|
|
|
|

Bu günlərdə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışı oldu. Açılışda hərbi hissəyə Döyüş bayrağının verilməsi haqqında Azərbaycan Prezidentinin təqdimatı dinlənildi və yeni hərbi birləşmələrin komandiri, polkovnik-leytenant Fəxrəddin Cavadov sərhədləri göz bəbəyi kimi qoruyacağına and içərək bayrağı qəbul etdi; hərbi hissənin şəxsi heyəti də onun səsinə səs verdi. Komando qüvvələri Döyüş bayrağı ilə təntənəli marşın sədaları altında tribunanın önündən şərəf rəmzi, qürur mənbəyi, 44 günlük müharibənin qalib əsgərləri olaraq keçib getdilər.
İzlədiyim mənzərə Fəxrəddin Cavadovun və onun timsalında şanlı Azərbaycan Ordusunun həyat yoluna qısaca nəzər salmağıma səbəb oldu.
1977-ci ildə Füzuli rayonunda dünyaya göz açan Fəxrəddin, rayonu işğal olunanda on altı yaşındaydı. Düşmən yaşadığı kəndin bir neçə kilometrliyinə qədər gəlib çıxmışdı. Mövcud problemlər və təhlükəyə baxmayaraq, öz evlərini tərk etməyən kənd əhalisinin arasında onun da ailəsi vardı. Fəxrəddin Cavadovun işğal olunmuş torpaqları azad etmək yanğısı ilə döyünən və "polad sinəsinə sığışmayan ürəyi" hələ bir il əvvəl - 1992-ci ildə onu C.Naxçıvanski adına Hərbi liseyə gətirib çıxarmışdı, mövzumuzun qəhrəmanı elə həmin vaxtdan da "silaha" sarılmışdı...
1995-ci ildə Hərbi liseyi müvəffəqiyyətlə başa vuran kursant Cavadov H.Əliyev adına Ali Hərbi Məktəbə daxil olur.
Bir-birinin ardınca Azərbaycanın işğal olunmuş onlarla şəhəri, minlərlə kəndi, 19 yanvar, 1990-cı ildə dinc insanların həyatına gecə qulduru kimi soxulan Sovet ordusu, 26 fevral 1992-ci ildə baş verən Xocalı qətliamı ölkədə yaranan xaotik vəziyyətin dərinliyindən xəbər verirdi, amma qeyrətli Vətən oğulları bu təsirə düşmədilər, mübarizə yolunun hərbi ideologiyadan, nizamlı təlimdən keçdiyini öyrəndilər. Gənclər başa düşdülər ki, təntimiş emosiyalarla düşmənin üzərinə əli yalın getməyin faydası yoxdur, əvvəlcə ordu yaradılmalıdır. Onlara bu işində Ulu öndər Heydər Əliyevin misilsiz ordu quruculuğu siyasəti yol göstərdi, ömür yollarına işıq saldı. Azərbaycan Ordusu Fəxrəddin Cavadov və onun silahdaşlarının timsalında an-an, gün-gün, pillə-pillə böyüməyə başladı: səbrlə, dözümlə, inamla.
Deyirlər ki, xoşbəxtlik arzuya gedən yoldadır, amma bu fikri torpaqlarını işğaldan azad etmək istəyən hərbçilərin həyatına şamil etmək doğru olmaz, onlar arzuya tərəf yox, bələdçi və aparıcı qüvvə olaraq məqsədə doğru irəliləyirlər, o məqsədə ki, könüllü olmur, xalqının keçmişi, bu günü, sabahı naminə zərurətdən doğulur.
1999-cu ildə Ali Hərbi Məktəbi bitirən Fəxrəddin Cavadov NMR-da hərbi hissənin tağım komandiri vəzifəsindən tabor komandiri vəzifəsinə qədər yüksəlir. Yenidən oxumaq qərarına gəlir və 2012-2014-cü illərdə Hərbi magistraturada təhsil alır.
Hərbi magistraturadan sonra Fəxrəddin yolunu dağlara salır: Murov, Gədəbəy, Daşkəsən... Hərbi hissənin komandir müavini, komandiri, qərargah rəisi kimi vəzifələrdə fəaliyyət göstərir.
Gah Qarqara sel gəlir,
Gah Şimaldan yel gəlir,
Qələbəyə yol gəlir
Azərbaycan Ordusu!
Əskəri şücaətli,
Döyüşü ədalətli,
Dözümlü, rəşadətli
Azərbaycan Ordusu!
Bəli, şanlı ordumuzun, Fəxrəddin Cavadov kimi oğullarımızın sayəsində (Qələbə!) 44 günlük müharibəyə yol gəlir, daha doğrusu, gəlirdi, ona görə ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu uzun illər yaşadığımız ağrı-acıya bu gün son qoyub. Bu gün Fəxrəddin Cavadov Kəlbəcərdədir, sabah Laçında, Xocalıda, Xankəndində olacaq; Vətənin düşmən xəyanətinə uğramış hər qarış torpağında ədaləti bərqərar edəcək!
23 avqust 1993-cü ildə işğal olunmuş Füzuli şəhəri və onun ətraf kəndləri 27 ildən sonra 44 günlük müharibənin tərkib hissəsi olaraq düşmən tapdağından azad edildi. Bu müharibədə, yəqin ki, polkovnik-leytenant Fəxrəddin Cavadovun da tərifə, təqdirə layiq xidmətləri az olmadı. Onun müxtəlif medallarla təltif olunması bunun əyani göstəricisidir.
Sənət, peşə seçimi insanın həyatında mühüm hadisədir. Seçimin ən çətin növü sevmək sənətidir; yəni arzu edilən nəticəyə qovuşmaqdan ötrü lazım gələn prosesin çətinliklərinə baxmayaraq, insanın prinsipial mövqe nümayiş etdirməsidir ki, onu yorulmadan öz məqsədinə doğru aparır. Orduda da eynən belədir; hərb sənətini ona görə sevmirlər ki, həyatın boşluğu dolsun, ona görə sevirlər ki, vətənin, dövlətin azadlığı təmin olsun! Bu mənada hərb sənəti ən çətin və ən şərəfli vəzifədir.
Fəxrəddin və onun silahdaşları ölkənin ağır günündə Naxçıvanskilərin, Mehmandarovların yolunu seçdi. Vaxt gələcək, bu yol onları sələflərinin uğurlu salnamələrinə qovuşduracaq...



