|
|
|
|
Nostradamus 1500-cü illərin ortalarında Fransada yaşamış astroloqdur. Ölümündən dörd əsr yarım keçən astroloqun bu müddət ərzində proqnozlarının dəfələrlə həqiqətə uyğun olmadığı görülsə də dünyada milyonlarla insan hələ də Nostradamusun irəli sürdükləri arasında gələcəyə dair ipucları olduğuna inanır. Bəs niyə hər tərəfə çəkilə bilən bu mətnlər yaşadığımız elm əsrində hələ də bu qədər diqqəti cəlb edir?
Böyük Britaniyanın ən çox satılan qəzetlərindən biri olan “The Guardian”ın 5 iyul 1999-cu il tarixli başlığı çox maraqlı idi: "Nostradamus səhv dedi (Lütfən, qiyamət oldusa bu başlığı görməməzliyə vurun)"
Nostradamusun öngörmələrindən xəbərsiz olanlar yəqin ki, özlərinə sual verəcəklər: “Bu nə cəfəngiyyatdır?”- deyə, amma 16-cı əsrdə yaşamış bu fransız münəcciminin dünyanın sonu üçün verdiyi tarixin 4 iyul 1999-cu il olduğunu bilənlər başlıqdakı zarafatı başa düşdülər.
Üstəlik, digər proqnozlarının əksinə olaraq, Nostradamus dünyanın sonu ilə bağlı çox dəqiq ifadələr işlədib və dəqiq atış deyə biləcəyimiz bir tarix vermişdi: "1999-un yeddinci ayında Dəhşət Kralı göydən gələcək Bu, böyük Anqolmois kralının reinkarnasiyası olacaq"
Nostradamusun mətnlərini mənalandırmaq üçün illərlə çalışan bəzi tərcüməçilərin fikrincə, Dəccal dəhşət kralı olmalı idi.
“Anqolmois” sözünün 16-cı əsrdə fransızca monqollar üçün “Mongolais” sözünün anaqramı olduğuna inananlar da var idi. Onlar bu bəyanatları Avropanın şərqdən gələn xalqlar tərəfindən işğal ediləcəyinə əmin bir işarə kimi görürdülər. Lakin bu şərqlilərin ruslar, çinlilər və ya Çingiz xanın nəslindən olması dəqiq bilinmirdi.
Nostradamusşünas Prof. Alexander Tollmann bu ifadələr o qədər inandırıcı gəlmişdi ki, o təhlükəsizlik üçün aşağı Avstriyadakı bunkerinə çəkilib və günlərlə fəlakəti gözləmişdi.
Əslində bir neçə proqnoza əsaslanaraq 2023-cü ilin Avropa üçün fəlakətlər ili olacağına inananlar artıq hazırlıqlara başlayıblar.
Nostradamus öz öngörmələrində deyirdi: “Böyük Müharibədən yeddi ay sonra insanlar pislərin əli ilə öləcəklər. Rouen və Evreux Kralın hüzuruna girməyəcək”. (Rouen və Evreux Fransanın iki şəhəridir).
Çoxları bu cümlələri Ukrayna müharibəsinin Üçüncü Dünya Müharibəsinə çevriləcəyinə zəmanət kimi şərh edir. Əslində, İngiltərədə nəşr olunan “The Daily Star” qəzetinin astrologiya bölməsi bu yaxınlarda oxuculara belə bir məsləhət vermişdi: "Yeddi aylıq müharibə ilk baxışdan bayram üçün səbəb kimi görünə bilər, lakin Amerika və Rusiya kimi ölkələrin qorxunc nüvə arsenalını nəzərə alsaq, ehtiyatlı olmaq lazımdır”.
Bir sözlə, Nostradamusun proqnozlarına inanma səbəblərimiz günü-gündən azalır. Əslində, Nostradamus sağ olanda belə, gələcəyi proqnozlaşdırmaq üçün etibarlı mənbə hesab edilmirdi. Məlum olduğu kimi, o, 1547-1555-ci illər arasında öz katibinə 942 dördlük diktə etmişdir. Poetik dildə yazılan bu dördlüklərdə gələcəklə bağlı maraqlı proqnozlar var idi. Bununla belə, Nostradamus həmişə muskat qozu yeyirdi, həddindən artıq yeyildikdə hallüsinasiyalara səbəb olduğu bilinir, buna görə də yəqin ki, ağlı başında deyildi.
O, sağ olduğu illərdə daim amansız tənqidlərin, hətta indiki dillə desək, “trolların” hədəfi olub. Məsələn, özünü “Heyvana qarşı fransız” adlandıran Lord Herkules 1558-ci ildə yazdığı “Birinci təhqir” əsərində Nostradamus haqqında belə təsvir edir: “Boş sözlər qışqıran, öz təxminlərini və fantaziyalarını küçələrdə yayan beyinsiz və çılğın bir axmaq."
Nostradamusun dəyəri onun ölümündən sonra artdı desək, yanılmarıq. Onun ilk dəfə 1555-ci ildə "Les Prophéties" (Öngörmələr) adı ilə nəşr olunan dördlükləri o vaxtdan bəri kitab mağazası rəflərindən düşmür.
Həvəskarların fikrincə, kitabda Nostradamusun proqnozları arasında İngiltərə kralı I Çarlzın edamı, Böyük London yanğını, Fransa inqilabı, Napoleon və Hitlerin yüksəlişi və süqutu, ABŞ prezidenti Con Kennedinin qətli, Pakistanın baş naziri Benazir Bhutto, 11 sentyabr hücumları, 2015-ci ildə Parisdə silahlı hücumlar və İngiltərənin yeni kralı III Çarlzın taxtdan əl çəkməsi kimi bir çox mühüm tarixi hadisələr var.
Nostradamusun proqnozları oxucularla tanışlığından 467 il sonra hələ də yaxşı satılır. Bunun son nümunəsi ötən ay İngiltərədə baş verib. Mario Ridinqin "Nostradamus: Gələcək üçün tam öngörmələr" kitabı birdən-birə “Sunday Times”ın ən çox oxunanlar siyahısında birinci yerə yüksəlib. Buna səbəb Nostradamusun bir misrasının Kraliça II Yelizavetanın ölümünə işarə etməsi xəbəri olub. Kitab Kraliçanın ölümündən bir həftə əvvəl cəmi 5 nüsxə satıldığı halda, 11-17 sentyabr həftəsində satışlar 8000-ə çatıb.
İlk dəfə 2006-cı ildə nəşr olunan kitabında Ridinq digər Nostradamus alimlərinin gözdən qaçırdığı bir məqamı vurğulayır. Ridinqə görə, misraların ardıcıl nömrələri mətndə qeyd olunan hadisələrin baş verəcəyi tarixlərə uyğundur. İngiltərədə bir hadisə yaradan 10/22 bəndində aşağıdakı ifadələr yer alır: "Çünki onun boşanmasını qəbul etmirdilər. Gələcəkdə dəyərsiz hesab edilən bir adam. Xalq adaların kralını zorla yerindən qovacaq. Onu heç vaxt padşah olacağı gözlənilməyən bir adam əvəz edəcək".
Ridinqin fikrincə, Britaniya ictimaiyyətinə tanış olmalı olan bu bənd çox geniş nəticələrə işarə edir. Bunlardan başlıcası "Kraliça Yelizaveta təxminən 2022-ci ildə 96 yaşında öləcək". 2017-ci ildə vəfat edən Ridinqin şərhinə görə, bu bənddə Kral Çarlzın "özünə və ikinci arvadına qarşı davamlı hücumlardan yorulacağı" və taxtı tərk edəcəyi deyilir, çünki "İngilis əhalisinin müəyyən bir hissəsi boşandığına görə ondan narazıdır". Ridinq Şahzadə Harrini "Kral olması gözlənilməyən adam" adlandırır. Belə ki, bu şərhə görə, Çarlzdan sonra taxta William deyil, Harri oturacaq.
Digər tərəfdən, Nostradamusun mətnlərinin oxucuya daxili rahatlıq verdiyini söyləmək mümkün deyil. Üstəlik, fəlakətlər daim qeyd olunur, lakin onların səbəbləri heç vaxt qeyd olunmur.
Dördlüklər dönə-dönə oxunur və gözlənilən fəlakətlər haqqında şərhlər verilir. Məsələn, “Buğda o qədər yüksək olacaq ki, insan onu yeyəcək” ifadələrinin Ukrayna müharibəsinin taxıl ticarətinə mənfi təsirindən bəhs etdiyi iddia edilir. Təbii ki, bu məntiqlə adamyeyənlik geniş yayıla bilər, amma inandırıcı görünmür. Nostradamusun proqnozlaşdırdığı digər bir fəlakət iqlim böhranıdır. Buna sübut kimi aşağıdakı sətirlər göstərilir: “Qırx il göy qurşağı heç vaxt görünməyəcək. Quru torpaq daha da quruyacaq və görünəndə böyük daşqınlar olacaq”.
Əlbəttə ki, son vaxtlar çox məşhur olan 5/23 bəndi də var ki: “İki rəqib qarşılaşacaq, başqalarının əksəriyyəti Marsla birləşdikdə Afrika lideri qorxacaq və titrəyəcək ikitərəfli ittifaq donanma ilə bölünəcək". Ridinq 2006-cı ildə nəşr etdiyi kitabında bu sətirləri "qlobal müharibə ilə mübarizə aparmaq üçün bir araya gələn iki güc" kimi şərh edib.
Lakin Ridinqin peşəsini davam etdirən oğlu Lori Nostradamusun sözlərinə fərqli şərh gətirib. Lori Ridinqə görə, "Afrika lideri", Nostradamus Cənubi Afrika əsilli texnoloji milyarder İlon Maska və onun Marsı koloniyalaşdırmaq planlarına istinad edir. Sözügedən misraya başqa bir misranın bir parçası olan “Marsın işığı sönəcək” ifadəsi əlavə edildikdə, Maskın Yerdən Marsa köçmək planlarını işarə edir. Görək Maskın Mars planları 5/23, 2023-cü ilin mayında hansı mərhələdə olacaq...
Malik Atilay