|
|
|
|

Kürdəmir rayon İcra Hakimiyyəti və AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin birgə təşkilatçılığı ilə Rayon Mədəniyyət Evində aşıq Ağalar Mikayılovun 100 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Öncə foyedə xalq şeirinin əksər formalarında yazıb-yaradan sənətkarın həyat və yaradıcığına həsr edilmiş sərgi nümayiş olunub. Tədbiri giriş sözü ilə açan muzeyin Aran Regional Şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Aşıq Ağaların Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən söz açıb. Bildirib ki, 75 illik ömrünün 30 ilini bu sənətə həsr etmiş aşığın xeyli sayda qoşma, gəraylı, təcnis, deyişmə, qəzəl, bayatı və müxəmməsi var. Həmin şeirlərin bir çoxu toylarda, şənliklərdə oxunmaqla yanaşı, müxtəlif mətbu orqanlarda, almanax və aşıqlara həsr olunmuş kitablarda çap olunub. Qeyd edilib ki, professor Seyfəddin Qəniyev ustad sənətkarın şəcərəsini, həyat və yaradıcılığını dərindən araşdırıb, şeirlərinin bir qismini toplayaraq çap etdirib. Aşıq Ağalar Mikayılov 1913-cü ilin yazında keçmiş Şamaxı qəzasının Qəşəd kəndində, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri - şirvanlı aşıq, ötən əsrin 30-cu illərində Stalin repressiyasının qurbanı olmuş Mirzə Bilalın ailəsində dünyaya gəlib. Bildirilib ki, onun 2011-ci ildə nəşr etdirdiyi "Şirvanlı Aşıq Ağalar" monoqrafiyasında aşıq haqqında oxuculara müfəssəl bilgi verilir. Filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının redaktorluğu və ön sözü ilə "Çaşıoğlu" nəşriyyatında çapdan çıxmış şeirlər kitabında aşığın arxivindəki çap olunmamış şeirlərindən bir qismi və oxuduğu aşıq havalarından ibarət disk sənətkarın 100 illik yubileyinə hədiyyə edilib.
Bildirilib ki, görkəmli alim, AMEA-nın müxbir üzvü Rafael Hüseynov müxtəlif illərdə Azərbaycan radiosunun "Axşam görüşləri" proqramında aşıq Ağalar Mikayılovun həm öz həyat və yaradıcılıq yolu, həm atası Mirzə Bilal, həm də digər saz və söz ustadları haqqında maraqlı verilişlər səsləndirib.
Tədbirdə Ağalar Mikayılovun Azərbaycan radiosunun qızıl fondundan götürülmüş səs yazısının müşayiəti ilə ustad sənətkara həsr olunmuş fotoşəkillər nümayiş etdirilib.
Daha sonra Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli, filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov, folklorşünas alim, professor Seyfəddin Qəniyev, Folklor İnstitunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, "Ozan dünyası" jurnalının baş redaktoru Musa Nəbioğlu çıxış edərək ustad aşıq Ağaların yaradıcılıq xüsusiyyətlərindən, onun Azərbaycan aşıq sənətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışıblar.
Aşıq Ağalar ötən əsrin 50-ci illərindən el şənlikləri ilə yanaşı, dövlət tədbirlərində də iştirak etmiş, ifaları hər zaman maraqla qarşılanıb. 1956-cı ildə "Xalq yaradıcılığı evi" ona "Azərbaycan SSR-in el aşığı" fəxri adını verib. Aşıq Ağalar 1961-ci ildə aşıqların III qurultayının nümayəndəsi olub.
Yubiley mərasimində tanınmış aşıqlar Əhliman Rəhimov, Yanvar Bədəlov, Ağamurad Mərzəngəli, aşıq-xanəndə Əvəzxan Xankişiyev ustad aşıq Ağalar Mikayılovun sözlərinə qoşulmuş aşıq havalarını ifa ediblər.



