|
|
|
|

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə Özbəkistanın və bütövlükdə Türk Dünyasının dahi şairi və mütəfəkkiri Əlişir Nəvayinin əsərləri Azərbaycan dilində çap olunub.
Fonddan 525.az-a verilən məlumata görə, nəşrdə orta əsrlər klassik Türk ədəbiyyatının böyük nümayəndələrindən Əlişir Nəvayinin bədii-estetik cəhətdən yüksək sənətkarlığı ilə seçilən əsərləri öz əksini tapır. Kitabda Əlişir Nəvayinin həyatı və yaradıcılığı haqqında məlumatlar, şairin xəmsəsinə daxil olan “Heyrət ül-əbrar”, “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Səb`ayi-səyyar”, və “Səddi-İskəndəri”, poemalarından parçalar, “Məhbub ül-qülub”, “Risaleyi-tiyr əndaxtən”, “Haləti-Seyid Həsən Ərdəşir” və “Haləti-Məhəmməd Pəhləvan” risalələrindən və divanlarından seçilmiş hissələr toplanmışdır.
Kitab Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın ön sözü ilə açılır. Kitabı tərtib edən, çağataycadan uyğunlaşdıran, qeyd və şərhlərin müəllifi Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Ramiz Əsgərdir. O, Əlişir Nəvayi yaradıcılığının təbliği sahəsində xidmətlərinə görə Nəvayi şəhərinin fəxri vətəndaşı adına layiq görülmüşdür. Alim öz yaradıcılığında özbək ədəbiyyatının tədqiqinə geniş yer verərək, bununla bağlı bir çox məqalələr yazmış, tərcümələr edib. Belə ki, Ramiz Əsgər “Baburnamə” əsərinin tərcüməsinə görə Babur adına Beynəlxalq mükafata layiq görülüb.
Kitaba şairin əsərlərinin mövzuları əsasında çəkilmiş 56 rəngli miniatür daxil olunmuşdur. Nəşrin sonunda lügət və ədəbiyyat siyahısı yer alır.



