|
|
|
|
"Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus bütün varlığı ilə bu torpağa, bu xalqa düşmən kəsilmiş bir fərddir". Bu fikirlərlə mətbuatda Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov Leyla Yunusun NATO-nun ölkəmizdə keçirilən seminarında "siyasi məhbus" iddiası və erməniçilik mövqeyinə münasibət bildirərkən çıxış edib. A. Hüseynov qeyd edib ki, bu adamdan onsuz da başqa cür hərəkət gözləmək lazım deyil: "Ümumiyyətlə, Leyla Yunusdan başqa hansı hərəkətləri gözləmək olar ki? Gəlin onun fəaliyyətini bir daha təftiş edərək, nəzərdən keçirək. Bu adam hələ AXC-Müsavat cütlüyünün iqtidarı dönəmində, məsul vəzifə daşıyarkən, dövlət sirrlərini erməni xüsusi orqanlarına satmaqla məşğul idi. Bütün bunlardan sonra ondan hər hansı bir dövlətçilik addımını atması məncə, çox gülünc səslənər". YAP rəsmisi onu da vurğulayıb ki, Ermənistanda Leyla Yunusu bu ölkənin işğalçılıq siyasətini dəstəkləyən adam kimi tanıyırlar: "Əgər Leyla Yunus hər hansı bir tədbir adı altında işğalçı ölkəyə səfər edib, onların maraqlarını təmin edirsə, demək o, həm xəyanətkar, həm də Azərbaycana qarşı düşmən kəsilmiş şəxsdir. Hesab edirəm ki, onun barəsində aparılan istintaq araşdırmaları hələ çox faktları üzə çıxaracaq".
A. Hüseynov daha bir məqama toxunaraq deyib ki, Azərbaycan bütün sahələrdə güclü inkişaf mərhələsini yaşamaqdadır. Ölkəmiz regionda və beynəlxalq aləmdə söz sahibinə çevrilib. Belə olan halda, bizi istəməyən qüvvələr məhz Leyla Yunusdan, həmçinin, müxalifətin radikal qanadından kifayət qədər istifadə etməyə çalışır: "Leyla Yunus bütün hallarda öz varlığını ermənipərəst qüvvələrə, Qərbin qaranlıq siyasi dairələrinə satıb. Çünki onu milli maraqlar deyil, gəlir mənbəyi, pul-para maraqlandırır. Təbii ki, vicdanını pula satan bir adamdan da yalnız belə addımları gözləmək olar. Pul Leyla Yunus üçün hər şeydir. Ancaq düşünürəm ki, bir gün Leyla Yunusu pulla alıb istifadə edənlər bir gün elə onun özünü də bir kənara atmalı olacaqlar. Çünki güclü, qüdrətli Azərbaycan heç vaxt belə ucuz məsələlərdən təsir görməyib. Yəni sonda Azərbaycana qarşı çıxan qüvvələr də anlayacaqlar ki, onlar boş yerə vaxt sərf edirlər. Bax onda Leyla Yunus bir kənara atılacaq. Buna hər kəs əmin olmalıdır".
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə qeyd edib ki, Leyla Yunusun fəaliyyəti bilavasitə Azərbaycanın əleyhinə yönəlib: "Çünki Leyla Yunusun ümumiyyətlə, Vətən haqqında, şərəf haqqında, vicdan haqqında heç bir məlumatı yoxdur”.
ASDP sədri bildirib ki, ona bu həyatda ən çox lazım olan puldur: "Mən dəfələrlə demişəm ki, ona bu həyatda pul lazımdır". Araz Əlizadə Leyla Yunusun Ermənistanda qəhrəman elan edilməsinə də münasibətini açıqlayaraq deyib ki, son zamanlar cəmiyyətdə axmaqlar ortaya çıxmaqdadır. Belələri daim şöhrət və pul dalınca qaça-qaça vicdanlarını satıblar. Mən burada bir atalar sözünü də xatırlatmaq istərdim. Göstər dostunu, deyim sən kimsən. Bunlar elə ölənə qədər də pul dalınca qaçacaqlar".
PƏRVANƏ



