynür.
Otağımda dörd divar
Sənin rəsmini geynir.
Səliqə-sahman itib,
Evi yoxluğun basıb.
Evin hər bir yerindən
Xatirən özün asıb.
Təndir həmən təndirdi,
Çörəklər bada gəlmir.
Sən olmayan bu evdə
Yeməklər dada gəlmir.
Sən olmayan beş ildə
Əlli illik qocaldım.
Sənli keçən günlərə,
Ana, tamarzı qaldım.
***
Anam açan keçələrin birində,
Eşqim itən küçələrin birində,
Öləcəyəm, gecələrin birində
Ağlayarsan xısın-xısın yad evdə.
Çox olacaq "Niyə? Nədən?" gedəndə,
Biçmək üçün mənə kəfən gedəndə.
Çiyinlərdə cansız bədən gedəndə
Ağlayarsan xısın-xısın yad evdə.
Rəsmim gəlsin göz önündə sərginə,
Ağlın getsin mənli-mənsiz sürgünə.
Mən cəhənnəm, mənlə ölən sevginə
Ağlayarsan xısın-xısın yad evdə.
Çarə ola bilməyəcəm ağrına,
Mənsiz günlər döndərəcək yorğuna.
Baş daşımı sıxıb yanan bağrına
Ağlayarsan xısın-xısın yad evdə.
Bir dəfə də məzarıma heç getmə,
Məndən sonra tələsiyib köç etmə.
Ağrın alım, ümidimi puç etmə,
Ağlayarsan xısın-xısın yad evdə.
***
Qayıt daha, qayıt gəl,
Gəlib başıma ağlım.
Gəl üç alma düşməsin,
Belə bitməsin nağlım.
Gəl bu dərdli başımı
Qoyum dizlərin üstə.
Nə ki bir günüm, keçsin
Ayım dizlərin üstə.
Sığal çək saçlarıma,
Oyna buruq telimlə.
Qucaqlaşsın əllərin
Arada bir əlimlə.
Yoxluğunda göz yaşım
Hücum çəkən yanağa
Dodaqlarından hərdən
Bir öpüş ver sadağa.
Qayıt, gülüm, qayıt, gəl,
Gəlib başıma ağlım.
Gəl üç alma düşməsin,
Belə bitməsin nağlım.
***
Ömrümün ayrılıq döngəsindəyəm,
Düşmüşəm, sənsizlik ölkəsindəyəm.
Dərd-qəmin, kədərin kölgəsindəyəm,
Xoşbəxtlik günəşi doğmadı, neynim?
Gözlər sıxar, amma yaş da dayanmaz,
Dilimdən tökülən kaş da dayanmaz.
Təzədən daş üstə daş da dayanmaz,
Sənsiz eşq sarayım daxmadı, neynim?
Əliylə qəlbimi əzən yoxluğun,
Badəmə həsrəti süzən yoxluğun,
İllərlə yanımda gəzən yoxluğun,
İndi varlığından doğmadı, neynim?
***
Kişilər ağlamaz deyən qadınlar
Kişilər gözündə yaşa döndülər.
Eşqin ilk həftəsi güllü ilk bahar,
İkinci həftədə qışa döndülər.
Qorxub səadətin o kölgəsindən,
Qayğı küçəsindən, kef döngəsindən,
Özü soyutduğu eşq ölkəsindən
İsti şəhrə gedən quşa döndülər.
Aldanıb boş olan dolu vədlərə,
Şöhrətin sərvətin qulu vədlərə,
Dəyişib getdiyi yolu vədlərə
Geriyə kədərlə qoşa döndülər.
Kişilər qadını qarğışlamazlar,
Gəlişin ayaqda alqışlamazlar.
Heç vaxt xəyanəti bağışlamazlar,
Çırpılan qapıya boşa döndülər.



