|
|
|
|

Gülnarə ƏLİYEVA-KOŞKUN
Bakı Slavyan Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru
Bakı Dövlət Universiteti Türkologiya kafedrasının öndə gedən isimlərindən olan Qızılgül xanım Abdullayeva Azərbaycan dilçilik elminin inkişafında öz dəsti-xətti ilə seçilən əsl alim, şərəfli ömür yolu keçən müəllim və ciddi ziyalıdır. 70 ilin zirvəsinə yüksələn alim ömrünün təxminən əlli ilini Azərbaycan dilçilik elminə və pedaqoji fəaliyyətə həsr edib. Qızılgül xanım sözün əsl mənasında yaxşı alim olmaqla yanaşı, həm də yaxşı pedaqoqdur. Bakı Dövlət Universitetində təhsil aldığımız illərdə dərin bilgisini tələbədən əsirgəməyən, tələbələrinə xüsusi qayğı ilə yanaşan, zəhmindən çəkindiyimiz qədər, həm də böyük hörmət bəslədiyimiz Qızılgül xanımın dərslərini həmişə səbirsizliklə gözləyər, onun mühazirələrini xüsusi zövq və diqqətlə dinləyərdik.
Qızılgül Abdullayevanın elmi yaradıcılığı çoxşaxəlidir. Qədim türk yazılı abidələrinin dili, türk dillərinin tarixi, müasir türkoloji dilçilik məsələləri dəyərli alimin yaradıcılığında geniş yer tutur. Elmi yaradıcılığının ana xəttini dil tarixi istiqaməti təşkil edir. Bu istiqamətdə yüzlərlə elmi məqalənin, neçə-neçə metodik göstəriş və metodik vəsaitlərin, tədris proqramlarının müəllifi olan alim "Dilin şeir rəngi" (2005), "XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi" (2019), "XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi" (2019) adlı monoqrafiyalarının, "Kül tiqin abidəsi" (2007) dərs vəsaitinin müəllifidir. Qızılgül xanım həmçinin ön sözlə birlikdə 30 çap vərəqi həcmində bir kitabın tərtibçisidir.
Alimin uzun illərin elmi araşdırmalarının nəticəsi olan, 2019-cu ildə nəşr olunmuş "XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi" və "XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi" adlı iki monoqrafiyası Azərbaycan Milli Elmlər Akademiyasına təqdim edilən əsərlər içərisində ilin mühüm elmi nəticəsi kimi dəyərləndirilib.
"XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi" adlı monoqrafiyada XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik normasında gedən demokratikləşmə və xəlqiləşmə prosesləri izlənilir. Monoqrafiya 3 hissədən ibarətdir. "Fonetik norma tarixi təkamül prosesində" adlanan ilk fəslində XVII əsr Azərbaycan ədəbi dilinin vokal və konsonant sistemi, onların tarixi təzahürü, sinharmonizm və onun əsas xüsusiyyətləri izlənilir. Əsərdə zəngin dil faktları əsasında türk mənşəli leksik vahidlərin yazılışında spesifik ərəb qrafemlərinin iştirakı məsələsinə toxunulub və bunun bəzən semantik dəyişkənliklə bağlı olduğu diqqətə çatdırılıb. XVII əsr Azərbaycan ədəbi dilində aparıcılıq və istisnalıq təşkil edən fonetik hadisələr də araşdırma əsasında öz izahını tapıb. Bir sözlə, müəllif saysız-hesabsız ədəbi-bədii dil materialları əsasında XVII əsr Azərbaycan ədəbi dilinin tarixi fonetikasının mükəmməl mənzərəsini yaradıb.
Monoqrafiyanın "Leksik norma tarixi təkamül prosesində" adlı fəslində ərəb və fars mənşəli sözlərin leksik-semantik xüsusiyyətləri, arxaikləşmiş sözlər və onların sonrakı taleyi, omonim, antonimlərin tarixi mənzərəsi, xüsusən sinonimlərdə arxetip məsələsi, milli dilin leksik-frazeoloji sistemi, həmçinin məişət və dialekt leksikası izlənilib və çox doğru olaraq bunların hər birinin mərkəzində canlı danışıq dilinə meylin aparıcılığı müəyyənləşdirilərək ortaya qoyulub. Araşdırma və sonuc həm faktoloji, həm də müəllifin güclü elmi-nəzəri bazası üzərində qurulub.
Qızılgül xanım Abdullayeva bu monoqrafiyada XVII əsr Azərbaycan ədəbi dilinin derivitoloji sisteminə diqqət yönəldib, adlarda və feillərdə söz yaradıcılığının morfoloji və sintaktik üsullarla yaradılışını izləyib, şəkilçi morfemləri milli və əcnəbi tərkibinə, fəallıq və qeyri-fəallığına görə qruplaşdırıb. Alim bu zaman kəsiyində dilimizdə gedən söz yaradıcılığı prosesini əvvəliki tarixi dönəmlərlə əlaqəli şəkildə izləməklə yanaşı, həm də XVII əsr təmsilçilərinin okkozional leksikaya verdiyi töhfəni təqdim edib, amma dövrün söz ustadlarının fərdi sözyaratma qabiliyyətindən söhbət açmağı da unutmayıb. Monoqrafiyanın hər bir bölümündə demokratikləşmənin aparıcılığı müəlif tərəfindən dəlillərə söykənilərək üzə çıxarılıb.
Q.Abdullayevanın "XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi" adlı ikinci monoqrafiyasında XVII əsr Azərbaycan ədəbi dilinin morfoloji və sintaktik normaları elmi araşdırmaya cəlb edilib. Qrammatik kateqoriyalar (adlar və feillər), köməkçi nitq hissələri tarixi təkamül prosesində izlənilib. Ən qabarıq cəhət olaraq oğuz və cağatay elementləri paralelliyi müəyyənləşdirilib, hətta onların növbələşdiyi də faktlara söykənərək sübut olaraq təqdim edilib. Amma ədəbi dil faktı olaraq oğuz elementlərinin aparıcılığı və onların cağatay elementlərini üstələməsi və nəticə olaraq normativləşməsi müəyyənləşdirilərək ortaya qoyulub.

Morfoloji normada da müəllifin ilkləri, yəni yeni tapıntıları ilə qarşılaşırıq. Xüsusən birinci şəxs cəmdə miz variantının varlığının təqdimi; şəxs əvəzlikləri, eləcə də işarə əvəzliklərində on variantının müəllif tərəfindən üzə çıxarılması və bununla onlar əvəzliyinin kök morfeminə bir işıq salınması dilçilik aləminə elmi yenilik kimi daxil olur. Onu da qeyd edək ki, hər şey fakt əsasında təqdim olunduğundan bu məsələdə ehtimala belə yer qalmır.
Monoqrafiyanın "Ədəbi dilin sintaktik normasının tarixi təzahürü" adlanan hissəsində XVII əsr Azərbaycan ədəbi dilində söz birləşmələri, sadə və mürəkkəb cümlələr əhatəli şəkildə şərh olunur. Alim XVII əsr Azərbaycan ədəbi dilinin sintaktik sistemində yer alan söz birləşmələrinin ənənəviliklə novatorluğun vəhdəti fonunda inkişaf etdiyini, əcnəbi qəlib olan izafət tərkiblərində demokratikləşmə prosesinin çox güclü getdiyini, belə ki, onların xeyli qismində komponent baxımından sadələşmənin qeydə alındığını, nəticə olaraq, onların anlaşma dərəcəsinin yüksəldiyini tədqiqatın mərkəzinə gətirir. İzafət tərkiblərində qrammatik və leksik çevrilmələr sayəsində milli qəlibin əruz dilinə sirayətini və ahatə qazanmasını önə çıxarır. Müqayisəyə arxalanaraq həm sadə, həm də mürəkkəb cümlələrin bütün tipajlarının bu zaman kəsiyində varlığından söhbət açır, predikativ əlamətsiz mürəkkəb cümlələrin isə artıq son dövrünü yaşadığını diqqətə çatdırır. Nəticə olaraq öz təhlilləri ilə inteqrallıq və diferensiallığın üzə çıxmasına meydan verir.
Hər iki monoqrafiyanın elmi cəhətdən mükəmməlliyini təsdiq edən əsas aparıcı fakt bu əsərlərdə tədqiqatın tarixi-müqayisəli metodla kökləndiyi ilə bağlıdır. Qədim türk yazılı abidələri, orta əsr yazlılı abidələri, dilimizin XVII əsrdən əvvəlki tarixi inkişaf mərhələlərini təmsil edən klassiklərin dili, müxtəlif türk dilləri, dialekt və şivələr bu müqayisələrin mərkəzində dayanır. Təbii ki, elə bütün bunlar da real elmi nəticənin meydana çıxmasını şərtləndirir. Bu isə alimin, mübaliğəsiz, yüsək elmi hazırlığından və dilçilik elminin dərinliklərinə bələdliliyindən irəli gəlir.
İşin ən böyük elmi yeniliyi odur ki, XVII əsr Azərbaycan ədəbi dilinin fonetik, leksik və qrammatik normaları ilk dəfə məhz bu əsərlərdə sistemli, əhatəli və tam şəkildə tədqiqata cəlb olunub. Haqqında söhbət açdığımız bu monoqrafiyaların ilklərindən biri də budur ki, bu monoqrafiyalarda Fədai, Qövsi Təbrizi, Saib Təbrizi, Məsihi, Məhəmməd Əmani kimi dövrünün məşhur şairləri ilə yanaşı, ilk dəfə olaraq Nəşə Təbrizi, Sadiq bəy Əfşar, Rəhməti Paşa, Tərzi Əfşar, Zəfər, Mirzə Saleh Təbrizi, Məczub, Vəhid Qəzvini, Şah Abbas Kəbir, Şah Abbas Sani, Müsahib Gəncəvi, Səfi, Məlik bəy Avçı, Vaiz Qəzvini, Murtuzaqulu Sultan Şamlu kimi klassik söz ustadlarının da ədəbi-bədii dil nümunələrindən yan keçilməyib, onlar müəllif tərəfindən araşdırmaya cəlb olunub. Araşdırma zamanı hər iki əsərin ana xətti müəyyənləşdirilib, XVII əsr Azərbaycan ədəbi dilinin ənənə ilə novatorluğun vəhdəti fonunda inkişaf etdiyi, amma folklor-danışıq dilinin aparıcılığa doğru istiqamətləndiyi və XVII əsrin diferensasiya, sabitləşmə, demokratikləşmə, xəlqiləşmənin yenidən təşkili kimi proseslərin başlanğıc mərhələsi kimi Azərbaycan ədəbi dili tarixinə daxil olduğu elmi əsaslarla təsbit edilib.
Qızılgül xanım "XVII əsr Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. O bu gün də gənclik şövqü ilə yazır, yaradır. İnanırıq ki, yaxın gələcəkdə neçə dərslik və dərs vəsaitlərinin altında Qızılgül xanımın imzası ilə qarşılaşacağıq. Onun elmi yaradıcılığı, pedaqoji və ictimai fəaliyyəti mükafatlardan da yan keçmir. Əməyinin bəhrəsini görür və görməkdədir. O, 2018-ci ildə "Azərbaycan-Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə", 2019-cu ildə isə Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) münasibəti ilə Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. 2020-ci ildə "İlin alimi" müsabiqəsinin qalibi olaraq "İlin alimi" adını alıb. 2021-ci ildə "Qızıl qələm" mükafatına, 2022-ci ildə isə "Həsən bəy Zərdabi" mükafatına layiq görülüb. O, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan-Özbəkistan Dostluq cəmiyyəti idarə heyətinin üzvüdür.
Bu məqalə Qızılgül xanım Abdullayevanın 70 illik yubileyinə kiçik bir töhfəmizdir. Yüksək elmi hazırlığı, nümunəvi xarici görünüşü, ciddi görünümünün altındakı səmimi və qayğıkeş münasibəti, dəyərli məsləhətləri ilə sonsuz sevgimizi qazanmış gözəl insan, gənclərə doğru yol göstərən təmənnasız müəllim, görkəmli alim Qızılgül xanımı 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, pedaqoji fəaliyyətində, savadlı kadrların yetişdirilməsində və Azərbaycan dilçilik elminin inkişafı yolunda yeni yaradıcılıq uğurları arzu edirik! Yubileyiniz mübarək, bizə doğmadan doğma olan sevimli müəllimimiz!



