|
|
|
|

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bütün dünyada sülhə təhlükə yaratdığı kimi, kiber müharibə ehtimalını da artırıb. "Anonymous" haker qrupu Rusiyaya qarşı kiber müharibəyə başladığı haqqında tviter üzərindən açıqlama yayıb. Haker qrupu Rusiyanın "Russia Today" telekanalına edilən kiber hücuma görə məsuliyyəti də öz üzərinə götürüb. Fevralın 24-də "Russia Today" telekanalı kiber hücuma məruz qalıb və bunun nəticəsində kanalın rusdilli saytının fəaliyyəti pozulub.
Rusiya Federal Təhlükəsizik Xidmətinin Kompüter İnsidentləri üzrə Milli Koordinasiya Mərkəzi müxtəlif informasiya strukturlarına kiberhücum təhlükəsinin kritik səviyyəyə çatdığını bəyan edib. Ancaq bütün bunlar yalnız başlanğıc hesab oluna bilər. ABŞ prezidenti Co Bayden bəyan edib ki, Rusiya Qərb ölkələrinə qarşı kiber hücumlar təşkil etsə, dərhal qarşılıq veriləcək. Məlumatlara görə, müşavirləri Co Baydenə Rusiyaya qarşı kiber hücumlar edilməsilə bağlı təkliflər paketi təqdim ediblər. Həmin təkliflərə görə, Rusiyanın ayrı-ayrı sahələrinin fəaliyyətinin dayandırılması üçün kiber hücumlar, məsələn, elektrik şəbəkələrinin fəaliyyətinin dayandırılması kimi tədbirlər nəzərdə tutulur.
Kiber təhlükəsizlik üzrə mütəxəssislər isə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Moskva ilə Qərb arasında yaranmış gərginliyin bütün dünya boyunca kiber müharibələri tətikləyəcəyindən etiyatlanırlar. Bu zaman müstəqil haker qruplarının ayrı-ayrı ölkələrin bank və maliyyə qurumlarını hədəf ala biləcəyi təhlükəsi var. Digər tərəfdən, siyasi baxışlarına görə tərəflərdən birinə rəğbət bəsləyən haker qruplarının kiber hücumları da istisna olunmur.
Son zamanlar Şimali Koreyadan olan haker qruplarının fəallaşması da müşahidə olunur. Hətta bu yaxınlarda Şimali Koreyadan olan hakerlərə amerikalı bir hakerin sərt cavabı da müşahidə olunmuşdu. P4x kodu ilə fəaliyyət göstərən haker Şimali Koreyada interneti tamamilə söndürmüşdü. İnternet resurslarda haker bu addımını Şimali Koreya hökumətinə bağlı hakerlərə cavab addımı kimi dəyərləndirmişdi: "Burunlarını ovmaq lazımdır ki, hədlərini bilsinlər".
Dünyada kiber təhlükələr o qədər artır ki, dövlətlər aralarındakı ziddiyyətlərə baxmayaraq, kiber təhlükəsizlik məsələsində əməkdaşlıq edirdilər. Hətta kiber təhlükəsizlik sahəsində kiber-NATO yaradılması ilə bağlı ilk addımlar da atılıb. Ancaq indi Rusiya ilə Qərb arasında münasibətlər son həddə qədər gərginləşdiyi bir zamanda kiber hücumlar daha təhlükəli olacaq.



