|
|
|
|

Bəxtiyar Abi Astaralı (Abiyev Bəxtiyar Yusif oğlu) Astarada doğulub, mənə əziz və doğma adamdır; onu uşaqlıq illərimdən gözəl qarmon ifaçısı kimi tanımış və sevmişəm. O, musiqi sənətini fitri-istedadı hesabına mənimsəmişdi. Bəxtiyar elə bir fitri-istedada malikdir ki, notu heç bir musiqi təhsili almadan öz zəhməti və fəhmi hesabına öyrənmişdi; yadımdadır, hələ sovetin vaxtında Bəxtiyarın not aləmindən o qədər sərrast və mükəmməl xəbəri vardı ki, onu Lənkəran Musiqi Texnikumuna imtahansız qəbul etmişdilər. Və sonralar elə tələbə ola-ola musiqi məktəbində fortepianodan dərs deməyə başladı. Bunu da qeyd edim ki, Bəxtiyarın heyranedici musiqi savadına, duyumuna və "şirin barmaqları"na hələ o dövrdə respublikamızın tanınmış bəstəkarları və ifaçıları, o cümlədən, Əfrasiyab Bədəlbəyli və Zakir Mirzəyev yüksək qiymət vermişdilər. Təəssüf ki, son on beş ildə Bəxtiyar qırx illik dostuyla - qarmonla vidalaşıb. Bunu Astarada olarkən onunla görüşəndə bildim və çox təəccübləndim...
Bəxtiyarda son illər irfan ədəbiyyatına bağlılıq yaranıb, orta əsr Azərbaycan ədəbiyyatından bu yana bizə miras qalan irfani mövzulardan yazır, qəlbin, ruhun, mənəvi təmizliyin, ali hisslərin, Allah-insan-təbiət-kainat münasibətlərinin əslində nədən ibarət olduğunu dərk etməyə çalışır, deyir ki, bu sahədə ədəbiyyatımızda boşluqlar var. Əslində Rumi, Nəsimi, Nəimi, Füzuli və digər nəhəng şairlərdən qaynaqlanan bu sənət yönü indi, demək olar ki, yoxdur. Gərək o böyük mütəfəkkirləri oxuyasan, dərk edəsən, gərək fəlsəfəni, dini, müqəddəs Kitabları öyrənəsən, biləsən. Mən Bəxtiyarda ilk növbədə məhz bu mövzuya bağlılıq müşahidə etdim. Onun mövzuya dair maraqlı mülahizələri diqqətimi çəkdi, ali EŞQdən, böyük qəzəl ustalarından, müqəddəs Qurani-Kərimdən, onun surə və ayələrindən xəbərdar olması düzü məni heyrətləndirdi; Bəxtiyar irfan ədəbiyyatı nümunələrindən sevgiylə söz açır, onları duyur, maraqlı təhlillər edir, hərdən özü də qəzəl, məsnəvi yazır. Onun qəzəllərini öz ifasında dinlədim, çox maraqlı göründü mənə. Bəxtiyarın qəzəllərində sanki həzin bir musiqi var, ritm və qafiyə yerindədir, təbii ki, bəzi texniki qüsurlardan xali deyil, lakin məzmun və məntiq də var. Onlardan ikisini oxuculara təqdim edirəm və düşünürəm ki, bu barədə əruz ustaları, bilicilər daha dəqiq fikir söyləyə bilərlər. Mən əziz və doğma insan, qeyri-adi istedad sahibi Bəxtiyar Abi Astaralıya bu çətin yaradıcılıq yolunda uğurlar arzulayıram.

Kamran NƏZİRLİ
***
Bəxtiyar Abi Astaralı
Leylaya görə...
Kim deyir eşqə düşüb Məcnun o Leylaya görə?!
Əhvalat vaqe olub başqa müəmmaya görə.
Göstərib çöhrəsini zərrəcə Qeysin gözünə,
Onu Məcnun eləyib guya ki, Leylaya görə.
Ali istək Onadır, xəlq edib əcdadımızı,
Adəmi əfv elədi sevdiyi Həvvaya görə.
Çox sevənlər yaşadı, dünyasını vurdu başa,
Cahana gəldi Şirin düşdüyü sevdaya görə.
İnsana sevgi verib, cilvələyib istəyini,
Hərə bir cür görünür eşqi-təmənnaya görə.
Möhtəşəm qüdrətinə təslim edibdi cahanı,
Günəşi nur yaradıb xırdalanan Aya görə.
Yaradan gör nə yaratmış bu geniş asimanı,
Onu da sonsuz edib göydəki məcraya görə.
Yaşadıqca həyatı xalqa gərək əl tutasan,
Yaxşılıq tez yazılır hər kəsə icraya görə.
Bəxtiyar! İsrafilin ifasın bilsən nə sayaq,
Çalacaq xətmi-suru sonda bu dünyaya görə.
Olmayıb
Əlini yada salıb sevməyən insan olmayıb,
Olsa da, nadan olub, əhli-müsəlman olmayıb.
Onun da dövri-zamanda çox olub dərdi-səri,
Adına layiq olub, heç də pərişan olmayıb.
İstəsən bənzəyəsən şiri-hünərdə Əliyə,
Ona çatmaq zor olar, böylə pəhləvan olmayıb.
Vuruşub haqqa görə, o fəth edib zirvələri,
Cahanda onun kimi dərdlərə dərman olmayıb.
Hər namaz vaxtı qalıb aşiqiylə üzbəüzə,
Hələ heç kəs bu qədər yarla həmzəban olmayıb.
Cahana sabit olub, elmə bir qapıdır Əli,
Doğrudan da bu sayaq mənbəyi-ürfan olmayıb.
Bəxtiyar, sən nə qədər tərif eyləsən şəninə,
Dediyin çox az olar, bir belə dastan olmayıb.



