İncəsənət elə bir sahədir ki, bu yolda çalışan hər bir kəs yazıb-yaratdığı, ərsəyə gətirdiyi əsərlərini yalnız bu sahənin mütəxəssislərinə, nümayəndələrinə deyil, saysız-hesabsız kütlələrə ünvanlayır. Kiminin rəsmləri, kiminin ədəbi əsərləri, kiminin də bəstələri... Əslində sadalanan bu sahələrin hər birinin də özünün qolları, istiqamətləri var. Belə ki, musiqi sahəsinə diqqət yetirmiş olsaq, bu sahə də bəstəkarlıq, ifaçılıq, musiqişünaslıq kimi istiqamətləri özündə birləşdirir. Hələ tarixdən bəllidir ki, bir çox musiqiçilər əsasən bəstəkar və ifaçı simasıyla tanınır, fəaliyyət göstərir və buna bir sıra nümayəndələri misal göstərmək olar. Lakin musiqişünaslıq və bəstəkarlıq kimi istiqamətləri öz yaradıcılığında peşəkarcasına birləşdirərək fəaliyyət göstərən musiqiçi dedikdə isə hər kəsin xatirində yalnız bir sima - Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli, sənətşünaslıq doktoru, professor, görkəmli musiqişünas-alim Ramiz Zöhrabov canlanır.
Hər kəsə bəllidir ki, böyük alim Ramiz Zöhrabovun musiqi mədəniyyətimizdə çox böyük xidmətləri olub. Azərbaycan musiqisi - həm xalq yaradıcılığı, həm də bəstəkar yaradıcılığı ilə bağlı bir çox kitablar, monoqrafiyaların müəllifi, uzun illər televiziya ekranlarında xalq musiqisi, muğamlarla bağlı verilişlərin aparıcısıdır Ramiz Zöhrabov. Bu günə qədər yorulmadan elmi fəaliyyətini davam edən Ramiz müəllim bütün bu xidmətləri ilə bərabər, gənc musiqiçilərə də vaxt ayırır. Belə ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətini də davam etdirən Ramiz müəllimin xeyir-duası ilə neçə-neçə tələbə musiqi dünyasına qədəm qoyub. Heç şübhəsiz, Ramiz Zöhrabovun Azərbaycan muğamı, Azərbaycan təsnifləri, Azərbaycan bəstəkarları, bilavasitə Azərbaycan musiqi mədəniyyəti qarşısında olan xidmətləri olduqca böyük və əvəzolunmazdır.
Mayın 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ramiz Zöhrabovun 75 illik yubiley gecəsi keçirildi. Yubiley gecəsində alimin fəaliyyəti, xidmətləri haqqında fikirlər söylənildi və bəstələdiyi əsərlər səsləndirildi. İlk olaraq çıxış üçün söz, həm də, gecənin aparıcısı olan Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas Lalə Hüseynovaya verildi. O, Ramiz Zöhrabovun həyat və çoxşaxəli yaradıcılıq yolundan, kitablarından, xidmətlərindən söhbət açaraq alimin yaradıcılıq portretini gözümüz önündə canlandırdı. Bundan əlavə, akademik, şərqşünas-alim Vasim Məmmədəliyev də Ramiz müəllimin yaradıcılıq yolu ilə bağlı dəyərli fikirlərini bölüşdü. Bütün bu çıxışlarla yanaşı, yuxarıda da qeyd etdiyimiz kimi alimin eyni zamanda bəstəkarlıq fəaliyyəti də olduğundan, onun xalq çalğı alətləri orkestri üçün yazdığı bir sıra əsərləri səsləndirildi. Belə ki, yubiley gecəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri bədii rəhbər və baş dirijor, Xalq artisti, professor Ağaverdi Paşayevin və dirijor İlahə Hüseynovanın idarəsi ilə çıxış edirdi. Alimin yaradıcılığından dəyərli musiqi nümunələri səsləndirildi. "Musiqi lövhəsi", "Uşaq lövhələri" süitası (6 hissədə; 1."Balaca aşıq", 2."Qavalla rəqs", 3."Kiçik vals", 4."Qəmgin nağıl", 5."Qaytağı", 6."Tap, görüm"), "Xoreoqrafik miniatürlər" (2 hissədə), "Ərdəbil lövhələri" süitası (4 hissədə; 1."Yaylaqda", 2."Xəyal", 3."Lay-lay", 4."Rəqs") kimi orkestr üçün yazılmış əsərlər, eləcə də "Sevgili yar" (Abdulla Qüdrətin sözlərinə), "Sən olmasaydın" (Bəxtiyar Vahabzadənin sözlərinə), "Gülmək sənə yaraşır" (Şahnəzər Hüseynovun sözlərinə) kimi könül oxşayan mahnıları ifa olundu. Müəllifin həm orkestr əsərləri, həm də Sərxan Bünyadzadə, Rövşən Əziz, Fəxri Kazım-Nicat tərəfindən ifa olunan bir-birindən gözəl mahnılarının hər biri xalq musiqi ruhuna yaxın, olduqca parlaq və dəyərli nümunələrdir.
Bundan əlavə, gecədə gənc ifaçılar tərəfindən bir neçə təsnif də ifa olundu. Konsertin proqramına təsniflərin daxil edilməsi heç də təsadüfi deyildi. Çoxsaylı Azərbaycan təsniflərinin nota yazılması da Ramiz müəllimin geniş fəaliyyətində xüsusi yer tutur. Gecədə "Şur" və "Segah" təsnifləri Güllü Muradova, Kəmalə Abbasova, Elnur Zeynalovun ifasında səsləndi.
Nəhayət, Ramiz Zöhrabovun 75 illiyinə həsr olunmuş tədbir sona çatdı. Hər kəsdə yüksək təəssüratlar yaradan Ramiz müəllimin bir-birindən gözəl və dəyərli əsərləri, bilavasitə yubiley gecəsi tamaşaçıların sürəkli alqışları ilə əhatələndi. Zənnimizcə, bu tədbir hələ yaddaşlarda çox yaşayacaq.
Fərdin İLHAMOĞLU
Üzeyir Hacıbəyli təqaüdçüsü



