|
|
|
|

Nə qəribədir: yolun başlanğıcı və sonu səni izləyir, gözləyir. Gözləyir ki, addımlayasan. Yeni bir səhifə açıb vərəqlərini çevirə-çevirə getmək və gülüşünü, hayqırışını, fəryadını, sevincini, sevgini, bir sözlə, hər şeyini o səhifədə gizlətmək...
Bu səhifələr həyatımda çox olub. Hər birinin özəl, yaddaqalan xatirəsi var, lakin bu xatirə bir başqadır. Bu yazını oxuduqda sizə məsləhətim odur ki, gözlərinizi qapadın. Özünüzü bir dənizkənarında hiss edin. O dənizin dalğaları sizi heç bilmədiyiniz limana yolcu etsin. O zaman anlayacaqsınız söyləmək istədiklərimi.
Bu dəfə həm qələmim, həm də mən danışıram, əziz dostlar. Daxilimdəki fırtınanı, əzabı, keçmişi bir kənara qoyub yeni səhifəni açaraq yazıram. Həyatım çox keşməkeşli olub. Bu o demək deyil ki, yaşım azdır. İnsanın daxili dünyasındakı fırtına onu hər dəfə özü ilə sürükləyir ki, heç biz belə bilmirik hardayıq? Mən bu gün bu sualların cavabını tapdım, həm də dənizin sayəsində. Həmişə qeyd etmişəm ki, xarakterimi dənizə bənzədirəm. Dəniz kimi fırtınalı, coşqulu, acı xatirələri yük edən, lakin bir o qədər də sevgi dolu və huzurlu. Məni bəlkə də anlayanlardan biri də dənizdir. Onunla danışmaq, söhbətləşmək mənə təkcə huzur vermir. Mən dənizlə birgə bütün ötüb-keçmiş xatirələrimi yada salıb gələcəyə addımlayıram. Mən də məhz bu gün addımladım. 15 aprel... Təqvimdə tarixlər qeyd olunduğu kimi mən də beynimə, ürəyimə həkk etdim bu özəl tarixi. Nə vaxtsa bir gün bu sənətə doğru addımlamağı heç düşünməzdim, lakin qələmimin gücü ilə addımladım. Dənizin həzin səsi, havadakı qoxu, quşların səsi, qələmin mirvari kimi yazması və saatın tik-tak səsləri... Mənim ilham aldığım duyğular elə bunlar deyildimi? Mən o qapıdan çıxıb növbəti qapıya addımladımsa, bu sadaladıqlarımın sayəsində oldu.
Bəli, xəbər gəldi ki, Səma Muğanna, siz Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmisiniz. Həmin anda beynimdə və ürəyimdə döyünən pıçıltılar bir-birini elə bil addım-addım izlədi. Elə izlədi ki, mən belə onların qarşısında susdum. Bu duyğuların hər biri evlərinə köç edir, lakin qələmimə və ürəyimə yalnızca onlardan qalacaq xatirəni qoyub gedirdilər. Nə qəribə imiş, elə deyilmi? Əslində, qəribə deyil, düşündürən və dərin mövzudur. Bu tarix mənim yaddaşıma belə həkk olunduğun an dedi ki, bu duyğuların izi heç vaxt silinməyəcək, Səma! Silinməsin, mənim qəbulumdu. Əgər silinsə, mənim qələmim məhv olar...
Hörmətli Anar müəllimə və Rəşad Məcidə xüsusi təşəkkür edirəm! Sizlər olmasaydınız, qələmim gücünü ifadə edə bilməyəcək və daima gizlənəcəkdi! Bu qələmi yazdıranlar, duyğuları yaşadanlar var olsun!
Səma MUĞANNA



