|
|
|
|

"ATƏT-in sədri, İsveçrə Prezidenti Didye Burkhalterin Azərbaycan və Ermənistanda səfərdə olarkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlarda kəskin bir yeniliklər yox idi. O sadəcə bildirirdi ki, danışıqlar Minsk qrupu vasitəsilə Madrid prinsipləri əsasında bərpa olunmalıdır".
Bu barədə millət vəkili, politoloq Rasim Musabəyov ATƏT-in sədrinin regiona səfəri zamanı Qarabağ münaqişəsinə dair verdiyi bəyanatları şərh edərkən bildirib.
"Didye Burkhalter təklif etdi ki, İsveçrə münaqişə tərəflərinə öz imkanlarından maliyyə, siyasi və yer baxımdan hər cür yardım etməyə hazırdır. Bundan əvvəl, ATƏT-in 20 sədri regiona səfər edib, amma nəsə dəyişməyib, İsveçrənin sədrliyi dövründə ciddi dəyişiklik gözləmirəm", politoloq deyib.
R.Musabəyov İsveçrənin imkanlarını şişirtmək istəmədiyini, amma balaca ölkə olmasına baxmayaraq Avropada sülh məsələlərində xeyli nüfuzunun olduğunu vurğulayıb: "Həmin imkanlarından istifadə etsələr, erməniləri ağıla gətirməkdə hansısa cüzi təsirləri ola bilər. Amma hər halda bu məsələdə dönüş gözləmək hələ ki, mümkün deyil".
Politoloq əlavə edib ki, ATƏT sədri olan İsveçrənin hər hansı təşəbbüslə çıxış etmək imkanları da yoxdur: "Bu münaqişənin nizamlanması ATƏT- in üzərindədir. ATƏT sədri Azərbaycan və Ermənistanda oldu, tərəflərlə görüş keçirdi, müəyyən səylər nümayiş etdirdi. İndi o səylərin nəticə verib verməyəcəyi barədə heç nə demək mümkün deyil. Yarım ildən sonra isə İsveçrənin sədrliyi başa çatacaq".
Millət vəkili Fransa prezidenti Fransua Ollandın səfəri zamanı münaqişə tərəflərinə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni təkliflər verməsinə və prezidentlərin Parisdə görüşünü təklif etməsinə də münasibət bildirib: "Təkliflərin mahiyyəti açıqlanmır, halbuki Olland da bəyan etdi ki, məsələ Madrid prinsipləri əsasında həll edilməlidir. İndi ola bilsin ki, təkliflər o prinsplərin hansısa bir ardıcıllıqla həyata keçirilməsi ilə bağlıdır. Təkliflərin nədən ibarət ola bilməsini deməkdə çətinlik çəkirəm, amma ona bilavasitə müsbət reaksiya hələ ki, səslənməyib. Hamı anlayır ki erməninin ipi Moskvanın əlindədir. Ordan bunlara hə, yox deməyənə kimi heç bir irəliləyiş gözləmək olmaz. Azərbaycan da ona görə tələsmir. Prezidentlərin görüşü təklifinə gəlincə, hələlik nə Azərbaycan nə Ermənistan prezidentləri bununla bağlı öz müsbət fikirlərini səsləndirməyiblər. Ona görə yaxın zamanlarda bu görüşün baş tuta biləcəyini söyləməkdə çətinlik çəkirəm. Baxaq Rusiya xarici işlər naziri Sergey Lavrov nə ilə gələcək, ona da qulaq asmaq lazımdır. Yəni mənasız yerə nümayiş üçün görüş keçirməyə Azərbaycan tərəfinin heç bir marağı yoxdur".
Rusiyadan bu ay ərzində birsıra rəsmi səfərlərin olacağına diqqət çəkən R.Musabəyov, bunu Moskvanın dünyada təklənməsi ilə izah edib: "Ona görə də Rusiya istəyir ki, mümkün qədər qonşu dövlətlərlə münasibətləri qaydasında saxlasın. Təbii ki, Azərbaycan kifayət qədər imkanlı bir ölkədir və Rusiyanın təklənməsi siyasətində, o cümlədən Azərbaycandan keçən türkmən qazının ixracı planları nəzərdən keçirilir. Avropa Komissiyasının prezidenti Barozzo da gəlir, onların da istəyi var. Təbii ki, Rusiya istəyir ki, onun bu bazardan uzaqlaşdırılmasında Azərbaycan iştirak etməsin. Ortada digər məsələlər də var. Təkrar edirəm ki, biz Rusiya ilə qonşuyuq və normal əməkdaşlıq münasibətlərimiz var. Rusiya Azərbaycanı öz yaratdığı ittifaqlara cəlb etməkdə maraqlıdır. Ancaq Azərbaycanın konkret hansı maraqlarının nəzərə alınacağını demir. Belə olan halda isə o təkliflər Azərbaycan üçün cəlbedici deyil".
Pərvanə



