|
|
|
|

Varşava İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə Berlindən təzminat ödənilməsi ilə bağlı müzakirələri başa çatdırmaq niyyətində deyil.
525.az xəbər verir ki, bu barədə Polşanın Almaniyadakı səfiri Dariuş Pavloş məlumat verib.
"Həqiqətən də federal hökumət məsələni hüquqi baxımdan bağlı hesab edir. Biz bununla razı deyilik”, - deyə o, Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində bildirib. Diplomat qeyd edib ki, müharibə illərində Polşa əhalisinin üçdə birini itirib və sonradan təzminat tələblərini həll edə biləcək razılaşma hazırlanmayıb. Pavloşun sözlərinə görə, Varşavanın mövqeyi təsirli ictimai dəstəyə malikdir və buna görə də vəziyyətin 2023-cü il seçkilərindən sonra kəskin şəkildə dəyişəcəyini güman etmək sadəlövhlükdür.
Bundan əvvəl, dekabrın 6-da Polşa Xarici İşlər Nazirinin müavini Arkadiuş Mularçik Varşavanın təzminatla bağlı dialoqa açıq olduğunu qeyd edib və məsələnin diplomatiya yolu ilə həll olunacağına inanmağı təklif edib. Noyabrın 23-də isə Polşanın 50 ölkəyə Almaniyadan təzminat almaq hüququnu izah edən nota göndərdiyi bildirilib.
Oktyabrın 28-də Polşa Xarici İşlər Nazirliyi İkinci Dünya Müharibəsindən dəymiş ziyana görə Almaniyaya qarşı iddiaların tam siyahısını dərc edib. 6,2 milyard zloti (təxminən 1,3 trilyon ABŞ dolları) məbləğində maddi və qeyri-maddi itkilərə görə alman təcavüzü qurbanlarına və onların ailələrinə kompensasiya ödəniləcəyini, Polşada yerləşən mədəni sərvətlərinin qaytarılması üçün tədbirlər görülməsini elan edib.
Həmçinin, Varşava Polşa dövlət banklarının aktiv öhdəliklərinin qaytarılmasını tələb edir. Varşavanın dəfələrlə Almaniyadan İkinci Dünya Müharibəsi zamanı dağıntı və itkilərə görə təzminat kimi təxminən 1,3 trilyon dollar tələb etmək niyyəti sentyabrın 1-də məlum olub.
Qeyd edək ki, Almaniya hökuməti də öz növbəsində ödəniş etmək niyyətində olmadıqlarını vurğulayıb. 1953-cü ildə Polşanın əlavə təzminatlardan imtina etdiyini və bu imtinanı dəfələrlə təsdiqlədiyini bildiririb. 2022-ci ilin sentyabrında Almaniya kansleri Olaf Şolts Polşaya müharibə təzminatlarının ödənilməsi məsələsinin bağlandığını söyləyib.
Havar Şəfiyeva



