Fransada cəryan edən son hadisələr, etiraz aksiyalarına səbəb olan insanların üzləşdikləri çox sayda sosial problemlər onu göstərir ki, başı digər ölkələrin daxili işlərinə müdaxilə etməyə qarışan Makron hakimiyyəti öz xalqının problemlərinin həlli ilə məşğul olmaq istəmir. Dünyaya demokratiya, insan haqları dərsi keçən Fransa dinc aksiya iştirakçılarına qarşı da elə öz "prinsiplərinə" uyğun hərəkət edir. Belə ki, sosial tələblər səsləndirən insanlara zor tətbiq edilir, həbs olunurlar, polis onların üzərinə atlarla hücum edir, gözyaşardıcı qazlardan, dəyənəklərdən istifadə edir. Eyni ssenari bir sıra digər Avropa ölkələrində də tətbiq olunur. Amma Fransa həmişə olduğu kimi, bu məsələdə də bir addım "öndədir". Sosial tələblər irəli sürən "Sarı jiletlərə" qarşı Fransa hakimiyyətinin amansız davranışı hər kəsə məlumdur.
Yada salaq ki, ötən həftədən başlayaraq bu ölkədə pensiya yaşının artırılması tətillərə və etirazlar aksiyalarına səbəb oldu. Fransada illər əvvəl pensiyaya çıxma yaşı 60-dan 62-yə qaldırılıb. İndi isə, yaş həddinin 62-dən 64 yaşa qaldırılması ilə bağlı layihə gündəmə gətirilib. Həmkarlar ittifaqları da pensiya yaşının artırılmasına qarşıdır və bu məsələdə həmrəylik nümayiş etdirirlər. Fransada işsizlik səviyyəsi yüksəkdir və bu məqam da insanların etirazlarına səbəb olub. Makron hakimiyyəti əhalinin problemlərini həll etmək əvəzinə, digər ölkələrdə öz təsir gücünü artırmaq üçün böyük vəsait sərf edir ki, bu da dövlətin borclarının artmasına səbəb olub. İndi xalqın cibinə girməklə bu borcları kompensasiya etməyə çalışır. Xalq Makron hakimiyyətindən vəziyyəti dəyişmək üçün təcili addımlar atmağı gözləyir. Əks halda, Makron elə xalqın istəyi ilə hakimiyyətdən getməli olacaq. Ümumiyyətlə, Emmanuel Makron Fransanın tarixində ən uğursuz dövlət başçısı hesab olunur. Onun siyasəti qarşıdurma yaratmaq, digər ölkələrin daxili işlərinə burun soxmağa hesablanıb. Müstəmləkəçilik, işğalçılıq siyasəti Fransa tarixi üçün qara ləkədir. Bu ölkə təkcə Əlcəzairdə 1,5 milyonlarla günahsız insanın qatilidir. Amma Makron öz addımları ilə bu gün də bu xəttindən əl çəkmək niyyətində olmadığını nümayiş etdirir. Məsələn, onun bu gün hər vasitə ilə Cənubi Qafqaza soxulub, burada təsir rıçaqları yaratmağa çalışması dediyimizin sübutudur. Fransa işğala, separatizmə dəstək verir. Elə bu günlərdə prezident Emmanuel Makron öz sarayında erməni əsilli terrorçuları qəbul etməsi bir sıra haqlı suallar yaradır. ASALA terror təşkilatının rəhbəri Ara Toranyan və terrorçu Murad Papazyanla Makronu nə birləşdirir? Əlbəttə ki, bu, Makronun Azərbaycana sərgilədiyi düşmənçilik mövqeyindən irəli gəlir. Əslində isə Fransa bu addımları ilə bir daha hansı mövqedə, mahiyyətdə olduğunu nümayiş etdirir. Vətən müharibəsi günlərində və ondan sonrakı müddətdə Fransa Azərbaycana qarşı qərəzli siyasət aparıb, regionda yaranmış yeni əməkdaşlıq imkanlarının reallaşdırılmasının qarşısını almaqla məşğul olub. Makron hakimiyyətinin siyasəti yalnız və yalnız gərginliyə, qarşıdurma yaratmağa, sülhü pozmağa hesablanıb. Təəssüf ki, öz "pozucu siyasətinə" Avropa İttifaqını da alət etməkdədir. Avropa İttifaqının Ermənistana yeni monitorinq missiyası göndərməklə bağlı qərarı da məhz Fransanın oyununun nəticəsidir. Azərbaycana qarşı planlar düşünüb, regionu qarışdıracaq siyasi oyunlara əl atan Makron öz ölkəsindəki problemləri görmək, onları həll etmək İstəmir. Məsələn, bu günlərdə Azərbaycan mətbuatına açıqlama verən fransalı jurnalist-rejissor Jan Mişel Brən deyib ki, polis zorakılığı Fransada təkrar-təkrar baş verən problemlərdən birinə çevrilib: "Keçən həftə sülh şəraitində etiraz aksiyası keçirən əhaliyə qarşı polis növbəti dəfə dəyənəklərdən istifadə etdi. Polis dəyənəyi nəticəsində yaralanaraq təcili surətdə əməliyyat olunan bir şəxs artıq məhkəməyə müraciət edib. 2020-ci ildəki etiraz aksiyaları zamanı da Fransa polisi zorakılıq aktları nümayiş etdirmişdi. O zaman ölkə prezidenti Emmanuel Makron və daxili işlər naziri polis zorakılığını nümayiş etdirən videoların sosial şəbəkələrdə geniş surətdə yayıldığını gördükdən bu hala reaksiya vermişdilər. Onlar belə halların bir daha baş verməməsi üçün müvafiq tədbirlər görəcəklərinə söz vermişdilər. Lakin təəssüflər olsun ki, bu hallara son qoyulmayıb. Özünü demokratik adlandıran bir ölkədə polisin dəyənəkdən istifadə etməsi yolverilməzdir".
Onun sözlərinə görə, Makron əhalinin istəyinin ziddinə gedərək seçkiqabağı kampaniyasındakı proqramını hər vasitə ilə həyata keçirməyə çalışır. Fransada təqaüd sistemindəki dəyişikliklərə etirazlarını bildirmək üçün yanvarın 19-da ölkənin böyük şəhərləri olan Paris, Marsel və Lionda təşkil olunmuş nümayişlərdə insanların sayı bir milyon yarımı ötüb. Makron bu çoxsaylı etirazlara baxmayaraq, seçkilər zamanı təqdim etdiyi proqramını həyata keçirəcəyini, təqaüd sistemində nəzərdə tutulmuş dəyişiklikləri reallaşdıracağını bir daha təsdiq etdi. Jurnalist xatırladıb ki, Makron prezident seçkilərinin səhəri günü vətəndaşların çoxsaylı səslərini toplamasını seçkiqabağı kampaniya zamanı təqdim etdiyi proqramının olmadığını boynuna alaraq, əskina, ekstremist sağçıların hakimiyyətə gəlməsinə mane olmaq üçün seçildiyi faktını qəbul etmişdi. O hesab edir ki, bu gün ölkə prezidentinin seçkiqabağı kampaniyasındakı proqramını hər vasitə ilə həyata keçirməyə çalışması antidemokratik siyasət yürütdüyünü göstərir.