|
|
|
|

"Biz özümüzü yad bir ölkədə hesab etmirik, Azərbaycan da bizim öz ölkəmizdir. Bakını Ankara, Astana və Bişkəkdən ayırmırıq".Bunu TÜRKPA-nın Bakıda keçiriləcək beşinci plenar iclası çərçivəsində reallaşan TÜRKPA dövlətləri parlament sədrlərinin Assambleya Şurasının toplantısında sözügedən quruma sədrlik edən Türkiyə Böyük Milllət Məclisinin (TBMM) sədri Cəmil Çiçək dilə gətirib. Daha sonra C.Çiçək İraqın Mosul şəhəində "İraq Şam İslam Dövləti" (İŞİD) yaraqlıları tərəfindən Türkiyə baş konsulluğunun binasının ələ keçirilməsi və bu zaman baş konsul başda olmaqla 49 Türkiyə vətəndaşının həbsi ilə bağlı məlum olayları qınayan kəskin bəyanatla çıxış edib. Onun sözlərinə sözlərinə görə, İŞİD yaraqlıları həmçinin, Mosul elektrik santralında işləyən daha 31 türk vətəndaşını həbs edərək naməlum səmtə aparmaqla böyük qanunsuzluğa yol veriblər.
C.Çiçək deyib ki, Türkiyə dövləti İraqın Mosul şəhəri və digər bölgələrində son günlər baş verən hadisələrdən dərin narahatçılığını bildirir, yaranmış problemlərin sülh yolu ilə çözülməsini , türk diplomatları və türk vətəndaşlarının qeyd-şərtsiz azadlığa buraxılmasını istəyir.TBMM-nin sədri İraqda baş verən hadisələrlə əlaqədar dünya birliyini terrora qarşı birlikdə mübarizəyə çağırıb. Lakin bununla belə,o, terrora qarşı mübarizə məsələsində dünya birliyinin gözlənilən reaksiya vermədiyini və narahatlıq doğuran hadisələrə etinasız qaldığını da ifadə edib.
Milli Məclisin (MM) sədri Oqtay Əsədov da Türkiyənin Mosuldakı diplomatik missiyasına qarşı olan hücumlardan danışıb. MM-in sədri qardaş Türkiyənin Mosuldakı diplomatik missiyasına qarşı olan hücumları qətiyyətlə pisləyib. O, "İraq Şam İslam Dövləti" terror təşkilatı tərəfindən girov götürülən konsulluq əməkdaşlarının və Türkiyə vətəndaşlarının dərhal azad olunmasını tələb edib.
Kamil HƏMZƏOĞLU



