|
|
|
|

İranda 1979-cu ilin fevralında baş vermiş İslam İnqilabının 44-cü ildönümü tamam olur. Bu inqilabla hakimiyyətə gələn molla rejimi 44 il ərzində xalqa nə verdi? Bir sözlə ifadə etsək, rejimin verdiyi yalnız və yalnız zülm oldu. İrandakı xalqlar 44 ildir ki, zülmün, əsarətin, işgəncənin altındadır. İran insanlar üçün həqiqətən də bir həbsxanaya çevrilib. Rahat nəfəs almaq belə mümkün deyil. Bəs islahat, demokratiya, azadlıq, bütün millətlərin hüquqlarının qorunacağına dair vədlər verən rejim xalqı niyə aldatdı? Niyə öz vətəndaşlarının düşməninə çevrildi? Onlara silah tuşladı, işgəncələrlə öldürdü, haqqını tələb edəni dar ağacından asdı? Konstitusiyada belə əksini tapmasına baxmayaraq, Güney azərbaycanlılar başda olmaqla, digər bütün millətlərin hüquqlarını pozdu. Onların dilini, mədəniyyətini, bir sözlə, kimliklərini yox etməyə çalışdı. İstisna yalnız bu ölkədə yaşayan az sayda ermənilərə şamil edilir.
Yuxarıdakı suallara aydınlıq gətirməzdən əvvəl qeyd edək ki, İranda şah rejiminə qarşı başlayan genişmiqyaslı etirazlar Pəhləvilərin sonunu gətirdi. Avropa və ABŞ-la yaxın əlaqələrə malik olan Rza şah artan etirazlar fonunda 1979-cu ilin yanvarında ailəsi ilə İrandan qaçdı. Lakin onların təyyarəsini ABŞ qəbul etmir. Belə olan halda, şah ailəsi ilə Qahirəyə uçmaq məcburiyyətində qalır.
1979-ci il fevralın 1-də Ayətulla Ruhulla Xomeyni İraq və Fransada 14 illik sürgün həyatından sonra, rejimə müxalif qismində geri qayıdır. 1979-u il 1 aprel tarixində referendumdan sonra İran İslam Respublikası elan olunur. 1980-ci ilin yanvarında Əbulhəsən Bani-Sədr İslam Respublikasının ilk prezidenti seçilir. Həmin ilin iyulunda sürgündə olan şah, Misirdə xərçəng xəstəliyindən ölür. 1989-cu il iyunun 3-də Ayətullah Xomeynini öləndən sonra həmin il iyunun 4-də prezident Xameneyi yeni ali lider elan olunur. Rejimin əsl mahiyyətinin ortaya çıxması üçün çox zaman tələb olunmur. 1979-cu il 4 noyabrda Tehrandakı ABŞ səfirliyinə hücum olur və 52 amerikalı əsir götürülür. Onlar ABŞ-da müalicə alan şahın İranda məhkəmə qarşısına çıxarılması üçün ekstradisiyasını tələb edirdilər. Sonrakı illərdə rejimin terror, pozuculuq, şovinst mahiyyəti daha açıq şəkildə ortaya çıxır. Molla rejimi getdikcə daha qorxunc, daha təhlükəli olur. Öz çirkin ideologiyasını reallaşdırmaq üçün dindən sui-istifadə edir. 1995-ci ildə ABŞ İrana terrorizmi dəstəkləməsi, nüvə silahı əldə etməsi və Yaxın Şərqdəki proseslərə qərəzli münasibəti əsasında neft və ticarət sanksiyaları tətbiq edir. Rejim bu gün də eyni siyasəti aparır, həm terrora dəstək verir, eyni zamanda, nüvə silahı əldə etmək istiqamətində fəaliyyətini genişləndirir.
Molla rejimi hakimiyyətə gəldikdən sonra ona ilk etiraz edən məhz güneyli soydaşlarımız oldu. Ümumiyyətlə, Güney azərbaycanlıların mübarizəsi hər zaman davam edib. 1905-ci il Səttərxan, daha sonra Şeyx Məhəmməd Xiyabani hərəkatı, Pişəvəri dövründə də, yəni 1945-ci ildə Güney azərbaycanlılar yenidən meydana çıxıb, öz milli hökumətlərini qurdular. Həmin hökumət bir ildə çox iş gördü. Azərbaycanın milli hökuməti, Milli Məclisi, milli qoşunu oldu. Qadınlara kişilərlə bərabər hüquqlar verildi. Dilimiz rəsmi dövlət dili oldu. Lakin Pəhləvi rejimi onu dəstəkləyən xarici imperalist qüvvələr vasitəsilə Azərbaycan milli hökumətini devirdi. Güney azərbaycanlılar rejimin şiddət, assimilyasiya siyasətinə baxmayaraq, öz dilini, kimliyini, milliyyətini yaşatmağı bacarıb. Nəhayət bu gün də İranda rejim əleyhinə 5 aydan çoxdur davam edən etirazların önündə gedirlər. "Azadlıq, ədalət, milli hökumət" şüarı ilə mübarizəni davam etdirirlər. İran rejimini qorxudan da məhz bir gün Güney Azərbaycanın müstəqil olacağı, Quzey Azərbaycanla əlaqələri sıxlaşdırıb, bütöv Azərbaycanın qurulmasıdır. Buna görə də Güney Azərbaycan torpaqlarına artıq sərmayə qoyulmasını qadağan ediblər. Hələ İranın xarici işlər naziri olmuş, hazırda ali rəhbərin müşaviri Əli Əkbər Vilayəti yayılmış bir səs yazısında bunu açıq şəkildə deyib. Eyni zamanda, rejim güneylilərin öz torpaqlarından köçməsi üçün məqsədli şəkildə iş aparır, ekoloji problemlər yaradır. Sonuncu Xoy zəlzələsi zamanı rejimin davranışı, insanlara heç bir kömək göstərməməsi də bunun sübuta ehtiyacı olmayan nümunəsidir.
SSRİ-nin çökməsi və Azərbaycanın müstəqillik əldə etməsini İran böyük bir faciə kimi qəbul etdi. Torpaqlarımızın işğal altında olduğu müddətdə İran rejimi Azərbaycana düşmənçiliyini açıq şəkildə tam büruzə vermir, amma Ermənistana hərtərəfli dəstəyini davam etdirirdi. Bununla da işğalın 30 ilə yaxın davam etməsinə rəvac verdi. Eyni zamanda, işğaldakı ərazilərimizi, insanlarımızın mal-mülkünü ermənilərlə birgə talan etdi. Özünü "müsəlmanların təəssübkeşi", İslam Respublikası adlandıran bu ölkə məscidlərimizin, məzarlıqlarımızın dağıdılmasına, təhqir edilməsinə səsini çıxarmadı. Azərbaycan işğala son qoyduqdan sonra isə artıq molla rejimi daha uca səslə danışmağa başladı. Elə düşündü ki, sərhədimizdə hərbi təlim keçirməklə, İrəvanla yaxınlaşıb, Qafanda konsulluq açmaqla, mütəmadi rəsmi səfərlərlə və digər təxribatçı addımlarla Azərbaycanı qorxudacaq. Təlimə təlimlə, digər addımlarına artıqlaması ilə cavab alan rejim səfirliyimizə hücum kimi ən çirkin, düşməncəsinə və xain planı həyata keçirdi. Xain plan nəticəsində səfirliyimizin bir əməkdaşı qətlə yetirildi. Bununla da qırmızı xətləri keçən İran terror və qorxunc mahiyyətini növbəti dəfə dünyaya nümayiş etdirdi. Səfirliyimizin binasına edilən terror hücumundan sonra İran rejiminin davranışları, eyni zamanda, Azərbaycanın rəsmi olaraq açıqladığı məlumalar rejimin burada iştirakçılığını tam şəkildə istisna etmədi. İran nəinki bu istiqamətdə əməli iş gördü, əksinə, terror hücumunu əvvəl məişət müstəvisinə yönləndirdi, sonra da elan etdi ki, həmin şəxs psixi xəstəymiş. Yəni bununla da "terroru dövlət edib və onu araşdırmaq niyyətində deyilik" mesajını verdi. Bununla itirən də rejim özü oldu. Çünki münasibətlərin indiki həddə çatmasında birbaşa İran dövləti günahkardır.
Bu gün rejimə qarşı xalq ayaqdadır. Beş aydan çoxdur ki, etirazlar davam edir. Görünən odur ki, rejimi heç nə xilas etməyəcək. Sadəcə gedişi bir qədər vaxt ala bilər. Amma xalq artıq mollaların fətvasını verib. Təkcə soydaşlarımız deyil, ərəblər, bəluclar, kürdlər, bir sözlə, İranda yaşayan 40-a yaxın xalq artıq rejimin zülmü altında əzilmək, təhlükəsizlik qüvvələri adlandırılan, əslində isə xalq üçün təhlükənin özü olan SEPAH-ın, Bəsic-in zorakılıqlarına dözmək niyyətində deyil.
Beləliklə, 15 illik sürgündən sonra 44 il əvvəl "Şah qaçdı? İmam gəldi" şüarı ilə qarşılanan və İslam inqilabı adlandırılan prosesə rəhbərlik edən Xomeyni az keçmədi ki, imamsız, dinsiz olduğunu xalqa göstərdi. İmanı, dini olan heç vaxt xalqa silah tuşlatmaz, günahsız insanları həbsə atıb, işgəncə, zülm verməz. Dindən öz mənfur məqsədləri üçün istifadə etməz.
Nəhayət, Azərbaycan xalqı üçün 44 rəqəmi xüsusi məna daşıyır. Məhz 44 gün ərzində şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi. Ümid edirik ki, 44 ildir əsarət altında inləyən İrandakı 85 miyon xalqın, o cümlədən, 40 milyona yaxın soydaşımızın nəhayət 44 illik zülmünə elə bu il son qoyulacaq.



