|
|
|
|

Ötən həftə Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyi Norveç Krallığının paytaxtı Oslo şəhərindəki Oslo Universitetində Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət təşkilatlarına Dəstək şurasının maaliyə dəstəyi ilə Qarabağ həqiqətləri ilə əlaqədar sərgiyə start verib. Sərgidə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması, Xocalı soyqırımı, erməni terroru haqqında çox sayda kitablar, videokasetlər və bukletlər nümayiş etdirilib. Universitetin tələbə və müəllimlərinə Qarabağ həqiqətləri haqqındakı kitablar,videomateriallar və bukletlər verilib.
İctimai Birliyin sədri Nazim Əhmədli və Osloda fəaliyyət göstərən Azərbaycan evinin sədri Ramil Əliyev görüş iştirakçılarına sərgi haqqında məlumat veriblər.
Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov da tədbirdə iştirak edib. O, çıxışında Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, xarici ölkələrdə belə tədbirlərin keçirilməsi Azərbaycan üçün çox vacibdir.



