|
|
|
|

Putinin Ukraynanın şərq ərazilərini əhatə edən Donetsk və Luqanskı “müstəqil respublika” kimi tanıması və ardınca da dərhal bölgəyə qoşun yeritməsi Rusiyanın onun üçün həyati əhəmiyyətli 3-cü vacib dəhlizi – Qara dəniz üzərindən Avropaya və Aralıq dənizinə çıxışını təmin edən yolu da artıq öz nəzarətinə alması deməkdir.
Beləliklə, bu, ABŞ-ın son 30 ildə möhkəmlənməyə can atdığı Rusiyaətrafı qurşaqdakı 3 vacib dəhlizin üçünün də Bayden dönəmində - cəmisi 1 il 3 ay ərzindəcə itirilməsi deməkdir.
Xatırladaq ki, Rusiya üçün birinci vacib dəhliz onun İranla və Yaxın Şərqlə yeganə quru əlaqəsini təmin edən Azərbaycan idi ki, ABŞ-dakı prezident seçkilərinin keçirildiyi 3 noyabrdan bir həftə sonra – 10 noyabrda, 44 günlük Qarabağ savaşının yekunu olaraq Rusiya sülhməramlı adı altında bölgəyə yerləşməsini təmin etdi və Bayden administrasiyası da faktla barışmaq məcburiyyətində qaldı... Bu gün – 22.02.2022 tarixdə Rusiya Azərbaycanla müttəfiqlik sazişi imzalamaqla, Qərbin Azərbaycanda qapı dalında qoyulmasını rəsmiləşdirəcək və birinci dəhliz üzərində nəzarətini daha da gücləndirəcək.
2022-ci ilin yanvarın 2-də Qazaxıstanda baş verən hadisələrin yekunu olaraqsa, Rusiya onun üçün həyati əhəmiyyətli ikinci dəhlizin – Rusiyanın Mərkəzi Asiya üzərindən Hindistanadək uzanan quru yolun giriş qapısı olan Qazaxıstanın nəzarətindən çıxmasının qarşısını aldı, ABŞ-ın işlədiyi əsas siyasi fiqurları həbsə göndərdi...
Beləliklə, Rusiya artıq Bjezinskinin vaxtilə təhlükəli, ancaq mümkün hesab etdiyi ssenarini gerçəkləşdirmək istiqamətində real addım atır: Ukraynanı iki hissəyə bölərək, şərqini özünə birləşdirməklə, keçmiş SSRİ ərazisini, Baltikyanı 3 respublika istisna olunmaqla, yenidən başqa bir ad altında nəzarətinə qaytarmağa müvəffəq olur...
ABŞ ən qısa müddətdə qətiyyətli addımlar atmazsa və Putini Ukrayna bataqlığında batırmağı bacarmazsa, şübhəsiz ki, bu, Amerikanın qlobal liderlikdən geri çəkilməsi və ya Çinə qarşı Rusiya ilə gizli sövdələşməsi kimi qiymətləndirilə, hətta NATO-da da parçalanmalara, qopmalara gətirib çıxara bilər.
Xüsusən də Türkiyənin bu hərbi blokda qalıb-qalmamaq məsələsi, yəqin ki, yenidən aktuallaşacaq. Çünki Ərdoğan Türkiyəsinin hadisələrə seyrçi və əksər hallarda balanslı münasibəti onu deməyə əsas verir ki, rəsmi Ankara Çin-Avropa sərhədi arası regionda formalaşmaqda olan yeni geopolitik güc mərkəzini - “Yeni Avrasiya”nı Rusiya ilə birgə qurmağa daha çox meyllidir, NATO-ya üzvlük isə ona bu yolda ciddi əngələ çevrilib.
Türkiyənin Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətini gücləndirdiyi Azərbaycanın Ukrayna böhranının ən kritik mərhələyə qədəm qoyduğu gündə Rusiya ilə də müttəfiqlik münasibətini möhkəmləndirməsi Rusiya-Türkiyə-Azərbaycan yaxınlaşmasına artıq yeni məzmun verərək, onu "Yeni Avrasiya"nın qurulması istiqamətində növbəti mərhələyə keçirmiş olur.
Çox güman ki, Rusiya ilə imzalanacaq müttəfiqlik sazişi Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarının rəsmi Moskva tərəfindən tanınmasının rəsmiləşdirilməsi demək olmaqla, Ermənistan və Azərbaycan arasında sülh prosesinin də daha sürətlə yekunlaşdırılmasına təkan verəcək və onların gələcəkdə Avrasiya İqtisadi İttifaqı daxilində birgə əməkdaşlığına "yaşıl işıq" yandıracaq.
Siyasi şərhçi Elxan Şükürlü
Qeyd: Material müəllifin feysbuk səhifəsindən götürülüb.



