|
|
|
|

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası vətəndaş cəmiyyəti institutlarının inkişafına, vətəndaşların geniş informasiya məkanında ölkənin ictimai həyatında xüsusi əhəmiyyət kəsb edən qanunlar, konsepsiyalar, proqramlar barədə məlumat almasına və müzakirələrdə iştirakına daim diqqət yetirir.
525.az-ın verdiyi məlumata görə, “Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyi“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı həyata keçirdiyi layihə çərçivəsində vətəndaşlara Konsepsiya barədə məlumat verməklə yanaşı geniş ictimai müzakirələr təşkil edib. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi bu layihənin məqsədi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası barədə vətəndaşları məlumatlandırmaq, Konsepsiyada insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması sahələrindəki vəzifələrin ictimai müzakirəsini təşkil etmək, vətəndaşların sosial müdafiə sisteminin qurulması sahəsindəki yeniliklərin müqayisəli təhlilini aparmaq, Dövlətin vətəndaşına göstərdiyi qayğının və diqqətin təbliğinə nail olmaq kimi məsələlərlə bağlı ictimai müzakirələr keçirməkdir. Keçirilmiş tədbirlər zamanı iştirakçılara vətəndaş cəmiyyətində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması sahələrində qarşıya qoyulmuş vəzifələrlə bağlı ətraflı məlumat verilib.
İctimai Birliyin sədri Xanım Əhmədzadə bildirib ki, bu Konsepsiya dövlətimizin ən başlıca prioritet hədəflərindən biri kimi, bu gün əsas müzakirə mövzularından biridir. Böyük əhəmiyyətə malik olan bu strateji sənəd Azərbaycan dövlətinin yeni, daha böyük uğurlarının başlanğıcı və inkişaf proqramıdır. Bu kimi dövlət konsepsiya və proqramlar barədə əhalinin məlumarlanması vətəndaşın öz dövlətinə, hökümətinə inamının, etimadının daha da artmasına xidmət edir, daha uğurlu gələcəyə ruhlandırır, maddi rifahının, sosial durumunun daha yüksək olmasına stimul verir. Sosial təyinatlı mənzillərin sayının artırılması, sosial müavinətlərin unifikasiya edilməsi, onların məbləğlərinin artırılması, uşaqlı ailələrə verilən müavinət sisteminin təkmilləşdirilməsi və bu kimi sosial tədbirlər insan kapitalının inkişafına səbəb olacaq addımlardır.
Cəmiyyətdə bu konsepsiyanın əsas istiqamətləri kimi yer tutan əhalinin sosial təminat və müdafiə sistemi, aztəminatlı ailələrə əlavə dəstək mexanizmləri və s. mövzular haqqında ictimai müzakirələrin aparılmasına sosial ehtiyac var.



