|
|
|
|

Ötən həftə Qarabağı tərk edən, özünü separatçılarının qondarma "dövlət naziri" elan etmiş milyarder Ruben Vardanyanın hələ də Moskvada olduğuna dair məlumatlar var. Rusiya sülhməramlılarının çirkli əşyaları olan maşında qaçan Vardanyanın yenidən Qarabağa qayıda bilməsi ehtimalı azdır. Bu fikri Vardanyan layihəsinin uğursuz olması ilə əsaslandırmaq mümkündür. Digər tərəfdən, rəsmi Bakının tələblərindən biri məhz Vardanyanın Qarabağdan getməsi idi. Azərbaycan Qarabağ ermənilərinin nümayəndəsi qismində heç vaxt Vardanyanla danışıqlar aparmayacağını birmənalı olaraq bəyan etmişdi. Ancaq onun yeni təlimatlar almaq məqsədilə Moskvaya çağrıldığını da söyləmək olar. İstənilən halda, Moskva Azərbaycanın bu məsələdə mövqeyini bilir və atacağı addımları da öncədən hesablamalıdır.
Politoloq Fikrət Sadıqov mövzunu "525"ə şərh edib. Onun sözlərinə görə, Ruben Vardanyan Qarabağa müəyyən bir missiya ilə gəlmişdi və göndərilən qüvvələr tərəfindən də bu istiqamətdə təlimatlar almışdı. Ötən dövr ərzində Vardanyan çox çalışdı, amma onun bu missiyası heç bir nəticə vermədi. Politoloqa görə, bir tərəfdən Qarabağın özündə ermənilər ona qarşı çıxış etdilər, separatçı rejimin rəhbəri Araik Arutunyanla münasibətləri normal vəziyyətdə deyildi, eyni zamanda Ermənistanın özündə şəxsən baş nazir Nikol Paşinyan tərəfindən ona qarşı bir sıra narazılıqlar nümayiş olundu: "Çünki hamı başa düşürdü ki, Vardanyan Qarabağa müəyyən məqsədlə göndərilib, ordan çox güman ki, İrəvana qayıdacaq və Paşinyanın yerini tutacaq. Ona görə ki, Moskva artıq Paşinyana inanmır. Paşinyan ikiüzlülük nümayiş etdirir, Qərblə müxtəlif ssenarilər çərçivəsində oyunlar oynayır. Bu mənada Vardanyan təbii ki, Moskva üçün daha əlverişli fiqurdur".

F.Sadıqov düşünür ki, Vardanyanın Moskvaya getməsini iki variantla əlaqələndirmək olar: "Birincisi, bu o deməkdir ki, Vardanyanın missiyası artıq sona yetib və faktiki olaraq heç bir nəticə verməyib. İkincisi, ola bilsin ki, Moskvadan yeni təlimatar alıb. Ondan yeni bir ssenari çərçivəsində istifadə edəcəklər. Yəni bütün hallarda bizim də ona təzyiqimiz kifayət qədər böyük olub. Rəsmi Bakı bir neçə dəfə elan etdi ki, Qarabağa aidiyyatı olmayan şəxslə heç vaxt bir masa arxasında əyləşməyəcək, onunla heç bir təmas qurmayacaq, danışıqlar aparmayacaq. Düşünürəm ki, onu Qarabağdan qaçıran qüvvələr bizi yaxşı eşidə bilib".
Vardanyanın Nikol Paşinyanın yerinə hazırlanması və gətirilməsi nə dərəcədə mümkündür?
Politoloqa görə, əslində bu, real bir mənzərəyə oxşayır. Çünki Paşinyan artıq nəzarətdən çıxıb. İrəvanda və digər şəhərlərdə Rusiyaya qarşı nümayişlər təşkil edir, Qərblə yaxınlaşır, Avropa İttifaqı müşahidə missiyasını ölkəyə dəvət edir, yəni Rusiyaya zidd olan addımlar atır. Bu mənada görünür ki, Moskva Vardanyana bəslədiyi ümidi hələ itirməyib. Ola bilsin ki, yeni bir mərhələ baş versin, yəni Vardanyanın Ermənistana qayıdışı ilə bağlı yeni ssenari cızılsın. Amma bu, yaxın günlər üçün real görünmür. Ona görə ki, Vardanyanın Ermənistanda hakimiyyətə gəlməsi üçün bu şəxsi ölkənin özündə dəstəkləyən qüvvələr olmalıdır. Belə qüvvələr hazırda müşahidə olunmur.
Moskvanın hazırda Araik Arutunyanı daha çox dəstəkləməsi ilə bağlı erməni mediasının yazdıqlarına gəlincə, politoloq deyib ki, o, qarabağlıdır və siyasi addımları da Moskvanın təlimatlarından asılı olacaq: "Biz başa düşürük ki, Arutunyan özünü separatçı bir rejimin rəhbəri elan edib. Onun Azərbaycana qarşı cinayətləri kifayət qədər çoxdur. Eyni zamanda başa düşürük ki, orada bir sıra müəyyən dairələrlə kontakt yaratmaq başladılan prosesin irəli getməsi naminə atılan addımlardan olacaq. Həmçinin, Moskva da başa düşür ki, Arutunyanla Vardanyan arasında müəyyən uçurum var. Bunların mövqeyi də fərqlidir, missiyası da fərqlidir. Məsələn, mən düşünmürəm ki, Arutunyana İrəvanda Paşinyanın yerini tutmaq missiyası tapşırılıb. O hələ elə güclü siyasətçi də deyil. Amma hazırkı hadisələr - Laçın-Xankəndi yolunda ekofəallarımızın davam edən aksiyaları, Vardanyanla münasibətlərin kəskin pozulması, eyni zamanda Moskvanın vasitəçi kimi çıxış etmək rolunu nəzərə alaraq Ermənistanla Azərbaycanı danışıqlar masası arxasına əyləşdirmək istəyi, yəni prosesi bərpa etmək niyyəti fonunda əlbəttə ki, Araikə yeni təlimatlar verirlir, yeni bir istiqamət cızılır. Hesab edirəm ki, onlar bu ssenari çərçivəsində çıxış etməlidir. Çünki birmənalı şəkildə reallıq odur ki, Moskva hazırkı Ermənistan rəhbərliyinin addımlarından narazıdır. Yuxarıda qeyd etdiyim kimi, Aİ ilə yaxınlaşma, Rusiya əleyhinə mitinqlər, danışıqlardan imtina etməsi, digər Avropa ölkələri ilə yaxınlıq və başqa məsələlər burda öz rolunu oynayır. Ermənistanın addımları artıq Rusiyanın boyunduruğundan çıxmaq deməkdir. Bunu da Moskva normal qəbul edə bilməz".
Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı, talanması, ekoloji mühitə vurulan ziyana etiraz olaraq Laçın-Xankəndi yolunda davam edən aksiyaların Vardanyanın qaçmasında, ümumiyyətlə proseslərin gedişinə təsir baxımından hansı rolu var?
F.Sadıqov hesab edir ki, təbii ki, bu aksiyalar nəticəsini göstərir: "Bu, ictimai müstəvidə müəyyən bir təzyiq aksiyasıdır. Hər halda ilkin məlumatlara görə, Azərbaycan mədənlərində Vardanyanın təşkil etdiyi qanunsuz işlər artıq dayandırılıb. Onlar bizim mütəxəsisslərin əraziyə daxil olmasına imkan verməsələr də, başa düşürlər ki, hər an öz ərazimizə daxil ola bilərik. Bu, Qarabağ separatçılarına böyük ictimai təzyiqdir. Hesab edirəm ki, bütün bu proseslərə həmin o uzunmüddətli aksiyalar öz təsirini göstərdi və heç də şübhə etmirəm ki, bundan sonra da aksiyalar əhəmiyyətli rol oynamağa davam edəcək".



