Göyçay rayon mərkəzi kitabxanasında Xalq şairi Cabir Novruzun anadan olmasının 81-ci ildönümü münasibətilə tədbir keçirilib.
Kitabxanadan "525"ə verilən məlumata görə, tədbirdə təhsil və mədəniyyət işçiləri, ziyalılar, gənclər və şagirdlər, daimi oxucular iştirak ediblər. Mərasimdə çıxış edənlər bildiriblər ki, görkəmli poeziya ustası Cabir Novruz özünün gözəl şeirləri ilə oxucuların ürəyində və yaddaşında daimi yer tutub: "Onun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq səhifələrindən birini təşkil edir. Görkəmli şairin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilərək böyük şöhrət qazanıb. Cabir Novruzun şeirlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən böyük rəğbət və sevinclə qarşılanır. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Cabir Novruz Vətənə, anaya, təbiətə, gözəlliyə, insanlığa, xüsusən də məhəbbətə dair gözəl və məftunedici şeirlər, poemalar yazıb. "Sağlığında qiymət verin insanlara" deyən şair insanları daim yaxşı işlər görməyə çağırıb, hamını ölkəni sevməyə və bütöv Azərbaycan uğrunda mübarizə aparmağa səsləyib".
Tədbirdə bədii qiraət ustaları və oxucular şairin "Sevin Azərbaycanı", "Daha dəhşət", "Adım gəldi bu dünyaya", "Mənim ölməz şeirlərim", "Eşq məhəbbət yaşayırsa" şeirlərini söyləyiblər. Rayon musiqi məktəbinin şagirdləri şairin sözlərinə yazılmış "Tələbəlik illəri", "Bulaq suyu dağ havası", "Cavanlığım", "Məhəbbət bayatıları" mahnılarını ifa ediblər.
S.ABDULLAYEVA



