|
|
|
|

Ümidsiz ölmək də istəmir adam
"Bir ağılın budağından yapışıb,
Neçə-neçə ağlıdayaz yaşayır".
M.Araz
Ağılın budağı kəsilib, şair,
Dəniz də boy vermir ağlıdayaza.
Biz öz əlimizlə gor qaza-qaza,
Ümid bağlamışıq olar-olmaza.
Yenə köhnə mərəz, köhnə vərdişlər,
Din-məzhəb hamısı itib ortada.
Yenə köhnə oyun, köhnə gərdişlər,
Təzə oyunçular bitib ortada.
Yenə cığır itib, yollar dolaşıb,
Yenə də qarışıb ağıllı başlar.
Yenə gədiklərdə qurdlar ulaşır,
Yenə iç davası salıb qardaşlar.
Oba bölük-bölük, el bölük-bölük,
Kimin kimə borcu qalıb bilmirəm.
İrsi xəstəlikdir üzüdönüklük,
Belə dərdin əlacını görmürəm.
Dərd çəkən çoxalıb, yaman çoxdur, çox,
Bu da xəstəlikdir, yoluxur adam.
Xəstə çoxdur, amma təbib yoxdur, yox,
Ümidsiz ölmək də istəmir adam.
Bəlkə göyərə...
Yenə fikirlərim ilişib daşa,
Xəyalım dünyanı dolanır mənim.
Yenə qasırğayla girib savaşa
Fırtına qoynunda "buzqıran" gəmim.
Çarpışır, döyüşür, dalğalar yarır,
Di gəl ki, dənizlə bacara bilmir.
Nə tufan gəmini alıb aparır,
Nə də o, tufandan bac ala bilmir.
Beləcə, bir ömür yol gəlib gəmi,
Macal tapmayıb ki, dincəlsin bir az...
Onu uyudacaq torpağın nəmi,
Qasırğa, fırtına qəti qorxutmaz.
"Son mənzil limanı", aç qapıları,
Ömrü döyüşlərdə keçən gəmiyə.
Yaralı əsgərdir, qarşıla barı,
Torpağa basdır ki, bəlkə göyərə...
Böyüklük
Qorxma böyüklərin böyüklüyündən,
Qorxulu olanlar qorxaq olurlar.
Qorxsan, qorx onların dönüklüyündən,
Çox zaman dostları peşman olurlar.
Böyüklük sərvətdə, dövlətdə deyil,
Şüurda, əxlaqda, canda olmalı.
Böyüklük ad-sanda, şöhrətdə deyil,
Ananın südündə, qanda olmalı...
Böyüklük nisbidir, görünmür gözə,
Gözə soxulanlar yekəpər olur.
O elə böyükdür, yerləşmir sözə,
Ağılla, idrakla hər iş həll olur.
Böyüklər çox sadə, səmimi olur,
Şan-şöhrət naminə yarışmaz heç vaxt.
Böyüklər anadan böyük doğulur,
Balaca işlərə qarışmaz heç vaxt.
O günah səninkidir
Düşmənlərlə dostluq edən sadəlövhlərə
Düşmənin dili qarmaq,
Sən də ki, qızıl balıq...
Qalır tilovu atmaq,
Yaxın getmə, ay yazıq!
O tülkü, sən bildirçin,
Darı aldadar səni.
Pusqu qurub ov üçün,
Tutsa parçalar səni.
Fürsət versən, sancacaq,
Əfi ilan kimidir.
Günahkar deyil ancaq,
Hər günah səninkidir.
Görüşərsiz
Göylə əlləşənlərə zarafatla
Qəlbi sıxıb, fikri daraltmayın ki,
Onsuz da bu dünya bizə dar gəlir.
Hər gün yerdən göyə daş atmayın ki,
Bir gün də desinlər, göydən daş gəlir.
Göylərdən şikayət, göyə şikayət,
Bu işin axırı harda bitəcək?
Göylərin yağışı yerə bərəkət,
Gileydən, güzardan nə göyərəcək?
Yerdə durub göyləri az fəth edin,
Mələklərin qələminə düşərsiz.
Bu dünyada insanlarla yol gedin,
O dünyada mələklə görüşərsiz...
Zeynalabdin Novruzoğlu
Naxçıvan Muxtar Respublikası,
Kəngərli rayonu, Xok kəndi



