Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov ali təhsil ocağının 2 saylı tədris binasında olub.
525.az-ın universitetin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, tələbələrlə görüşən rektor ali təhsil müəssisəsində həyata keçirilən yeniliklər barədə çıxış edib. Tələbələrin suallarını dinləyən rektor məsələlərin yerindəcə həll edilməsi üçün müvafiq göstərişlər verib.
Sonra görüş universitetin dekan və kafedra müdirlərinin iştirakı ilə davam edib. Görüşdə ADİU-nun rəsmi “facebook” səhifəsində tələbələrin rektora ünvanlandığı suallar, qaldırdıqları problemlər, irad və təkliflər geniş müzakirə edilib. Həmçinin müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində təkliflər dinlənilib.
Rektor müəllim və tələbələr üçün nəzərdə tutulan yeməkxanaya da baxış keçirib. Xidmətin keyfiyyətinin artırılması və qiymətlərin aşağı salınması ilə əlaqədar aidiyyatı strukturlara göstəriş verən Ə. Muradov yeməkxana fəaliyyətinin tam müasir tələblərə çatdırılması barədə tapşırıq verib.