|
|
|
|
Artıq bəzi ağaclar payız donunu geyinib. Hətta sapsarı yarpaqlarını soyunub dibinə tökənlərə də rast gəlmək olur. Amma ümumilikdə hələ təbiət payıza təslim olmayıb, yaşıllığını qoruyub saxlayıb.
Yol boyu təbiət haqqındakı düşüncələrim mənə yaralarımı unutmağa, ağrı-acımı hiss etməməyə kömək etsə də, yayla payızın qovşağındakı dəyişikliklər özü insanı üşüdür, kədərləndirirdi. Bəli, mən aldığım itkinin təsirindən korşalmış fikirlərimi düzənə salmağa cəhd etsəm də, deyəsən, bacarmırdım. Bu mənim üçün mümkünsüz idi. Axı həyatda çox sevdiyim, qayğısını, hörmətini həmişə hiss etdiyim əmim oğlunu - qardaşımı itirmişdim...
...1978-ci ilin yay səhəri idi: avqustun 4-ü. Səhərin yuxusu şirin olur. Uşaq yuxusu isə daha şirin olur. Səkkiz yaşında olan mənim üçün bu yuxu çox dəyərli idi. Anamın yəqin ki, ilk çağırışından oyanmamışdım. Ancaq bacımla məni oyatmaqda israrlı idi,deyəsən. Nəhayət, yeni və maraqlı xəbər yuxumuzu tamam qaçırtdı.
- Oyanın, tənbəllər! Əminiz oğlu dünyaya gəlib.
Xəbərin sevinci sonsuz idi. Gülə-gülə yataqlarımızdan qalxdıq və körpəni görməyə getdik.
...Maşının pəncərəsindən bu dəfə də boz çöllər görünməyə başladı. Yol boyunca əkilmiş həmişəyaşıl ağaclar bu bozluğu örtməyi hələ bacarmırdı. Şirvan Dövlət Qoruğundan başlanan çöllər bitib-tükənmək bilmir, mənim də düşüncələrimi geriyə -- keçmişə fırladırdı.
...Adını atam qoydu: Bəxtiyar! Bu gün adın mənası məni düşündürür: bəxti yar olsun. Yaxşı addır. Görəsən, Bəxtiyar adının mənasında gizlənmiş bu bəxtiyarlığı doya-doya yaşaya bildimi?
Nənəm çox istəyirdi bu sarı-sulu nəvəsini. Əmim Ənvər ailəsindən müvəqqəti ayrılıb elmi işinin arxasınca Bakı şəhərinə gedəndə Bəxtiyar anası Firuzə bacımla (Bizim ailəmizdə böyüklərə müraciətin adəti belə idi) kənddə qalası oldular, məktəb illərinə qədər nənəmin himayəsində yaşadılar.
Bəxtiyar sözəbaxan, sakit, həlim uşaq idi. Anası işə gedəndə vaxtının çoxunu mənimlə keçirərdi. Onunla oynadığım oyunlar bu gün də yaddaşımın bir küncündə ilişib qalıb və bu günlərdə aldığım acı xəbərin təsiri ilə yenidən canlandı elə bil...
Ölüm səbəbini söyləyən əmimi dinlədikcə təəssüfqarışıq hisslər qəlbimə hakim kəsilirdi. "Bəlkə"lər ürəyimi sızıldadırdı. Axı biz insanlar ölümlə barışmaq istəmirik və hər dəfə də Əzrayıl adlı mələyin üstünə günahı yükləyirik. Heç vaxt öz səhvimizi görməkdən gəlmirik. Niyə? Nə üçün? suallarının ağırlığı çiyinlərimizdən basdıqca sanki boğulmamaq üçün saman çöplərindən yapışırıq. Hər bir yaxınımızın ölümü ilə bağlı suallar uzun müddət insana rahatlıq vermir. Amma sonda təslim oluruq. "Qisməti, ömrü bu qəddərmiş" deyib barışırıq.
Çöllərin ipək yolundan keçən hissəsini adladıq. Bundan sonra yolun beli qırılmışdı. Mənzil başına az qalmışdıq. Ancaq xatirələr getdikcə şirinləşirdi və mən yolun bitməsini istəmirdim...
Şəhərə köçəndə məktəb yaşında idi. Buna görə Bəxtiyarın məktəb illərini izləyə bilmədim. Sakit olduğu üçün ürəyinin sözünü, söhbətini də danışmırdı. Müəllimlərlə sinif yoldaşları ilə münasibətinin rəngini bilmədim desəm, təəccüblənirəm öz-özlüyümdə. Bunu da onun sakitliyinə bağlayıram.
Hə, sonra qəbul illəri gəldi. O da çoxları kimi arzularının arxasınca addımladı. Ali təhsil aldı. Dillər Universitetini bitirdi. Həm bakalavr, həm də magistr dərəcələrinə nail oldu. Müxtəlif illərdə müxtəlif yerlərdə çalışdı. Evləndi, oğul-uşaq sahibi oldu.
İki gül balası: Nicat və Ənvər bugünün ağırlığını necə daşıyacaq, görən. Ya da ömür-gün yoldaşı Vəsilə necə dözəcək bu dərdə?..
... Maşın yolu qət etdikcə fikirlərim xatirələrin qucağında mürgüləyirdi. Bu dəfə yadıma 1990-cı ilin 20 Yanvarında yaşadığımız ağır faciə, itki düşmüşdü. 23 yaşlı Tibb Universitetinin tələbəsi əmim oğlu Elçin İmanovun ölümü. Azadlığımız, müstəqilliyimiz yolunda öz canını fəda edənlərin sırasında addımlayan ŞƏHİD qardaşım.
O vaxtlar Bəxtiyar uşaq idi: 12 yaşı vardı. Ancaq 17 yaşında bu hadisərin onda buraxdığı izi mənə danışanda ruhunu sarmış ziddiyyətli fikirlərin burulğanında uşaq yaddaşı ilə necə vurnuxduğunun fərqinə vardım. Hiss etdim ki, əmisi oğlu Elçinin şəhid olması onda həm kədərli, həm də qürurverici hisslər yaradıbmış o vaxtlar. Hər yerdə bu şəhid adını fəxrlə özü ilə daşımasını mənə deyəndə düşündüm ki, bizim nəsil alicənab olmaqla yanaşı, vətənpərvər, dövlətini, Vətənini sevənmiş həm də.
44 günlük Vətən müharibəsində də Bəxtiyarla bəzən həmsöhbət olardım və cəbhədə döyüşən qohumlarımız haqqında təəssübkeşliklə danışması, ümumən, VƏTƏN məfhumunun qəlbində tutduğu yeri anladanda onun "kimliyi" bir daha mənə bəyan olardu. Sakit, həlim, qapalı olan Bəxtiyar çox vətənpərvər idi həm də.
...Maşın dayandı və biz o günün itgili, ağır, faciəli anlarına şərik olmaq üçün tələsdik...
...Artıq o ağrılı gündən bir il ötüb.
Böyük övladın Nicat magistraturanı qardaş Türkiyədə oxumaq üçün yollananda onu uğurlayanlar sırasında SƏN olmadın! Bu da belə yazılıbmış sənin taleyinə, bəxtinə. Övladlarının xeyrini görmədən bu dünyadan köçsən də, gözün arxada qalmasın, qardaşım! Əziz balalarının xeyrini görmək Sənə qismət olmasa da, böyüdüklərindən, isti ailə ortamında olduqlarından nigaran getmədin. İndi həyat yoldaşın Vəsilə xanımın çiyinlərinə düşən yükün altına girmək istəyənlər çoxdur yaxınlarından. Onlardan atan Ənvərlə anan Firuzənin payı daha çox olacaq. Allah valideynlərinə ömür versin. Versin ki, sənsizlikdə övladlarına "sənsizliyi" azacıq da olsa, unutdursunlar. Bacıların Dünya ilə Nərgizin nəmli gözlərinin övladlarının üzərindən çəkilməyəcəyinə əminik. Axı hamı Səni sevirdi...
Qəfil telefonum zəng çaldı. Danışdım və sonra söndürərək yaddaşda olan nömrələri vərəqlədim sövq-təbii. Bu an "B" hərfinin sırasında yazdığım "Bəxtiyar əmioğlu" diqqətimi cəlb etdi. Telefonlarla bağlı son zamanlar məndə yaranan düşüncə yenidən beynimi yordu. Əvvəllər insan övladı dünyasını dəyişəndə onun evində, iş yerində, dostlarının, qohumlarının, tanışlarının arasında, yaşadığı şəhərdə, rayonda, kənddə yeri boş qalardı. İndi bura bir ünvan da daxil olub: kimlərinsə telefonlarının kontaktında ölən insanların nömrələri.
Artıq telefonumun yaddaşında "ölən nömrələr" çoxalır. Mən silmirəm onları. Bəzən yaxınları bu nömrələrə sahiblənərək yaşatmağa çalışırlar "onları". Ancaq başqa adla. Mən isə bu adları dəyişdirmirəm. Eləcə telefonumda yaşadıram: sussalar da...
Sentyabr 2022.