
RAUF ZEYNİ: "AZƏRBAYCANDA QƏBUL EDİLƏN QANUNLAR VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFI ÜÇÜN VACİB BİR PLATFORMA, QANUNVERİCİLİK BAZASI FORMALAŞDIRDI"
Çağdaş dövrümüzdə ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin harmonik və sabit inkişafının təmin edilməsi, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, dəstəklənməsi cəmiyyətin əsas hədəf və vəzifələrindən biri kimi çıxış edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının inkişafı dövrü başlayıb. Bu yol heç də hər zaman rahat deyil, bir çox hallarda enişli-yoxuşlu olub. Üçüncü sektor təmsilçiləri öz inkişafında ən müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, nəticə etibarı ilə cəmiyyətdə özlərini təsdiqləyə biliblər. Vətəndaş cəmiyyəti institutları bu gün Azərbaycanda tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilirlər. Artıq vətəndaş cəmiyyəti institutları cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər. Şübhəsiz ki, vətəndaş cəmiyyəti institutlarının bu səviyyəyə gəlib çıxmasında Azərbaycan dövlətinin, xüsusilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna əhəmiyyəti var. Bütün bu müsbət məqamların fonunda müəyyən problemlər və həllini gözləyən məsələlər var ki, bunlar da hələ ki, üçüncü sektorun qarşısında qət ediləcək yolun çox olduğunu deməyə əsas verir. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni ilə söhbətimizi də bu istiqamətdə qurduq.
(Əvvəli ötən sayımızda)
- Rauf müəllim, regionlarda QHT fəaliyyəti hansı səviyyədədir? Əgər öncəki illərlə müqayisə aparsaq, hansı mənzərənin şahid olarıq?
- Əvvəllər regionlarda QHT fəaliyyəti, sözün həqiqi mənasında, son dərəcə acınacaqlı vəziyyətdə idi. On beş il bundan qabaq heç regionlarda vətəndaşlar QHT-nin nə olduğunu başa düşmürdülər. QHT dedikdə hər kəs onun hakimiyyətin əleyhinə olan, müxalifət təşkilatı kimi başa düşürdü. Amma hazırda o illərə baxanda indi vəziyyət müsbət istiqamətə doğru xeyli dəyişib. Lakin vətəndaş cəmiyyətinin ümumi inkişafı bir təşkilatın yaranması və ya bir neçə tədbirin keçirilməsindən ibarət deyil. Vətəndaş cəmiyyəti geniş, fundamental məfhumdur. Ona görə də bununla əhəmiyyətli şəkildə, ciddi mənada məşğul olmaqdan ötrü konsepsiyadan irəli gələn müddəaları həyata keçirmək lazımdır. Regionlarda güclü QHT hərəkatını başlamaq üçün resurs və təlim mərkəzləri, QHT evləri inşa etmək vacib məsələlərdəndir. Bu mərkəzlərdə əlaqədar qurumların yerləşməsini təmin etmək lazımdır. Veteran, qadın, gənclər və digər bütün QHT-lərin təşkilatlanmasını, yerləşməsini, ofislə təmin olunmasını həyata keçirmək, onların fəaliyyət göstərməsi üçün geniş imkanların yaradılması vacib məqamlardandır. Bu işləri mərkəzdə, xüsusən regionlarda həyata keçirmək dövlət qurumlarının üzərinə düşən məsələdir. QHT-lər maddi-texniki baza ilə, ofislə təmin edilməlidir ki, onlar normal fəaliyyət göstərə bilsin. Hazırda bizim forumun ən böyük problemlərindən biri məhz maliyyə təminatının olmamasıdır.
Məhz bu problemə görə biz sıralarımıza daimi kadrlar cəlb edə bilmirik. Təbii ki, daimi maliyyə imkanlarına sahib olsaq, elanlar verərək foruma daimi işçilər cəlb edə, onları əmək haqqı ilə təmin edə bilərik. Könüllü xidmət müvəqqəti xarakter daşıyır. Tələbəni, gənci biz könüllü olaraq bir müddət işlədə bilirik. Bir müddətdən sonra o şəxs iş taparaq başqa yerə gedir. Təbii ki, biz də o şəxsə aylıq məvacib verə bilmədiyimizə görə onun başqa işə getməsinin qarşısını ala bilmirik. Həqiqətən də daimi fəaliyyətimizi təmin etmək üçün davamlı maliyyənin olmaması bizim üçün böyük çətinliklər yaradır. Azərbaycan milli maraqlarını, dövlətçiliyini qoruyan bir təşkilat olduğumuz üçün beynəlxalq donorlar da bizə maraq göstərmirlər. Onlar əsasən müxalifət yönümlü təşkilatlara donorluq edirlər. Bunun da səbəbləri hər kəsə bəllidir. Hesab edirəm ki, regionda yaranan yeni QHT-lər maliyyə yardımı alana, öz işini qurana qədər ona fəaliyyəti üçün müəyyən dəstək verilməlidir.
- QHT-lərin potensialının artırılması üçün nə etmək lazımdır?
- Bunun üçün ilk növbədə beynəlxalq təcrübəni öyrənməli, bilik və bacarığımızı, kadr potensialımızı artırmalıyıq. Bütün vasitələrdən istifadə edərək çalışmalıyıq ki, maddi-texniki bazamızı gücləndirək. Məhz bütün bunlar gələcəkdə daha güclü inkişafımızı təmin edə bilər. Hesab edirəm ki, inkişaf etmiş ölkələrdən mütərəqqi təcrübələri mənimsəməli və bunları öz cəmiyyətimizə tətbiq etməliyik. Bununla yanaşı özümüzün milli-mənəvi dəyərlərimizi, xeyriyyəçilik ənənələrimizi yaşatmalıyıq. Çünki cəmiyyətimizdə yüzillər boyu vətəndaş cəmiyəti olub. Məşvərət Şurası, Ağsaqqallar Şurası və digər qurumlar məhz o zaman vətəndaş cəmiyyətinin rolunu oynayıblar. Həm tariximizi öyrənməli, həm də maarifçilik işini gücləndirməliyik. Vətəndaş cəmiyyəti həm də bütün vətəndaşlarımızın maariflənməsi deməkdir. Belə olan təqdirdə insanlar güclü vətəndaş cəmiyyətinin vətəndaşına çevrilir. Həmçinin insanlar da hüquqlarını bilməlidir. Heç şübhəsiz ki, hüquqlarını bilən, savadlı şəxs güclü vətəndaş olur. Təbii ki, güclü vətəndaşın da güclü dövləti, güclü vətəndaş cəmiyyəti olur. QHT-lərin potensialının artırılmasına xidmət edən bu məqamlar təkcə bununla yekunlaşmamalıdır. Biz paralel olaraq sosial şəbəkələrdə, mediada daha da fəallaşmalı, dövlət qurumları, özəl sektorlarla əlaqələrimizi genişləndirməli və maliyyə qaynaqlarımızı artırmalıyıq. Dövlət orqanları ilə əməkdaşlığımızı elə səviyyəyə çatmalıdır ki, biz üçüncü sektor olaraq daha böyük dövlət proqramlarında iştirak edə bilək.
Bildiyiniz kimi, Azərbaycan dövləti QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə artıq xarici ölkələrdəki üçüncü sektor təmsilçilərinə qrantlar verir. Bu, təbii ki, bizi sevindirir və bunu etməliyik. Azərbaycançılığın, həqiqətlərimizin, təbliği, erməni vəhşiliyinin ifşası üçün bu çox vacib məqamdır. Amma bununla yanaşı biz Azərbaycan QHT-lərinin də təminatını, imkanlarını artırmalıyıq. Çalışmalıyıq ki, Azərbaycan dövlətinin inkişafında öz töhfəsini verən vətəndaş cəmiyyətinin imkanlarını genişləndirək.
- Üçüncü sektora ictimai etimadla bağlı nə deyə bilərsiz?
- Vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin fəaliyyətinə, həyata keçirdiyi layihələrə, beynəlxalq, eləcə də dövlət təşkilatları ilə əlaqələrinə uyğun olaraq cəmiyyətdə böyük nüfuzu var. QHT-lər bir çox mühüm tədbirlərdə iştirak edirlər ki, məhz bunlar da üçüncü sektora etimadı artıran məqamlardandır. Əvvəlki illərə nisbətən hazırda vətəndaşlar QHT-ləri nə olduğunu, hansı iş apardığını yaxşı dərk edir və onların fəaliyyətinə geniş imkanlar yaradırlar. Telekanallarımız da aktual sosial problemlərin müzakirəsi ilə bağlı proqramlar yayınlamaqla, eləcə də QHT-lərin bu sahədə gördükləri işləri gündəmə gətirməklə bir növ vətəndaş cəmiyyəti institutları ilə bağlı maarifçilik aparmış olurlar. Amma telekanallar sosial məsələlərə daha geniş yer verməlidirlər. Hesab edirəm ki, televiziyalarla vətəndaş cəmiyyəti institutları arasında əlaqələr daha genişlənməli, əməkdaşlığın səviyyəsi artırılmalıdır. Əgər üçüncü sektora kifayət qədər vaxt ayrılsa, insanlar bu sektorun fəaliyyəti ilə bağlı daha qısa zaman ərzində maariflənmiş olarlar. Düzdür QHT-lərin hazırkı səviyyəyə gəlib çıxmasında, cəmiyyət tərəfindən tanınmasında medianın böyük rolu olub. Lakin daha inkişaf etmiş vətəndaş cəmiyyətinin olması, insanların QHT-lərə böyük etimad göstərməsi baxımından media ilə əlaqələri bir qədər də artırmalıyıq. İşlərimizin dünya ictimaiyyətinə çatdırılması da prioritet məsələlərdəndir. Çünki QHT-lərimiz artıq dünyanın müxtəlif ölkələrində mühüm tədbirlər həyata keçirirlər. Məhz dünyanın aparıcı media qurumlarına geniş çıxış imkanlarımızın olması fəaliyyətimizin, beynəlxalq aləmə çatdırılmasında müstəsna rol oynaya bilər.
(Ardı var)
Aqil LƏTİFOV



