|
|
|
|

Ermənistanın İranla birgə Azərbaycana qarşı yeni hərbi təxribat planı hazırladığına dair məlumatlar yayılıb. Hər iki ölkənin Azərbaycana münasibəti nəzərə alınsa, təbii ki, təxribat planı heç bir şübhə doğurmur. Diplomatik mənbələrin məlumatında vurğulanır ki, təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək. Məlumata əsasən, hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş və xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşdirilib və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır. Əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycan tərəfində bölmə komandirləri və hətta SEPAH-ın diversiya qrupunun bəzi döyüşçüləri haqqında da dəqiq məlumatlar var. Daxil olan məlumata əsasən, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Yada salaq ki, ötən ilin ortalarında 30 iranlının Laçın yolu ilə Qarabağa gəldiyi və indi də orada olması faktlarla sübut olunub. Sonrakı araşdırma onların da SEPAH ilə əlaqəli olduğunu təsdiqləyir.
Bu məlumat bir daha onu göstərir ki, Ermənistan İran və Fransanın təsiri ilə sülh prosesindən, qalan məsələlərin həll edilməsindən yayınır. İran müharibədən sonra regionda yaranmış yeni fürsətlərin reallaşmasına, Zəngəzur dəhlizinin açılmasına mane olur, bunu özünün "qırmızı xəti" elan edir. Bir neçə gün əvvəl molla rejimi Ermənistandakı səfiri vasitəsilə Zəngəzur dəhlizi əleyhinə yenidən bəyanat verib.
Brüssel prosesini pozan Fransa isə hər vəchlə regiona soxulmağa cəhd edir və bunu Avropa İttifaqı vasitəsilə etməyə çalışır. Bu ilin yanvarında Aİ ölkələrinin xarici işlər nazirləri Ermənistana iki illik müşahidə missiyası göndərmək qərarını təsdiqləyiblər. Fevralın 20-də isə Fransadan 8 jandarmanın daxil olduğu Aİ missiyası Ermənistanda (Azərbaycanla sərhəddə) işə başlayacaq. Bu barədə Avropa Parlamentinin fransalı üzvü Natali Luazo bildirib.
Azərbaycana qarşı təxribat planının gerçəkləşəcəyi təqdirdə, regionda gərginliyi əsas gətirərək Fransa burda əl-qol aça bilərmi? Ümumiyyətlə, qeyd edilən təxribat planının reallaşması mümkündür və Azərbaycanı genişmiqyaslı təxribatlar gözləyirmi?
Milli Məclisin deputatı Rasim Musabəyov "525"ə şərhində hansısa təxribatların törədilə biləcəyini istisna etməyib, amma onların geniş xarakter almayacağını da vurğulayıb. Onun sözlərinə görə, Ermənistan İranla yaxınlaşmaqdan ehtiyat edir. Çünki İrəvanın Qərbdən böyük asılılığı var: "Bunların qibləsi qərbdədir. İran isə sanksiyalar altındadır və dünyadan təcrid olunub. Ona görə də düşünürəm ki, Paşinyan hökuməti İranla birgə Azərbaycana qarşı açıq şəkildə və geniş təxribatlardan ehtiyatlanar. Təhlükə deyə bilmərəm, amma müəyyən təxribatlar təşkil oluna bilər".
Deputat Ermənistanın Avropa İttifaqı missiyasının, o cümlədən, onların tərkibində fransız jandarmaların sərhədə gətiriləcəyi haqda xəbərlərə də toxunub. Onun sözlərinə görə, bu, daha çox Ermənistanın Rusiya ilə münasibətlərinə kölgə salan bir amildir: "Səkkiz fransız jandarman missiyanın tərkibində olacaq. Azərbaycan təhlükəsizlik baxımından onları heç nəzərə almır. Nə qələt edirlər, etsinlər".
İranın son addımları, eyni zamanda, Emənistandakı səfirinin açıqlamalarına da diqqət çəkən R.Musabəyov deyib ki, İran səfiri çox böyük səhv elədi: "Tərsinə silləni gedib özlərinin əmmaməli mollalarına vursun. İranın Azərbaycana münasibəti onsuz da bəllidir, o, bu sözlərlə yeni nəsə ortaya qoymasa da, həddini bilməlidir. Biz İran hökumətindən konkret izahatlar gözləyirik. Elan etdilər ki, səfirliyimizə avtomatla hücum edən şəxs psixdir. Əlbəttə ki, rəsmi Bakı İran hökumətinin bu məsələdə seyrçi mövqeyi il bağlı izahat tələb edir. İran polisi, təhlükəsizlik xidmətləri nəinki hadisənin qarşısını aldı, əksinə terror aktına yol açdılar. Bunun izahatını, terror aktını törədənlərin cəzalandırılmasını gözləyirik. Bu olmadan inamıram ki, Azərbaycan İrandakı səfirliyi fəaliyyətini bərpa etsin".
Ermənistana gəlincə, deputat deyib ki, xarici işlər səviyyəsində bilavasitə görüşlər keçirilməsə də, amma proses davam edir. Yəni müvafiq sənədlər üzərində işlərin həyata keçirilməsi aparılır: "Hesab edirəm ki, yaxın zamanlarda xarici işlər nazirləri səviyyəsində görüş təşkil oluna bilər".
Deputat İran rejiminin Azərbaycanla danışıqların irəli aparılmasında Ermənistana təsirindən də söz açıb: "İndiyə kimi hansısa məsələdə İranın müsbət təsirin görmüsünüz? Əlbəttə, yox. Təcrid olunmuş bir dünyadır, orta əsrlərin təfəkkürü ilə yaşayan insanlar onu idarə edir. Gedib ermənilərlə qucaqlaşırlar, amma sadəcə olaraq gücsüz bir vəziyyətdədirlər. Bunu ona görə edirlər ki, İrandan başqa heç kim onlara kömək etməyə hazır deyil. Eyni zamanda anlayırlar ki, bu, uzadılmış əl elə ermənilərin özlərinə çox baha başa gələ bilər".
R.Musabəyov İran, Ermənistan və Fransanın regionda Azərbaycana qarşı hansısa addımlar ata biləcəyinə də aydınlıq gətirib: "Sözdə nəsə edə bilərlər. Əmələ gəldikdə isə Fransanın İranla birgə hərəkət edəcəyini düşünmürəm. Heç Ermənistan da İranla birgə hərəkət etmək iqtidarında deyil. Yəni təsəvvür etmək ki, Fransanın hərbçiləri Ermənistan və İranın hərbçiləri ilə birgə Azərbaycanın üstünə yeriyirlər, bu, qeyri-mümkündür".



