Amsterdam Dövlət Universitetinin tələbəsi - nəvəm Fuad Novruzlunun forma və məzmunca çox fərqli olan bədii yazıları bəlkə də sabahın şeirləridir. Heç bir vəznə, qafiyəyə sığmayan bu yeni şeirlər daha çox fikir axını, ifadə sərbəstliyi və gənc müəllifin haqq-ədalət ölçülərini itirmiş narahat dünyamızın problemlərinə orijinal bədii yanaşması kimi maraqlıdır. Həmin şeirləri, diqqət çəkəcəyinə və fərqli təəssürat yaradacağına inam hissilə, "525"in oxucularına təqdim etmək istədim.
Əli Əmirli, Yazıçı, dramaturq
Fuad NOVRUZLU
Sözünüzə qüvvət
Yaradıcılıq həm də daxili cəhənnəmin yanacağıdır.
Həyat xəyalların növbəti duracağıdır.
Gözəllik - əfsanələrin əbədi sığınacağıdır.
Tanrı, həm də imandakı səmimi tərəddüddür,
həmçinin narahat vicdandır.
Fərqliliklər ağ-qara tək ikiqütblü deyil,
Çoxlu çaları olan rəng təkcə boz deyil.
Əsl zəka 0 və 1 arasındadır.
Qəhrəmanın xidməti borcu - şüşə qəsrin qapısındadır.
Yazarın peşəkarlığı - səmimi yazısındadır.
Onun son tapşırığı
O, valideyn qayğısından məhrum,
Günahsızlığına rəğmən cənnətini itirmiş gələcək.
Kəskin, yeni nəfəsli gələcək.
Bu həyata xilaskar mələklərini itirib gələcək.
İnternat qardaş-bacıları ilə çığırışıb qara pişikləri qovacaq.
Onun pak ürəyi əvvəl tərbiyəçisinə,
sonra komandirinə "Oldu!" deyə biləcək.
O, həyatdakı yeganə səmimi sevgisini
peşəkar qətl maşını olaraq icra edəcək.
O, cavan yaşından dünyanın ədalətinə,
zamanın qisasına
və sevginin safına bələd olacaq.
O, düşmən mövqelərinə sızıb
bədnam, çürük qəlblərini deşəcək, cıracaq, yandıracaq,
dişi-dırnağı ilə ədalət və qisas anlayışlarını
onlara isbat edəcək.
O, son tapşırığına
"Vətən sağ olsun!" reaksiyası verəcək.
O, yetim qalmış millətin mənəvi kimliyini
və milli fəxarətini özünə qaytaracaq.
O, heç vaxt ölməyəcək.
Ruhumun cərrahı
Atama həsr olunur
Xəstənin yastığı yüngül deyil,
Diaqnozunuz xarakteriniz deyil.
Hövsələm dəqiqliyimə maneə deyil.
Anestezioloq mələk, ümid dərman deyil.
Yardım da göründüyü qədər təcili deyil.
Ağrı və qorxularınız azalanda
oxuduğunuz dualar çox güman səmimi deyil.
Mərkəzi sinir sisteminin qısa qapanması,
Pandemiya, gömrük rüsumları,
yuxusuz gecələr və səmimi qorxular.
Zəhmətin ən ağırı və müdaxilənin ən dəqiqi.
Digərinin həyatı üçün
Əzrayılla mübarizə etmək də hər kişinin işi deyil.
Mənim nağılıma göydən düşən üç alma da,
Siz bilən almalardan deyil.
Qorxma
Qulaq as, qorxma...
Düzdür, qaranlıqdır,
Amma ümid var ki,
Kimdəsə fənər var,
Kimdəsə gələcəyə ümidlə baxmağa səbəb var,
Kimdəsə ilk son zəngin xatirəsi var,
Kiminsə qəlbində əvvəlki sakit ahəngin ilğımı var.
Qulaq as,
Sənin həssas qəlbin
Keçmişlə gələcəyin müharibə meydanı deyil.
Qorxma,
Sənin sabahın heç kimin dünənində başlamalı deyil.
Sənin mənəvi sərvətin
arxaik yazılmamış qanunlardan ibarət olmalı deyil.
Heç kimin hədə-qorxusu sənin dinin deyil.
Sənin cənnətin də, heç kimin ayağı altında deyil.
Qaranlıqdır, amma qorxma,
Səndə də fənər var.
Səndə də gələcəyə ümidlə baxmağa səbəb var.
Səndə də sakit ahəngin işartısı var,
Sənin də qaranlıq səmanda minlərlə parlaq ulduz var...
Keçən keçdi
İlk atəşi kimin açdığı daha vacib deyil.
Fəlakətlər də daha o qədər uzaq deyil.
İlk sərhəd də daha vacib deyil nəyi ayırırdı,
İlk ayrılıq da vacib deyil haralara aparırdı.
İlk bütlər də az-çox özümüzdən idi,
Cənnət qatında ilk günah da
tamahkar gözümüzdən idi.
Ən böyük sərkərdələrin də qələbələri
tarix səhifələrində qaldı,
Ana müharibə üçün öz canından qopardı.
İlk duamı kimə etdiyim daha vacib deyil.
İlk rəhməti də kimə oxuduğum daha vacib deyil.
Olan oldu,
Keçən keçdi.
"Örtülü bazar" münasibətləri
Dostluğu pozan
Örtülü bazarda
İntim atmosfer yetişirdi.
Cənub şəhərində
Şimal küləyi
Bahar mehinə dəyişirdi.
Ağsaqqallar şurası
Yüksək təzyiqini
Ağbirçəyin şəkərilə taraz
laşdırırdı.
Balçı öz işçi arılarını
Fərdi yaşayış minimumuna -
190 manata razılaşdırırdı.
Pulcuqları soyulmuş balığın
Təəccüblü gözləri
Sanki vəziyyətlə barışırdı.
Qərb küləyi
Örtülü bazarın
Üstünü açmağa çalışırdı.
Konservləşdirilmiş narazılığın
Son istifadə müddəti
Tərəddüdlə yaxınlaşırdı.