“Qaydalar və nizam-intizam olmadan təlim-tərbiyə baxımından istənilən nəticəni əldə etmək mümkünsüzdür. Bu baxımdan da “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən edəcək”.
525.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov deyib. O vurğulayıb ki, bu qaydalar təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verir.
Bu qaydalara uşaqların fiziki təhlükəsizliyi, onların psixoloji sağlamlığı, məktəbdaxili münasibətlər, şagirdlər arasında münasibət və məktəb kollektivi ilə olan münasibət, əlverişli öyrənmə mühiti və Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti daxildir.
Mövcud qaydalarla bağlı ictimaiyyətin məlumatlılıq səviyyəsini artırmaq məsələsinə toxunan E.Nəsibov bu məqsədlə təhsil işçilərindən ibarət spikerlərin müəyyənləşdirilməsini təklif edib.
Sevinc Qarayeva